18+
реклама
18+
Бургер менюБургер меню

Теодор Адорно – Minima Moralia (страница 8)

18

32

Vəhşilər daha əsilzadə deyillər – Afrikalı iqtisadi siyasət tələbələrində, Oksforddakı siamlılarda və daha ümumi olaraq kiçik burjua mənşəli tarixçi və musiqişünaslarda bir meyillənmə var. Yeni mövzunun assimilyasiyasını oturuşmuş, təsdiqlənmiş hər şeyə birləşdirməyə həvəslidirlər. Üsyankar bir beyin ibtidailiyin, gecikmişliyin, yaxud “kapitalist olmayan dünyanın” tam əksidir. Çünki təməlində təcrübə var. Tarixi yaddaş. İti zəka. Ən əsası da, doymuşluq. Radikal qruplara sonradan qoşulan təcrübəsiz cavanların bircə dəfə mühafizəkarlığın gücünü hiss etməklə cəbhə dəyişdirdiklərinə misal çoxdur. Ənənədən nifrət edə bilmək üçün ona sahib olmaq lazımdır. “Avanqard” sənət hərəkatlarına proletarlardan daha çox ədabaz varlıların meyilli olmağı bizə siyasət üçün də mənalı bir ipucu verə bilər. Gecikənlərin və təzələrin qorxuducu meyillənmələri var pozitivizmə doğru – Bu, Hindistandakı Carnaq müridlərindən Alman masterlər Matyias Qrünvald və Haynrix Şützün inanclı tərəfdarlarına qədər hamısında oxşar cəhətdir. Kənarda qalmağın təkcə nifrət və qəzəb oyandırmağını iddia etmək naşılıq əlamətidir. Çünki bundan, yəni kənarda qalmaqdan həddindən artıq sahiblənici və xoşgörülü bir eşq də doğula bilər. Odur ki, despotik mədəniyyətin kənarda saxladığı insanların onun ən sadiq müdafiəçilərinə çevrilmələri adi bir şeydir. Sosialist olaraq nəsə öyrənmək, mədəni miras adlanan şeydən pay götürmək, istənilə fəhlədə belə bunun əks-sədası eşidilir hərdən.

Bebellerin zövqsüz qeyri-müəyyənliyi isə mədəniyyəti başa düşməkdən daha çox onu səthi dəyərləriylə qəbul etməyə və onu özününküləşdirməyə acgözlükdə göstərir özünü. Sosializmin nə belə bir çevrilməyə, nə də nəzəri olaraq pozitivizmə düşməyə qarşı ümumi bir immuniteti var. Uzaq şərqdə Marks asanlıqla Driş və Rikertin işğal etmədikləri yerləri tuta bilər. Qərbdən kənar cəmiyyətlərin sənaye cəmiyyətinin toqquşma-larının içinə çəkilməsi – ki, bu daha əvvəllər edilməliydi – əsl qazananın, həyat standartlarında gözlənən kiçik artımı kənara qoysaq, müstəqilliyə qovuşmuş xalqın özündən daha çox rasional olaraq inkişaf etdirilmiş istehsal və paylanma olmasından ehtiyat edilir. Daha qoca xalqlar kapitalizm öncəsi xalqlardan möcüzələr gözləmək yerinə onların təsdiqlənmiş hər şeyə və Qərbin uğurlarına göstərdikləri dardüşüncəli, tənbəl iştaha qarşı ayıq olmalıdırlar.

33

Ön cəbhədən uzaqda – Hava bombardmanları ilə əlaqəli xəbərlərdə çox vaxt bombardmançı təyyarləri istehsal edən firmaların adı da keçir:“Focke – Wulff”, “Heinkel”, “Lancaster”. Bəli, indi bu adlar söhbətlərdə bir vaxtlar işlədilən Hussar süvarilərinin, nizəli dəstələrin, zirehli cəngavərlərin yerlərini tutmaqdadır. Yaşamı təkrar istehsal etməyin, ona ağalıq etməyin və onu yox etməyin mexanizmləri birdir və bu səbəbdən sənaye dövlət və reklamçılıq iç-içə keçib. O vaxtlar şişirdilmə sayılmışdı, ancaq bu gün “müharibə ticarətdir” deyən liberalların haqlı olduqları açıq-aşkar görsənir. Hətta dövlət belə qazanc dünyasının şəxsi mənfəətlərindən müstəqil deyil, əslində, həmişə onların qulluğundaydı. İndi isə ideoloji olaraq da onların köləsinə çevrilib. Şəhərlərin dağıntısındakı əsas günahkarın (daha doğrusu, günahı üzərinə götürən şəxsin) adının hər xatırlanması, hər alqış, bərpa dövründə də onun ən yaxşı qazanacaq şəxs olması dayaqlarını möhkəmləndirməkdədir.

