18+
реклама
18+
Бургер менюБургер меню

Теодор Адорно – Minima Moralia (страница 9)

18

Kinoda həftəlik dünya xəbərləri: Mariana adalarının işğalı, Guam da daxil. Yaratdığı təəssürat savaşa yox, inşaat mühəndisliyinə və sonsuz bir ciddilik və konsentrasiya ilə öhdələnən yol-qazıntı işiylə əlaqəlidir. Bir də buxarlı dezinfeksiyaya, bəşəri ölçüdə başladılmış böcək öldürmə əməliyyatına. Əməliyyat davam etdiriləcək. Torpaqda ot bitməyənə qədər. Düşmən burada xəstə və cəsəd rolundadır. Eynilə, faşist dövlətdə yəhudilər kimi, o da təkcə texniki və inzibati prosedurların obyekti olaraq hesaba qatılır; müdafiəyə keçəsi olanda isə öz davranışları eyni xüsusiyyəti daşıyır. Bütün bunlarda şeytanın əməllərini xatırladan bir cəhət var: köhnə tərz savaşlara nəzərən bu cür əməliyyatlar daha çox şey tələb edir; Subyektsizlik halına çatmaq üçün subyektin bütün enerjisini istifadə etməsi lazımdır. Mükəmməlləşmiş insansızlıq, Eduard Qreyin (1) xeyli insanca xəyalının gerçəkləşməsidir. Nifrətsiz savaş.

34

Xəyalpərəst Hans (1) – Biliyin hakimiyyətlə münasibəti təkcə xidmətçiliklə deyil, həm də həqiqətlə əlaqəlidir. Əksər bilik, əgər güc münasibətiylə nisbətdə deyilsə, forma cəhətdən nə qədər düz olursa olsun, yenə də keçərsizdir. “Hitler mənim üçün pataloji hadisədir” – qaçqın həkimin bu sözləri klinik kəşflərlə təsdiqlənə bilər, qaçqın həkim paranoyak adıyla dünyaya urcah edilən obyektiv bəla ilə nisbətsizliyi bu sözlərlə gülüncləşdirməkdə, peşəsinin adi bir sözbazlığına çevirməkdədir. Hilter bəlkə də, “özündə” pataloji hadisədir. Ancaq əminliklə deyə bilərik ki, bu pataloji hadisə təkcə onun “özü üçün” deyil. Qaçqınların faşizmə qarşı münasibətlərinin çoxunda yer alan təkəbbürlü şişkinlik və yazıqlıq da bununla əlaqəlidir. Azad, məsafəli, şəxsi maraqsız qiymətləndirmə qəlibləri ilə düşünən insanlar əslində bu tip düşüncəni keçərsizləşdirən despotik təcrübəni bu qəliblərin içinə yerləşdirə bilmədilər. Həm başqalarının hakimiyyətinin, həm öz hakimiyyətsizliyimizin bizi axmaqlaşdırmalarına icazə verməmək. Bax bu ən çətin və ən müşkül tapşırıqdır.

35

Mədəniyyətə qayıdış – Hitlerin alman mədəniyyətini yox etdiyi iddiası reklam texnikasından başqa bir şey deyil. Hitlerin məhv etdiyi sənət və düşüncə onsuz da uzun zaman idi ki, qopuq və təcrid olunmuş halda idi və onun sonuncu barikkadalarını faşizm dağıtdı. Oyuna qoşulmayanlar üçüncü reyxdən illər əvvəl öz içlərinə qapanmağa məcbur qalmışdılar. Alman markının nufüz qazanması və ekspressionizmin süqutu eyni tarixə təsadüf edir. Ən gec bu tarixdən etibarən Alman mədəniyyəti də özünün Berlin jurnallarının ruhuna xeyli yaxın olan inkişafına başlamışdı. Biz o jurnallardan danışırıq ki, onlar nasistlərin “Şən Birliklərindən”, Reich sərgi salonlarının barıtı quru klassizmindən heç nə ilə fərqlənmirdilər. Alman mədəniyyəti bütünlüklə, özü də özünün ən liberal dövründə həzlə ayaqlarını açmış halda Hitlerin yolunu gözləyirdi. “Mosse” və “Ullstein”in (1) redaktorlarını yaxud “Frankfurter Zeitung”un yeni rəhbərlərini nasizmə köləlik etməklə günahlandırmaq onlara qarşı haqsızlıqdır. Çünki onlar həmişə beləydilər: istehsal etdikləri zehni məhsullarda mənimsədikləri hərbi müqavimət xətti əsla əyilmədən, axmaqlar tərəfindən başa düşülməyin – bunu Fürer özü də qeyd edirdi – ən dəyərli ideoloji üsul sayıldığı bir siyasi rejim qarşısında hərbi dirəniş xəttinə çevrilmişdi. Dəhşətli qarmaqarışıqlığa səbəb olan da budur. Hitler mədəniyyəti öldürüb. Hitler cənab X-i sürgünə göndərərək öldürüb. Deməli, cənab X mədəniyyətdir. Bəli, əslində bu bu cürdür. Həm zəhmətkeşlikləri, həm də nüfuz etmə sahələrin kəskin şəkildə fərqlənməsi səbəbiylə xaricdə alman zehnini təmsil etmək məharətini göstərən mühacirlərin yaradıcılıqlarına qısaca nəzər saslaq belə, bu bizə ümidli bir yenidənqurmadan nə gözləməli olduğumuzu açıb göstərər. Brodvey üsullarının Kurfürstendamma idxalı. Di gəl ki, iyirminci illərdə bu ikisi arasındakı fərq ikincisinin niyyətlərinin yaxşı olması yox, vasitələrinin kifayətsizliyi idi, sadəcə. Mədəni faşizmə qarşı olanlar isə əgər Monte Karlonun Bombalanmasından və Mətbuat ziyafətindən – Hitler Almaniyasında Fallada (2) kimi elastik və hiyləgər tiplərin sözlərinin öz nüfuzlarını başqa torpaqlara daşımağı bacaran sağlam və şərəfli şöhrətlərinin dediklərindən daha həqiqi olduğunu kəşfetmək məcburiyyətində qalmaq istəmirlərsə, işə Veymardan başlamalıdırlar.

