18+
реклама
18+
Бургер менюБургер меню

Теодор Адорно – Minima Moralia (страница 10)

18

38

Rəqsə dəvət – Psixoanaliz nevrozlarla məhdudlaşan həzz alma qabiliyyətini köhnə halına qaytarmaqla təriflənir. Sanki sırf bu həzz alma qabiliyyəti anlayışı belə bir şeyi – əgər həqiqətən varsa – kifayət qədər dəyərsizləşdirməyə bəs etmir. Sanki xoşbəxtlik üzərinə spekulyasiya ilə reallaşan bir xoşbəxtlik bu sözün ifadə etdiyi şeyin ziddi deyil. Sanki belə bir xoşbəxtlik nəzəri olaraq planlanan davranış modellərinin onsuz da kiçilən yaşayış sahəsinə yeni bir təcavüzü deyil. Gör çoxluq təşkil edən şüur hansı hala gəlib ki, günümüzdə keçmişdə sadəcə macar operettalarında attaşelərə uyğun görülən şampan şaqraqlığı və məcburi bədxərclik tamaşasının doğru yaşama düsturu olduğuna ciddi-ciddi inanılır. Reseptli xoşbəxtlik öz adına oxşayır: bu xoşbəxtlikdən pay alacaq nevrozlunun despotizm və geriləmənin onda buraxdığı son ağıl qırıntılarından da arınması və analizçisini məmnun etmək üçün bütün bayağı filmləri görmə mövzusunda son dərəcə həvəsli davranması, fransız restoranındakı bahalı, ancaq dadsız yeməkdən, ağır içkidən və “seks” adı altında bir dərman olaraq istifadə edilən sevişmədən zövq alması tələb olunur. “Həyat hər şeyə baxmayaraq gözəldir.” Şillerin hələ deyildiyi anda boşluq səsi çıxardan bu nəsihəti, günümüzdə hər yerə yayılmış reklamçılıqla eyni xorda yer aldığı ölçüdə, açıq-aşkar axmaqlıq halına gəlmişdir; psixoanaliz isə daha yaxşı imkanlarına rəğmən yanğına körüklə getməkdədir. İnsanların yaşadığı əngəllənmələrin sayı həddindən çox deyil, çox azdır. Özü də, bu prosesin onları bir az da sağlamlaşdırdığını iddia etmək də olmur. Odur ki, uyğunlaşma qabiliyyəti və iqtisadi uğurdan fərqli meyarlara istiqamətlənmək istəyən bir katarsis metodu da insanların ümumi və – ayrılmaz formada ona bağlı – şəxsi bədbəxtliklərinin fərqinə varmalarını təmin etmək və bu iyrənc sistemin sanki onları kənardan dustaqlaşdırması bəs deyilmiş kimi, içlərindəki yaşam üzərində də ikinci bir boyunduruq qurmasına şərait yaradan doyum illuziyalarından məhrum qalmaları üçün çalışmaq məcburiyyətindədir. İnsan yalnız saxta həzdən doyub ona təqdim edilən şeylərdən iyrəndiyi və təkcə xoşbəxtliyin müsbətlik vəkilinin deyil – bu vəkilə qarşı göstərdiyi xəstə müqavimətdən imtina etdiyi anda xoşbəxtliyi satın ala biləcəyi deyilməkdədir ona – həqiqətən adınalayiq bir xoşbəxtliyin kifayətsizliyini başa düşdüyü anda təcrübənin potensial ölçülərini də dərk etməyə başlaya bilər. Elmi epikürçü sanatoriya idarəçisi ilə əyləncə sənayesinin əsəbi propoqanda şeflərinin bir ağızdan səsləndirdikləri “xoşbəxt ol” nəsihətində işdən qaraqabaq halda qayıdıb qapıda uşaqları onu nəşəli gülüşlərlə qarşılamadılar deyə bütün ailəni məzəmmət edən atanın qəzəbini xatırladan bir şey var: hakimiyyət mexanizmi səbəb olduğu əzabların görülməsini əngəlləyir. Xoşbəxtlik moizələriylə başlayıb sırf vətəndaşlarımızın əzab qışqırıqlarını eşitmədiklərinə özlərini inandırsınlar deyə Polşanın ən ucqar yerlərində qurulan insan saqqalxanalarına qədər gedib çıxan inkişaf xətti heç də dolambaclı deyil. Bütün bu şarı partladan şəxsə psixoanalitikanın verdiyi cavab isə bunların Edip kompleksindən ibarət olmasıdır.