Otuz illik müharibə kimi, bu müharibə də – sona çatanda heç kim başlanğıcını xatırlamayacaq – mənasız intervallarla bir-birindən ayrı hərəkatlardan təşkil olunub: Polşa işğalı, Norveç Hərəkatı, Fransanın işğalı, Rusiya və Tunis hərəkatları, İşğal, İşğal, Yenə də İşğal. Bu ritmdə, coğrafi olaraq çatılası düşmən tapılmayan anların mütləq hərəkətsizliyi ilə ani hərəkətlar arasındakı bu var-gəldə hərbi texnikanı xatırladan mexaniklik mövcuddur. Müharibənin liberalizmdən əvvəl formasını yenidən canlandıran da elə bu oxşarlıqdır. Ancaq bu mexaniki ritm insanın müharibə ilə münasibətini də bütünlüklə müəyyənləşdirir və bunu təkcə fərdi bədəninin gücü ilə texnika arasında gözəçarpan uyğunsuzluq yaratmaqla deyil, həm də təcrübənin ən gizli qalalarına daxil olaraq edir. Bundan əvvəlki sonuncu toqquşmada belə bədənin mexaniki texnika ilə harmoniyada olmaması həqiqi təcrübəni qeyri-mümkün etmişdi. Bu savaşdan heç kim topçu general Napalyonun döyüşlərini danışan kimi danışa bilmirdi. Sülh elanı ilə hərb xatirələrinin yazılması arasında uzun intervalın olması da təsadüfi deyil. Bu xatirələrin canlandırılmasının və yaddaşın yenilənməsinin nə qədər çətin bir proses olduğunu göstərməkdədir. Və müəlliflərin yaşadığı dəhşət nə qədər qandonduran olursa olsun, bütün kitablarda bir kifayətsizlik, zəiflik, hətta saxtalıq hissi qarışıb bu xatırlamaya. İkinci müharibə isə təcrübədən büsbütün qopuqdur, bu, texnikanın işləmə prosesinin insan gövdəsindən qopuqluğunu xatırladır. Ancaq unutmaq da lazım deyil ki, bu hərəkətlər patalojik vəziyyətlərdə texnikanı yenidən xatırlatmağa başlayır. Bu savaşda daimilik, tarixilik, epik elementler çatışmır. Bu savaş hər mərhələsindən sanki sıfırdan başlayır. Odur ki, ondan yaddaşda qorunmuş, qalıcı bir xatirə qalmayacaq. O, hər yerdə, hər partlayışla xəbərdarlıq maneəsini deşib keçmişdir. Halbuki təcrübə, sağaldıcı unuduluşla sağaldıcı xatırlanma arasındakı interval bu maneə ilə qorunan bir sahədə formalaşır. Hərəkətsiz, mənasız intervallarla kəsilən, zamandankənar titrəmələr ardıcıllığına çevrilib yaşam. Ancaq gələcək üçün əsl dəhşətli olan tezlikdə bütün bunların üzərində düşünə bilmək qabiliyyətimizi itirməkdən ibarətdir. Cəbhədən qayıdan döyüşçülərin aldıqları hər tramva, mənəvi sarsılmalar gələcəyin dağıntılarının mayasıdır. Karl Kraus haqlı olaraq yazdığı əsərə “İnsanlığın son günləri” adını vermişdi. İndi göstərilən tamaşanın adı isə “Qiyamətdən sonra” olmalıdır.