36

Ölümə aparan Sağlamlıq (1) – Əgər dövrün prototipik mədəniyyətinin psixoanalizi adlı bir şey mümkün olsaydı; əgər iqtisadiyyatın mütləq hakimiyyəti şərtləri qurbanlarının mənəvi yaşamlarına istiqamətlənmiş bütün cəhdləri mənasızlaşdırmış olmasaydı; və psixoanalizdə daha əvvəldən o şərtlərə sadiqlik andı içməmiş olsalardı – belə bir tədqiqat dövrün özünəməxsus xəstəliyini normallıq kimi tanımağa məcbur qalardı. Günümüzdə fərdin bədən və ruhca sağlam olduğunu sübut etmək üçün ondan tələb olunan libidinal uğur introvertlərdə ən dərin qatlarda zədələnmə, ekstrovertlərdə isə daxilə həbs olunmuş xədimləşmə bahasına əldə edilir. Bu zədələnmə ilə müqayisədə atayla identifikliyin (özünü onun yerinə qoymaq) nəticəsi olan o qədim imtina belə uşaq oyunu təəssüratı bağışlayır. Onsuz da bu oyunun ən əvvəldə oyun olduğu bilinirdi. İndi dürüst kişi və mehriban qızın dəf etməsi tələb olunan şey təkcə arzular və hislər deyil. Burjua dövründə həmin dəfetmənin nəticəsi olaraq meydana çıxan simptompları da dəf etməlidirlər. Eynilə işığın, təmiz havanın və sağlam həyatın bədxərccəsinə sərgilənməsiylə ilə köhnə haqsızlığının yoxa çıxmaması, əvəzində rasionallaşmış böyük kapitalın parıltılı gümrahlığı altında daha da görünməz olması kimi dövrümüzün mənəvi sağlamlığı xəstəliyin səbəblərini və təşəkkülünü zərrəcə dəyişdirmədən xəstəliyə gedən yolların tıxanması ilə əldə edilir. Lazımsız yer hesab edilən qaranlıq zirzəmilər dağıdılıb hamam-tualetə əlavə edildi. Özü də, sağlam həyatın hissəsinə çevrilməmiş-dən əvvəl psixoanalizin şübhələndiyi şey bu gün təsdiqlənib. Ən işıqlı otaqlar nəcisin gizlin malikanələridir. “Səfalət davam edir. Başa düşüldü ki, ona qalib gəlmək mümkünsüzdür. Onda da üstünü örtməyə başladılar” – misraları getdikcə artan maddi bərabərsizliyin məhsul bolluğu ilə müvəqqəti olaraq gizləndiyi sahədən daha çox, mənəvi iqtisadiyyat üçün keçərlidir. Sonradan gün işığına şadyanalıq, açıqlıq, sosiallıq, məcburi olana oxşamaq qabiliyyəti və müvəzinətli, praqmatik dünya görüşü olaraq çıxan təhrif və formasızlaşmanın ilk dəfə işləndiyi cəhənnəm otağını isə indiyə qədər heç bir elm tədqiq etməyib. Bu xüsusiyyətlərinin əsasının nevrozları hazırlayan uşaqlıq dövründən belə daha əvvəlki mərhələlərdə qoyulduğunu düşünmək lazımdır. Əgər nevroz