39

Eqo iddir – Psixologiyanın inkişafı ilə burjua fərdinin həm antik dövrdəki, həm də intibahdan sonrakı yüksəlişi arasında çox vaxt bir əlaqə qurulur. Bu psixologiya ilə burjua sinfinin təkrar bölüşdüyü və bu gün başqalarını təcrid etmək bahasına inkişaf etmiş zidd bir meyillənmənin nəzərdən qaçmasına səbəb olmamalıdır: fərdin dəf edilməsi və assimliyasiyası. Bilik də bütünlüklə fərdə xidmət etsin deyə öz subyektiylə təkrarən əlaqələndirilir. Hər cür psixologiya Protoqordan bəri insanı hər şeyin ölçüsü edərək onu ucaltmış, ancaq bunu edərkən onu ən əvvəldən obyekt olaraq, təhlil materialı kimi qiymətləndirmiş və şeylərin cansızlıq və boşluqlarını ona köçürmüşdür. Subyekt adına obyektiv həqiqətin inkarı subyektin də inkarı deməkdir. Hər şeyin ölçüsü üçün heç bir ölçü yoxdur. Təsadüfiliyə düşən subyekt həqiqətsizliyə çevrilir. Bu da cəmiyyətin həqiqi yaşam prosesinə işarədir. İnsan hakimiyyət prinsipini mütləqləşdirərək iti ucunu mütləq obyekt halına gəlmiş insana çevirmiş və psixologiya da bu ucun daha sivriləşdirilməsi işində özünün köməyini əsirgəməmişdir. Eqo, psixologiyanın əsas “id”i və subyektiv obyekti onun baxışları altında həmişə keçərsizləşməkdə və həqiqətdə mövcud olmayan bir şeyə çevrilməkdədir. Psixologiya mübadilə cəmiyyətində subyektin əslində subyekt yox, ictimai obyekt olduğu həqiqətinə müraciət etməklə cəmiyyətə bunun belə olması və belə davam etməsini təmin edən silahları da bağışlamışdır. Qabiliyyətlərindən arındırılmış insan işbölümü faktorunun özünün sözdə subyektlərinə inikas etdirilmiş halıdır və bu da onları daha səmərəli üsulla istifadə və idarə etmək cəhdinin ayrılmaz hissəsidir. Psixologiyanın təhrif olunmuş forması kimi görülə bilməyən psixotexnika ən əvvəldən bəri onun əsas qayəsinin daxili meyarıdır. Həqiqi bir humanist olan və əsərinin hər cümləsində hiss elətdirən Yum bir tərəfdən də eqonun bir önyarğıdan ibarət olduğunu deyirdi. Bu ziddiyyət ümumi olaraq psixologiyanı da əks etdirir. Üstəlik, bu nöqtədə həqiqət də Yumun tərəfindədir, çünki özünü “Mən” olaraq ortaya qoyan şey həqiqətən də bir önyarğıdır, abstrakt avtoritar mərkəzlərinin ideoloji hipostazlaşdırılmasıdır; və bu hipostazlaşdırılmanın tənqidi də “şəxsiyyət” ideologiyasının dağıdılmasını tələb edir. Di gəl ki, bu dağıntı viranəlik üzərində avtoritarlıq qurulmasını daha da