41
Daxildə və xaricdə – Təəssüb, tənbəllik və mənfəət hesabları fəlsəfənin getdikcə darlaşan bir akademik xəndəkdə səndələyə-səndələyə irəliləməsinə hələ də imkan verir: ancaq orada belə onun yerinə təşkilatlanmış tavtologiyanı qoyma cəhdlərinin artdığını görmək çətin deyil. Maaşlı dərinlik çarxına girənlər eynilə yüz il əvvəl olduğu kimi karyeralarını borclu olduqları həmkarları qədər sadəlövh olmağa məcbur qalırlar. Ancaq belə bir məcburiyyətdən – və bunun nəticəsində əzəmətlə mövzularla quşbeyinli icra arasında peyda olan ziddiyyətdən – yaxasını qurtarmaq istəyən akademiyadankənar düşüncənin də üz-üzə qaldığı təhlükə bundan daha yüngül deyil. Bazarın təzyiqi. Avropadakı akademiklərin heç olmaya bir ölçüdə azad olduqları iqtisadi təzyiq. Yazarlıqla dolanmaq istəyən fəlsəfəçinin hər daim hədsiz dəyərli və nadir bir şey təqdim etməsi və tribuna inhisarının qarşısına seçilmişlik inhisarını gətirməsi tələb olunur. Başbilənlərin yaratdığı iyrənc “intellektual aforizm” təcrübəsinin müxaliflərinə də yayıldığını görürük. Ondan daim parlaq kəşflər gözləyən redaktorun tələblərini qaşılamağa çalışan prinsipsiz jurnalistin (1) etdiyi Kosmoqonik Eros və buna bənzəyən ezoterik hekayələri ilə, tanrıların metamorfozu ilə və Yohana görə İncilin sirriylə əlaqəli bütün əsərlərin altında gizlənən o səssiz qanunun açıqca səsləndirilməsindən başqa bir şey deyil. Akademiyadankənar fəlsəfəçinin yaşam tərzi kimi mənimsəməməyə məcbur qaldığı gecikmiş bohemlik belə özlüyündə antikvarçılığın, sözdə marjinal dindarlığın və yarıtəhsilli təkkəçiliyin dünyası ilə fəlsəfəçi arasında ölümcül bir yaxınlığın doğması üçün kifayətdir. Birinci Dünya Müharibəsindən əvvəl Münhen müəyyən bir Ruhçuluğun məkanına çevrilmişdi. Bu ruhçuluğun akademik rasionalizmə qarşı etirazla başlayıb karnavallardan keçərək faşizmə gəlib çatan yolu bəlkə də ahıl Rikertin ruhsuz sistemi ilə Hitler arasındakı yoldan daha qısadır. Düşüncənin getdikcə artan təşkilatlanmasının gücü o qədər böyükdür ki, prosesdən kənarda qalmaq istəyənlər də hikkəli bir təkəbbürə, getdikcə öz reklamlarını etməyə sürüklənir və nəticədə tamam məğlub olduqlarında da açıq-aşkar saxtakarlığa baş vurmağa məcbur qalırlar. Akademiklərin “sum ergo cogito” prinsipini müdafiə etməklərinə və açıq sistemdə aqorafobiyaya, Dünyada varlığın Atılmışlığında(2) da irqi ictimailiklərə qapılmaqlarına qarşılıq müxalifləri – əgər hədsiz ayıq deyillərsə – qrafologiyaya və ritmik gimnastikaya sürüklənirlər. Əgər birincidə hakim fiqur aludəçi tipdirsə, ikincidə də qarşımıza paranoik bir xarakter çıxır. Faktoloji tədqiqatlara qarşı şiddətli düşmənlik, elmiliyin ən dəyərli şeyləri nəzərdən qaçırdığına dair çox da leqal bir tənqid sadəlövh qaldığı ölçüdə sıxıntısını hiss etdiyi bölünməni daha da ağırlaşdırır. Bu tövr digərlərinin özlərinə sipər kimi istifadə etdikləri faktorları qavramaq yerinə tez-bazar əlinə keçirə bildiyi faktorlara sarılmaqda və apokrifal biliklə dayaqlarından qoparılıb mütləqləşdirilən bir neçə kateqoriya ilə və öz-özünə oyunlar oynamağa cəhd edərkən o qədər tənqidsiz və gözübağlı davranmaqdadır ki, təkcə bəzi sabit faktları göstərmək belə onu mat etməyə kifayətdir. Müstəqil düşüncədə çatışmayan da bu tənqid faktorudur. Qabığın içində gizlənən kosmik sirrin vurğulanması ikisi arasındakı əlaqənin təsnifinə yanaşılmadığı ölçüdə qabığın da sorğu-sualsız qəbullanmasına gətirib çıxarır. Çağdaş intellektual mühit boşluqdan alınan zövqlə doluluq yalanı arasında üçüncü bir yola icazə verməməkdədir.