instinktin uduzduğu bir toqquşmanın nəticəsidirsə, xatırlatdığı şikəst edilmiş cəmiyyət qədər normal olan bu yeni hal da toqquşan gücləri bir-birləriylə savaşa girmədən öncə iqtidarsızlaşdıran bir növ tarix öncəsi cərrahi müdaxilənin nəticəsidir. Bu səbəbdən daha sonrakı toqquşmasızlıq biliklə həyata keçirilən yaxşılaşmanı yox, çox əvvəldən planlaşdırılmış bir nəticəni, kollektiv mərcin zəfərini əks etdirir. İndidən müraciət edənlərin yüksək maaşlı vəzifələrə təyinatlarının şərtinə çevrilmiş özündən əmin sakitlik sonradan işəgötürənlərlə insan resursları rəhbərinin siyasi olaraq tələb edəcəyi məcburi susqunluğun simvoludur. Sağlamlığın xəstəliyini müəyyən etməyin yeganə obyektiv yolu rasional mövcudiyyətləri ilə həyatlarının ağlın köməyi ilə istiqamətlənəcəyi ehtimal olunan yol arasındakı uyuşmaz-lığı göstərməkdir. Yenə də onları satan xəstəliyin izləridir. Dəriləri töküntü təbəqəsi ilə örtülmüş kimidir – bir növ inorqanik kamuflaj. Çoşqun bir diriliyin və əzəmətli gücün nişanları ilə dolub-daşan şəxslərin əslində mumyalanmış meyidlər olduğunu və hələ tam olaraq baş tutmamış vəfatları ilə əlaqəli xəbərin də təkcə notariat siyasətinin tələbləri ucbatından onlardan əsirgəndiyini deyə bilərik. Dövrümüzün keçərli sağlamlığının altında ölüm gizlənib. Sağlamlığın bütün tərpənişləri ürəkləri çoxdan dayanmış varlıqların reflektiv hərəkətlərini xatırladır. Kədərli qırışıqlarıyla çoxdan unudulmuş dəhşətli çırpınışlara şahidlik edən bir alın, məntiqin səlis addımlarını axsamağa məcbur qılan ani axmaqlıq, yaxud yersiz gülünc bir hərəkət. Bəli, ancaq belə şeylər qoruyur itmiş yaşamın izlərini, bəlkə də yox. Çünki ictimai olaraq müəyyənləşdirilmiş fədakarlıq, qurbanlıq yaşantısı fərddə yox ancaq cəmiyyətin bütünündə aşkara çıxarılacaq qədər universallaşmışdır (ümumi). Sanki cəmiyyət bütün fərdlərinin xəstəliyini öz üstünə götürmüşdür. Fərdin isə içinə basdırılmış şəxsi taleyi də ancaq orada, Faşist hərəkatlarının tıxanmış çılğınlığında və bu hərəkatları xəbər verən, yaxud təhrik edən saysız hadisədə, özünün obyektiv və görsənən qarşılığıyla bütünləşməkdədir. Normalın xəstəliyinin mütləq ki, xəstənin sağlamlığı mənasına gəlmədiyini və onun da çox vaxt eyni fəlakətin başqa bir ifadəsi olduğunu düşünmək kimin içini şübhədən xilas edə bilər axı?