Müharibənin informasiya, propaqanda və media şərhləriylə gözəgörünməz edilməsi, ilk tankların üstündəki operatorlar və qəhrəmanlıqla ölən jurnalistlər. İctimaiyyəti idarə etməyə istiqamətlənmiş işıqlandırma texnikalarının hərcmərcliyi və bütün laqeyd və unutqan hərəkətlilik. Təcrübənin, insanlarla taleləri arasında boşluqdan başqa bir şey olmayan təcrübənin – ki, insanların həqiqi taleləri bu boşluğun içində formalaşır – quruyub büzüşməsinin başqa cür ifadəsidir bütün bu baş verənlər. Hadisələrin şeyləşmiş, qatılaşmış, gipsdən qəlibləri hadisələrin yerlərini almışdır. İnsanlar tamaşaçısı olmayan, çünki hamının xırda bir rolla da olsa ekranda görsəndiyi sənədli dəhşət filminin epizodik iştirakçıları səviyyəsinə salınıblar. Hamını əsəbiləşdirən “saxta savaş” ifadəsinin altında yatan məna da bunu qəsd edir. Deyimin kökündə yaşanan dəhşətlə əlaqəli sözləri “propaqandadan ibarət sayan” – və beləcə yırtıcılıqlarını daha da amansızlaşdıracaqlarını düşünən – faşist laqeydliyinin yatdığı doğrudur, əlbəttə. Müharibə həqiqətən saxtadır. Ancaq bu saxtalıq bütün dəhşətlərdən daha dəhşətli bir saxtalıqdır və onunla məzə tutanlar bu dəhşətə köməklik edənlərdir.

Hegelin tarix fəlsəfəsi bu dövrü ehtiva edə bilmiş olsaydı, Hitlerin robot-bombaları da dünya ruhunun özünü simvollar vasitəsiylə birbaşa biruzə verdiyi seçilmiş empirik faktorlardan biri olaraq İsgəndərin erkən ölümünün və oxşar obrazların yanında öz yerini alardı. Faşizmin özü kimi robotlar da subyektsiz işləyirlər. Eynilə onun kimi robotlar da möhtəşəm texniki qüsursuzluğu mütləq korluqla birləşdirirlər. Yenə Faşizm kimi onlar da ölümcül qorxu yaradırlar və tamamilə təsirsizdirlər. “Dünya ruhunu gördüm”, ancaq at üzərində deyildi, qanadlanmışdı və başsız idi – ki, bu da eyni məqamda Hegel fəlsəfəsini inkar edir.

Bu müharibədən sonra yaşamın normal şəkildə davam edəcəyini, hətta mədəniyyətin yenidən qurula biləcəyini – sanki mədəniyyətin yenidən qurulması ən əvvəldən onun inkarı deyilmiş kimi – deyən bütün düşüncələr axmaqcadır. Milyonlarla yəhudi qətl edildi və bu fəlakətin təkcə özü deyil, ancaq pərdəsidir. Bu mədəniyyət nəyi gözləyir axı? Saysız insanın hələ gözləyəcək vaxtı olsa belə, Avropada yaşananların heç bir nəticəsi olmayacağına inanmaq mümkündürmü? Sırf qurbanlarının necəliyinin belə cəmiyyətin yeni bir xarakterinə – barbarlığa – çevrilməyəcəyini hardan bilirik? Zərbəni əks-zərbə izlədikcə fəlakət də davam edəcəkdir. Qətl edilənlərin intiqamının alındığını düşünmək belə bunu görmək üçün kifayətdir. Qarşı tərəfdən də eyni sayda insan öldürüləndə dəhşət də institutlaşacaq və ən qədim dövrlərdən bəri uzaq dağlıq ərazilərə həbs olunmuş kapitalizm öncəsi qan davaları daha geniş bir arealda yenidən peyda olacaq. Xalqlar olacaq bu qan davasının subyektsiz subyektləri.

Ancaq ölülərin intiqamının alınmaması və edilənlərin bağışlanılması halında da faşizm qələbə qazanmış olacaq və bu qədər asan olduğunu gördükdən sonra başqa yerlərdə yeni qələbələr axtaracaq. Tarixin məntiqi ön plana çıxardığı insanlar qədər dağıdıcıdır. Yığdığı sürət onu haraya sürükləyərsə, keçmiş bəlaların bir tayını orada yenidən yaradar. Normallıq ölümdür.

Məğlub edilmiş Almaniyaya nə ediləcəyi sualına cavab olaraq iki şey deyə bilərəm. Bir: cəllad olmağı, yaxud cəlladlara legitimlik verməyi heç vaxt, heç bir halda qəbul edə bimərəm. İki: keçmiş pisliklərin intiqamını almağa girişən adama mane olmaq – xüsusən, qanundan istifadə edərək mane olmaq – istəmirəm. Bütünlüklə yetərsiz və ziddiyyətli bir cavabdır. Prinsipi də, tətbiqini də gülüncləşdirən bir cavab. Bəlkə, günah məndə deyil, sualın özündədir.