Yenə də yoxlanılmış yoldan uzaq dayanmağa çalışan baxış, yırtıcılıqdan nifrət, hələ ümumi mövzunun içinə qəbul edilməmiş yeni anlayışlar tapmaq cəhdi düşüncənin son ümid qapısıdır. Hamını məsul və əmrə amadə eləyən intellektual iyerarxiyada təkcə məsuliyyətsiz və özbaşına tövr iyerarxiyanın iyerarxiya olduğunu dolanbanlara girmədən deyə bilər. İntellektual marjinalları al-qana bulayan mübadilə sferası satlığa çıxardığı zehnə sonuncu bir sığınacaq təqdim edir – özü də sığınacağın mümkün olmadığı bir anda. Heç kimin almaq istəmədiyi əmsalsız şeyi satışa təqdim edən şəxs, bunu istəməmiş olsa belə, mübadilə qaydalarından azadə qalmış olmağı təmsil etməkdədir.
42
Azad düşüncə (1) – Elmin fəlsəfənin yerini işğal etməyi Hegelə görə fəlsəfəyə ancaq vəhdət halındaykən həyat verə biləcək iki elementin bir-birindən qopmasına səbəb olmuşdur: Düşünmək və Fərziyyə. Həqiqət dünyası xəyaldan arındırılmış soyuq bir tövrlə düşüncənin determinizminə təslim edilməkdə və bu geniş sahə içərisində fərziyyəyə təkcə hipotezlər yaradacaq qədər kiçik bir sahə ayrılmaqdadır. Özü də bu hipotezlər iş saatlarından kənarda yaradılmalı və dərhal nəticə verməlidirlər. Di gəl ki, fərziyyə sahəsinin bu elmdənkənar formada, universal statistikanın dava-dalaşından uzaq, zədələnmədən qorunub saxlanıldığını düşünmək də böyük qəflət olar. Fərziyyə üçün düşüncədən qopmağın bədəli ağırdır. Ya ənənəvi fəlsəfi mövzuların olduqca təvazökar inikası halına düşməli, ya da korşalmış faktorlardan uzaq qalmağa çalışarkən şəxsi dünya görüşünün heç nəyə aidiyyatı olmayan boşboğazlığına başlamalıdır. Hətta bunlarla da kifayətlənməyən elm fərziyyəni öz məqsədlərinə də vasitə edir. Psixoanalitikanın sosial funksiyalarından biri də bu nöqtədə ortaya çıxır. Mühiti və vasitəsi sərbəst assosasiyalardır (çağırışım). Xəstənin şüuraltına gedən yol onu düşünmə məsuliyyətindən imtina etməyə inandırılaraq açılır. Analitik nəzəriyyənin təşəkkülündə də eyni yol səciyyəvidir. İstər nəzəri kəşflərini bu assosiasiyaların inkişaf və tıxanmaları ilə test etsin, istərsə analistlərin (özü də, Qroddek kimi ən istedadlılarını nəzərdə tuturam burda) təkcə öz assosiasiyalarına arxalanmaqlarına icazə versin, yenə də vəziyyət dəyişmir. Bir vaxtlar kürsüdə Şellinq və Hegelin möhtəşəm zehni konsentrasiya ilə etdikləri şeyin bu dəfə baş məclisdə reallaşdırılan daha cılız tamaşası təqdim edilir bizə. Fenomenologiyanın deşifrə edilməsi. Həyəcanın bu cür azalması düşüncənin keyfiyyətinə də təsir edir. Fərq vəhy fəlsəfəsi ilə qaynana dedi-qodusu arasında olandan az deyil. Əvvəllər “materialını” anlayış səviyyəsinə çıxarmaq məsuliyyətini daşıyan düşüncə prosesi günümüzdə anlayış nizamlamasının materialı halına düşüb. Şəxsin fikirləri təkcə mütəxəssislərin ona “ cəbri xarakter” , “ağızsal tip”, yaxud “isterik” diaqnozu qoymaqlarına yaramaqdadır. Sistemli düşüncədən və rasional nəzarətdən uzaqlaşmağın nəticəsi ola məsuliyyət itkisi ucbatından fərziyyə də indi bir tədqiqat obyekti kimi elmə təslim edilməkdə, ancaq beləcə özünəməxsusluğu ilə birgə elmin də özünəməxsusluğu sönüb getməkdədir. Düşüncə analizin idarə mexanizminin ona şüuraltı qaynaqları xatırlatmasına icazə verdiyi üçün düşüncə olmağı unudur. Beləliklə, həqiqi tezis ikən, neytral bir şeyə çevrilir. Konseptuallıq vəzifəsini yerinə yetirərək öz üzərində nəzarət yaradacağı yerdə acizliklə həkimə təslim olur. Həkim də hər şeyi bilməkdədir onsuz da. Beləcə fərziyə əzilir. Sinifləndirilmiş departamentlərdən birində öz yerini alır. O, artıq heç nəyin dəyişmədiyini sübut edən faktordur.