asanlaşdıracaq. Psixoanalizdə aşkar görsənən də budur. O, şəxsiyyəti yaşamaq üçün zəruri bir yalan kimi nəzəri sisteminə əlavə edir. Psixoanalizə görə şəxsiyyət fərdin instinktiv təslimiyyətini və reallıq prinsipinə uyğunlaşmasını təmin edən saysız rasionallıqları bir yerdə saxlayan ən böyük və ən əhatəli rasionallıqdır. Elə təkcə bunu sübut etməklə psixoanaliz insanın yoxluğunu da sübut etmiş olur. Onu özünə özgələşdirərək, daxili bütünlüyü ilə birlikdə avtonomluğunu inkar edərək şəxsi bütünlüklə rasionallıq səviyyəsinə, uyğunlaşma səviyyəsinə dustaq edir. Beləliklə, özünütənqidin yerinin başqasının eqosuna yönələn “təslim ol” tələbi alır. Psixoanalitikin müdrikliyi də ən axırda rəsmli qorxu jurnallarının faşist şüuraltındakı “psixoanaliz” rəsminə qədər enir. Hər peşənin fırıldaqçılıq görsəndiyi bir mühitdə bu “fırıldaqçılıqlardan” birinə əzab çəkən və biçarə adamları birdəfəlik özünə əsir etmə və beləcə onlara nəzarət və onları istimar haqqını verən bir texnika. Psixoanalitikanın saxtakarlıq olaraq imtina etdiyi təlqin və hipnoz, sirk meydanında gəlib-keçənləri öz çadırına çəkməyə çalışan şaratan cadugər. Bax bunlar onun əzəmətli sistemi içində yenidən özlərini göstərməyə başlayırlar. Eynilə səssiz filmin Hollivud əfsanələrində yenidən ortaya çıxması kimidir bu özgörsənmə. Keçmişdə kömək olan şey, daha böyük bir biliyin sayəsində kömək etmək imkanı günümüzdə doqmatik ayrıseçkilik yolu ilə başqalarının alçaldılmasına çevrilib. Burjua şüurunun tənqidindən geriyə qalan tək şey həkimlərin həmişə gizli əlbirliklərini biruzə verdikləri çiyin silkələmə jestidir. Psixologiyada, saf mənəviyyət deyilən o dibsiz saxtakarlıqda (insanların “xüsusiyyətləri” ilə maraqlanılması da təsadüfi deyil) burjua cəmiyyətinin mal-mülk sahəsindəki bütün təcrübəsini görmək mümkündür. Bu mal-mülk ictimai mübadilə nəticəsində artmışdır, əlbəttə ki, hər burjuanın altdan-alta hiss etdiyi müqavilə şərti ilə birlikdə. Fərdin sahib olduğu sinfin ona əmanət etdiyi bir mülkdür, sadəcə və nəzarəti əlində saxlayanlar da mülkiyyətin ümumiləşməsi nəticəsində yenə mülkiyyətin öz prinsipi ( əsirgənməkdən ibarət olan prinsip) təhlükəyə düşdüyü anda bu mülkü onda geri almağa hazırdırlar. Psixologiya da mülkiyyətə ediləni xüsusiyyətlər bəhsində təkrarlayır. Fərdə öz xoşbəxtlik payını bağışlayaraq onu mülksüzləşdirir.

