44
Post-sokratçılar üçün – Əvvəllər adına fəlsəfə dedikləri şeyi davam etdirmək istəyən intellektual üçün müzakirələrdə – hətta özlüyündə fikir irəli sürmələrində – haqlı çıxmağı istmək qədər iyrənc bir davranış ola bilməz. Haqlı olmaq istəyi ən detallı məntiqi düşüncə formalarında belə ibtidai sağqalmaq hissinin ifadəsidir. Halbuki fəlsəfə bütünlüklə bu prinsipin məğlub edilməsinə istiqamətlənmişdir. Bir adam tanıyırdım. Epistemologiya ilə təbiət və insan elmlərindəki bütün tanınmışları bir-bir evinə çağıraraq hamısıyla öz sistemi barədə mübahisə edir, həmsöhbətlərin ona etiraz edəcək gücləri qalmayanda isə öz iddiasının düzlüyünə əminliklə inanmağa başlayırdı. Fəlsəfənin inandırmaq sənətinin jestlərini çox uzaqdan da olsa xatırlatdığı hər vəziyyətdə belə bir sadəlövhlük qarşımıza çıxa bilir. İnandırma jestləri “universitas literarum” ehtimalına, bir-biriylə əlaqə qura bilən zehinlər arasında əvvəlcədən hansısa razılaşma olduğu düşüncəsinə, deməli, açıq-aşkar konformizmə söykənir. Susma haqlarını heç vaxt istifadə etməməkləri ilə məşhur fəlsəfəçilər qoşulduqları hər polemikada müzakirəni həmişə uduzmağa çalışmalı və bunu elə etməlidirlər ki, müxalifləri də öz iddialarının yanlış olduğunu görsünlər. Məqsəd təkzibi mümkünsüz mütləq həqiqətlərə çatmaq olmamalıdır, çünki nəticədə bütün bunlar tavtologiya səviyyəsinə endirilir. Əsl hədəf iddia edilən düşüncələrin doğruluğunu sorğulayan sualın öz-özünü də ittiham etməsini təmin edəcək hisslərin inkişafı olmalıdır. Bunu deməklə irrasionalı aliləşdirən fəlsəfəni, legitimliyini sadəcə vəhyə olan emosional inancdan alan bəzi kefayağı postulatları da müdafiə etmiş olmuruq. Əksinə, hədəfimiz tezis və mühakimə etmək arasındakı fərqi aradan qaldırmaqdır. Dialektik fikir bu cəhətdən mühakimə etməyin tezis kəskinliyi qazanması və tezisinin də məntiqin bütününə yiyələnməsi mənasına gəlir. Mövzuya birbaşaya aid olmayan istənilən anlayış kənara atılmalı, obyektin təcrübəsiylə dolu olmayan bütün ikinci dərəcəli improvizasiyalar uzaqlaşdırılmalıdır. Bir fəlsəfə mətnində hər təklifin mərkəzə bərabər məsafədə dayanması lazımdır. Hegel belə bir şey deməsə də, iş üslubu bütünlüklə bu sözə işarə edir. Bu cür iş üslubu hansısa başlanğıc prinsipi tanımadığına görə ikinci dərəcəli yaxud kənarlaşdırılmış olan heç bir şeyə də fikir verməmək halındadır; beləliklə, vasitəlilik anlayışını da müxtəlif əlaqələrdən obyektin cövhərinə köçürür və bununla da, obyektlə onu xaricdən vasitəçiləşdirməyə istiqamətlənən düşüncə arasındakı fərqliliyin öhdəsindən gəlməyə çalışır. Hegelin fəlsəfəsində belə bir niyyətin tam olaraq yerinə yetirilməsinə mane olan sərhədlər bu fəlsəfənin həqiqiliyinin sərhədləridir; “prima philosophia”nın (1) qalıqları; subyektin hər şeyə rəğmən “əsas” və “ümdə” olduğu ehtimalı. Dialektik məntiqin vəzifələrindən biri düşüncənin hər növ müdafiəçi jesti ilə birgə çıxarışçı sistemin sonuncu qalıqlarını silməkdir.