37

Həzz prinsipinin bərisində (1) – Freyddeki despotik meyillərin cinsəllik anlayışında bacarıqlı islahatçıların eyham vurduğu soyuqqanlılıq və səmimiyyət çatışmazlığı ilə heç bir əlaqəsi yoxdur. Professional səmimiyyət mənfəət məqsədi güddüyü üçün insanlar arasındakı uçurumlara qarşı yaxınlıq və birbaşalıq istehsal etməyə çalışır. Qurbanını aldadır, çünki onun acizliyini təsdiqləməklə, həm də onu o hala gətirən dünyanı təsdiqləmiş olur. Həqiqətdən uzaqlaşdığı dərəcədə ona haqsızlıq edir. Freyddə belə bir humanist səmimiyyətinə rast gəlmiriksə, bu o deməkdir ki, o, siyasi iqtisad tənqidçiləri ilə həmfikirdir və belə olmaq Taqor, yaxud Verfellə birgə xatırlanmaqdan daha yaxşıdır. Əsl bəxtsizliyi bu idi: Bir tərəfdən, burjua ideologiyasının təzyiqlərinə baxmayaraq şüurlu şeylərin altşüur instinktin təməlini materialist bir üslubda tədqiq edir, eyni zamanda instinktə münasibətdə burjua simpatiyasından uzaq qala bilmirdi. Halbuki, bu simpatiya bütünlüklə rasionallıqların törəməsidir və Freydin də yıxmağa çalışdığı rasionallar idi. Freyd “Giriş Mühazirələrində” aşkar dediyi kimi, “ictimai hədəfləri təməldə eqoist olan cinsi məqsədlərdən üstün görən… ümümi təsnifatla” bütünlüklə razılaşmaq-dadır. Psixologiya mütəxəssisi kimi ictimai olanla eqoist olan arasındakı ziddiyyəti şəlakət halıyla və heç sınamadan qəbul edirdi. Bu ziddiyyətin kökündə despotik cəmiyyətin rolunu görmədiyi kimi, özünün qeyd etdiyi dağıdıcı proseslərin izini də görmürdü. Nəzəriyyəsizliyi və önyarğıları arasında qalmışdı. İnstinktin inkarına həqiqətə zidd bir zorakılıq kimi əks getmək üzərə ikən, bir anda digər uca sovrularaq bu inkarı mədəniyyət üçün faydalı bir aliləşmə olaraq alqışlayırdı. Bu ziddiyyətdə mədəniyyətin Yanus təbiətinin payı var, əlbəttə və bu sağlam cinsəllik mədhləriylə tez-bazar üstündən keçilməyəcək bir ikilikdir. Ancaq bu, Freyddə analizin hədəfini müəyyənləşdirən tənqidi standartın təhrifinə səbəb olurdu. Freydin aydınlanmamış aydınlanması nəticədə burjua yuxuyozumunun mənfəətlərinə xidmət etməkdəydi. İkiüzlülüyün modern dövr müxaliflərindən biri olaraq bir tərəfdə dəf edilmiş olanın aşkar azadələşmə istəyi ilə, o biri isə dəf etməyə bəhanə axtaran tövr arasında ikili bir mövqedə idi Freyd. Onun üçün ağıl təkcə görüntü idi. Ancaq bunun səbəbi, rəsmi fəlsəfənin iddia etdiyi kimi, Freydin psixologizmi deyildi – bu psixologizm, öz növbəsində, tarixi həqiqət nöqtəsinə lazımınca təmas edə bilmişdi. Əsl səbəb Freydin ağıl deyilən vasitəyə məqbullaşma imkanını verəsi məqsədi inkar etməsi idi. Bu məqsəd həzz idi. Mənanın uzağında, ağlın nüfuz edə bilməyəcəyi bir yerdə dayanmışdı həzz. Ancaq həzzin təbiət köləliyini aşan cəhəti bircə dəfə unudulanda və beləcə, alçaldılaraq növün davamını təmin edən oyunlar repertuarına daxil edilib özü də ağlın bir hiyləsi olaraq tədqim edildikdə ratio (2) da bayağılaşaraq rasionallıq halına düşür. Həqiqət nisbiliyə, insanlar isə iqtidara tabe edilir. Ancaq Utopiyanı kor bədənsəl həzdə – əsas məqsədi qane etdiyi ölçüdə özü məqsədsiz olan bir həzdə – axtaran şəxsin həqiqət haqqında sağlam və kafi bir fikri ola bilər. Freydin işləri isə zehnə və həzzə qarşı bəslənilən ikili düşmənçiliklə çirklənmişdi. Freyd bunun o qədər də fərqində deyildi. Bundan əlavə bu ikili düşmənçiliyin ortaq köklərini anlamaq da psixoanalizlə mümkündür. “Bir İlluziyanın Gələcəyində” gəzgin tacirin səmavi dünyanı mələklər və sərçələrə buraxmaq lazım olduğu hökmünü ahıl və hiyləgər cənabın mənasız müdrikliyi ilə çatdırdığı bölüm “Mühazirələrdə” hedonist cəmiyyətin azğın təcrübələrini sofistik dəhşət içində lənətlədiyi bölümün yanına qoyulmalıdır. Həzz və cənnət qarşısında bərabər ölçüdə diksinənlər, əslində, nəsnə halına düşməyə ən yaxın olanlardır. Uğurlu bir analizdən keçmiş olanların çoxunda görülən o boş və mexaniki keyfiyyət sadəcə xəstəliklərinin deyil, müstəqilləşdirdiyi şeyi kökündən qoparan müalicələrinin də xanasına yazılmalıdır. Müalicənin ən təsirli üsulu olaraq görülən və həlli əbəs yerə analitik müalicənin onurğası sayılmayan köçürülmə (3) bir vaxtlar subyektin özünü erotik meyillərinə təslim etməsiylə özlüyündə formasında reallaşan və şəxsi də zənginləşdirən ancaq indi subyektin suni bir mühitdə könüllü olaraq və dağıntı bahasına reallaşdırdığı eqoizm ləğvini, hər növ ağılla birgə ona xəyanət etmiş analizçiləri də çıxdaş edən və sadəcə bəzi reflekslərdən ibarət “rəhbərimin yoluyla” davranış modelini çoxdan özünə metod seçmişdir.