43
Haqsız qorxutma – Obyektiv həqiqətin nə olduğuna qərar vermək asan deyil. Ancaq yenə də insanlarla münasibətləri-mizdə bu həqiqətin gözümüzü qorxutmasına icazə verməməliyik. Şəxsin gözünü qorxutmaq üçün ilk baxışda inandırıcı görsənən bəzi meyarlar istifadə olunur. Ən çox istifadə edilən şey isə dediyiniz şeyin “hədsiz subyektiv” olduğu günahlandırmasıdır. Məqbul insanlar cəmiyyətinin qəzəbli xorunun da əsk-sədalandırdığı bu sərt xəbərdarlıq bir anlıq xəbərdarlığı edənə də tətmin hissi yaşada bilir. Halbuki subyektiv və obyektiv anlayışları tamamilə yer dəyişib. Obyektiv dedikdə nəzərdə tutulan faktorların mübahisə yaratmayan cəhətləridir: sorğulamadığımız təəssürata, sinifləndirilmiş bazadan ibarət səthə, yəni əslində subyektiv olana obyektiv deyilir indi. Subyektiv dedikləri isə bu səthi dağıdan, mövzunun özünəməxsus təcrübəsini öz üzərinə götürən, bütün hazır ideyaları kənara itələyən və obyektin özüylə əlaqədənsə – haqqında düşünməkdən danışmıram belə – çoxluğun razılaşmasına üstünlük verən, yəni əslində obyektiv olan hər şeydir. Subyektiv nisbiliyə istiqamətləndirilən etirazın boşluğunu anlamaq üçün onun öz sahəsinə, estetik ideyalar sahəsinə baxmaq kifayətdir. Bir sənət əsərinin onda yaratdığı təəssürata tam olaraq diaqnoz qoya bilən şəxs bu təəssüratdan aldığı güclə əsərin intizamına, daxili forma qaydalarına, əsərini zorlayıcılığına könüllü olaraq təslim olmağı bacaranda yaşadığı təcrübənin subyektiv xarakteristikası ilə əlaqəli etirazın yazıq bir illuziya kimi bir anda silinib getdiyini görəcəkdir: subyektiv bir ehtirasla mövzunun mərkəzinə tərəf atdığı hər addım ancaq belə təcrübələri öldürmək bahasına elmilik statusuna bənzəyə bilən “üslub” kimi şeylərin əhatəli və dəstəkli analizləri ilə müqayisə olunmayacaq qədər böyük bir obyektiv güc ehtiva edir. Bu obyektivliyin onu idarə edən subyektlər tərəfindən hesablanıldığı pozitivizm və mədəniyyət sənayesi dövründə də keçərlidir. Hakimiyyət sahibləri isə keflərinə uyğun formada bu davranışı kefə uyğun olmaqla günahlandırırlar. İstədikləri şey subyektin gücsüz qalmasıdır, çünki təkcə bu subyektlərdə özünə sığınacaq tapan obyektivlikdən dəhşətli dərəcədə qorxmaqdadırlar.