45
Necə də xəstə görünür böyüyən hər şey (1) – Dialektik düşüncənin şeyləşmə tənqidinin bir başqa ölçüsü daha var: fərdlər faktorları öz təcridləri və ayrılmışlıqları içində təsdiqləməyi rədd edir. Beləliklə həm psixi sabitləşməyə qarşı, həm mütləq iddiaların bədəlini mövzusunun özünəməxsus təcrübəsini itirməklə ödəyən paranoik zehnin boş bir qabıq kimi sürüklənməsinə qarşı bir panzəhər olur. Bu dialektikanın ingilis hegelçilərinin əlində və əsasən də Devveyin təəssübkeş praqmatizmində çevrildiyi şeyə endirilə bilməyəcəyini sübut edir. Dialektika ölçü və nisbət hissi deyil. Hər şeyin perspektiv içinə yerləşməsini təmin edən inadcıl və heybətli dözümlülük fəlsəfəsi də deyil. Hərçənd Hegelin də Höteylə söhbətlərində öz fikrini ustadın platonizminə qarşı müdafiə edərkən ((dialektik) təməldə hər insanın təbiətində olan müxaliflik istedadının, düzü səhvdən ayırmağımızı təmin edən istedadın nizama salınmasından və lazımi şəkildə inkişafından başqa bir şey deyil) belə bir fikrə yaxınlaşdığını zənn edilə bilər. Ancaq onun təklif etdiyi formulun gizli mənasında özü-özünü aldadan bir biclik var, çünki hər insanın təbiətində olan şeylərdən biri də tolerantlığının rədd edilməsidir. Bəli, tolerantlıqdan, dözümlülükdən qaçmaq insanın ən dərin xüsusiyyətlərindən biridir. Nəinki dözümlülük, hətta ona qarşı mübarizə aparmaq. Dözümlülük müəyyən bir situasiyada şərtlərin düzgün qiymətləndirilməsi deməkdir və bazarın tərbiyələndirməsindən keçmiş bu dünyəvi gözün dialektika ilə bəzi ortaq nöqtələri də yox deyil. Doqmalardan, kütbeyinlikdən və önyarğılardan azadəlik. Dözümlülüyün ayıqlığı, şübhəsiz, tənqidi ağlın bir anını təşkil edir. Ancaq onu bu ağlın andlı düşməni edən bir xüsusiyyəti var: hərarətli asılılıqlardan uzaq dayanmaq. Çünki bütün ümumiliyi ilə “qənaət” deyilən şey həmişə cəmiyyətin o andakı halına aiddir və konkret tərkibini də məcburi olaraq qarşılıqlı razılaşma və qəbullanmalar təşkil edir. On doqquzuncu əsrdə dözümlülükdən kömək istəyənin həmişə Maarifçilik qarşısında vicdan əzabı çəkən boyat doqmatizm olması və J.S.Mill kimi qatı bir pozitivistin belə dözümlülük anlayışına ilişdirmiş olması heç də təsadüf sayılmamalıdır. Ölçü hissi şəxsi təkcə müəyyənləşmiş ölçülər və dəyərlər nöqteyi nəzərindən düşünməyə aparır. Ağıla dəvətin çox vaxt ağıldakənarın ilk müraciət etdiyi bəhanə olduğunu görmək üçün bir hakimiyyət üzvünün “bu o qədər də vacib deyil” sözlərinə bircə dəfə şahidlik etmək, yaxud bir burjuanın ziyadəlikdən, isteriklikdən, çılğınlıqdan haçan danışmağa başlayacağına fikir vermək kifayətdir. Hegel qüdrətli feodal ağanın vergisinə və daimi ovlarına dözməyi əsrlərlə öyrənmiş kəndlinin inadcıllığı ilə vurğulayırdı ziddiyyət prinsipinin möhkəmliyini. Daha sonrakı ağaların “dövranın dəyişməzliyi” ilə əlaqəli o çox möhkəm fikirlərinə dil çıxartmaq və onların “meyarlarında” o möhtəşəm ölçüsüzlük və nisbətsizliyin kiçildilmiş bir obrazla əks olunduğunu deşifrə etmək dialektikanın vəzifəsidir. Dialektik ağıl qarşısında hakim ağıl dayandığı müddətcə ağıldankənar şeydir. Özünün leqallaşmasının bir yolu var: bu ağlı özünə birləşdirmək və onu ləğv etmək. Fanatiklik, hətta sofistlik deyilmi fəhlənin xərclədiyi