40

Ondan həmişə danış, ancaq heç vaxt düşünmə (1) – Bu gün dərinlik psixologiyası, filmlərin, sentimental TV seriallarının və Horneyin də köməyilə ən ucqar künc-bucağa belə nüfuz etdiyinə görə insanların özləriylə üzbəüz qalmaqları və özlərini yaşamaqlarının son ehtimalları da təşkilatlanmış mədəniyyət tərəfindən yox edilmiş deməkdir. Paketlənmiş maariflənmə təkcə bədahətən düşüncələri deyil, (gücləri, səbəb olduqları əzaba və əziyyətə bərabər olan) analitik içgörüləri də fabrik məhsullarına çevirir. Eynilə ortodoks üsulun (2) formullara endirməyə onsuz da meyilli olduğu fərdi tarixin əzablı sirlərini bəzi ortaq mal davranış qəliblərinə çevirdiyi kimi. Rasionallıqlardan arınmanın özü də beləcə rasionallıq halına gəlir. Cəmiyyət üzvlüyünə qəbul edilənlər öz-şüur qazanmağa çalışmaq əvəzinə bütün instinktiv antinomikliyi natamamlıq kompleksi, ana vəsvəsəçiliyi, ekstrovertlik və introvertlik kimi anlayışlar altında toplamaqla ustalaşırlar, halbuki bu anlayışların haqqında danışılan antinomikliyə çatması qeyri-mümkündür. Artrit yaxud sinusitdən çox da fərqli olmayan bir dərdlə vuruşmaq düşüncəsi eqo uçurumu qarşısında duyulan dəhşətin ötüşdürülməsini təmin edir. Beləcə antinomikliklərin hədələri də yüngüllüşdirilmiş olur. Edilən bu antinomikliklərin müalicəsi yox, sadəcə qəbuludur. Standartlaşdırılmamış həyatın səthinə vacib bir detal kimi daxil edilirlər. Universal şəranilik düşüncəsi kimi. Bu antinomikliklər fərdi birbaşa ictimai qarışıqlığın mexanizminin gözünə qatır. Normal sayılan bütün davranışlar da lap çoxdan bu qatışıqlıqla əlaqələndirilməkdədir. Beləcə, uğur qazanmaq şansı onsuz da dəqiq məchul olan katarsisin yerini şəxsin bütün zəiflikləriylə birgə əksəriyyətin tipik bir nümayəndəsi olmaqdan aldığı həzz tutur. Şəxs keçmişdəki sanatoriya sakinləri kimi maraqlı bir patoloji vaqeə olmağın nüfuzunun qazanmaq əvəzinə sırf öz zəifliklərinə arxalanaraq əksəriyyətə daxil olduğunu təsdiqləməyə və beləcə, kollektivin gücünü və dərinliyini özünə köçürməyə istiqamətlənmişdir. Mənin çürüməsiylə öz libidinal obyektindən məhrum qalan narsizm də bununla mən olmamağın mazoxist həzzinə verir yerini. “Mən”sizlik inkişaf edən nəslin gözü kimi qoruduğu bəlkə də yeganə maldır, kommunal və dözümlü bir mal. Şeyləşmə və standartlaşmanın mühiti beləcə özünün əbədi ziddiyyətini – anormal və xaotik sayılanı – ehtiva edəcək qədər genişlənir. Ölçülməz və müqayisə edilməz olan, bu xarakteristikası ilə, ölçülə bilən və müqayisə edilə bilən bir şey halına gəlir. İndi fərd ictimai olaraq tanınan o və ya bu qəlibin içində sinifləndirə bilmədiyi hər cür reaksiya və instinktdən məhrumdur. Ancaq bu xarici olaraq mənimsənən və sanki şəxsin öz dinamikasının ötəsində reallaşan eyniləşmə ən axırda instinktin təkcə şüurunu deyil, özünü də məhv edir. İnstinkt daha standart təpintilər qarşısında standart atomların verdiyi refleksdir, istəyə bağlı olaraq başladılıb dayandırıla bilir. Dahası bu qəlibləşmə psixoanalitikanın özünü də zərərsizləşdirib lazımsızlaşdırır. Qismən rədd edilib, qismən təsdiqlənən cinsi impulslar beləcə bütünlüklə zərərsiz, ancaq bir o qədər də önəmsiz hala gəlirlər. Yaratdıqları qorxu ilə birgə verəcəkləri həzz də silinib gedir. Beləcə, psixoanaliz bizə deməyə çalışdığı o substantiv prosesin, şəxsə uyğun supereqo yerinə xarici və zorla qəbul etdirilmiş bir supereqonu keçirən prosesin qurbanına çevrilir. Burjua özünütənqidin uzaqgörən son teoremi də bu sonuncu mərhələsində burjua özgələşməsini mütləqləşdirərkən daha yaxşı bir gələcək ümidinin mənbəsi olan o köhnə yaranın solğun xatirəsini silən bir cihaza çevrilir.