əmək prosesiylə öz həyatının təkrar istehsalı üçün lazım olan proses arasındakı fərqi mübadilə iqtisadiyyatının ən orta yerində gözlərə soxmaq?! Nitşe tənqidlərini yüklədiyi arabanı atın önünə qoşmamışdımı? Karl Kraus, Kafka, hətta Prust – hər biri öz üslubunda saxtalıq və önyarğını rədd edib atmaq üçün dünya imicinə önyarğı ilə yanaşmadılarmı? Onu təhrif etmədilərmi?! Dialektika nə sağlamlıq və xəstəlik anlayışlarının qarşısında, nə də onların sevimli törəməsi ağıl və ağıldankənarlığın qarşısında əli-qolu bağlı dayanır. Hakim universal sistemin təklif etdiyi meyarların xəstə olduğunu – sözün ilkin mənasında paranoya ilə, mərəzi çölə əks etdirmə ilə qızdırmalı olduğunu – bir dəfə gördükdən sonra sağaldıcı hüceyrələrin də ancaq o sistemin meyarları nöqteyi-nəzərdən xəstə, qəribə, paranoik, hətta dəli olan şeylərdə yaşaya biləcəyini anlayır. Orta əsrlərdə olduğu kimi bu gün də krala həqiqəti deyə biləcək yeganə şəxs sarayın təlxəyidir. Dialektikaçının vəzifəsi də axmağın həqiqətinin öz məntiqini tapmasına, öz sərhədlərinə çatmasına köməkçi olmaqdır. Əks halda o həqiqət də digərlərinin sağlam dözümlülüyünün amansızca dirədiyi xəstəlik uçurumunda itib gedər.
46
Düşünməyin əxlaqı barədə – Sadəlövhlük və incə düşüncə qabiliyyəti o qədər bir-birinə qarışıb ki, birini digərinə qarşı istifadə etməyin heç bir faydası olmur. İrrasionala inananların və hər növdən intellektual maddə kolleksiyaçısının etdiyi kimi sistemsiz və təsadüfi bir məharəti göyün yeddi qatına çıxarmaq bayağılıqdır. Sadəlövlüyü müdafiə edən düşüncə özünü məhkum etmiş olur. Hiyləgərlik və xurafat olduqları yerdə qalırlar. Vasitəsizliyi – öz içində vasitəli bir şey olaraq görmək əvəzinə – vasitəli bir üslubla təsdiqləmək düşüncəni öz ziddinin bəhanəsinə, vasitəsiz yalana çevirməkdir. Belə bir təhrif “Həyat belədir” cümləsində dilə gələn şəxsi bazburutluq və qafillikdən tutmuş sosial ədalətsizliyin təbiət qanunu olaraq leqallaşdırılmasına qədər hər cür pis niyyətə xidmət edir. Ancaq buna istinad edərək əks prinsipi ucaltmaq və – mənim də vaxtiylə etdiyim kimi – fəlsəfəni incə düşüncə hökmlülüyü olaraq qəbul etmək də kafi istiqamət sayılmır. Məsələ təkcə təcrübəli və biləndər bir ağıllılıq mənasında sofistikanın bilik nöqteyi nəzərindən etibarsız vasitə olmağından ibarət deyil. Belə bir ağıllılıq, həyatın praktiki normalarına yaxınlığı və nəzəriyyəyə qarşı skeptik duruşu ilə həmişə mənfəətcil məqsədlərin ağırlığı altında əzilmiş sadəlövhlüyə çevrilə bilər. Ancaq yenə də təkcə problem bu deyil. Sofistikanı nəzəri olaraq daha başa düşülən mənasıyla götürüb onu zehin açan, texniki faktorların o biri üzünə keçən və bütünü hesaba qatan düşünmə tərzi olaraq qəbul edəndə belə səmamızı qara bulud qaplayır. Problem o üzə keçid məsələsindədir. Bu keçid, tutunmaq və baş qatmağı bilməmək, ümuminin şəxsi üzərində hakimiyyətinin belə səssizliklə təsdiqlənməsi. İdealizmin həm anlayışları hipostazlaşdıran aldadıcılığının, həm də qəddarlığının kökündə bu yatır. Şəxsi dərk etdiyi andaca onu keçiləcək bir mərhələ səviyyəsinə endirmişdir ki, bu, nəhayətində təkcə düşünmə planında reallaşanan barışıq adına ağrı və ölümlə rahatca uzlaşacaq. Labüd olana imza atmağa həmişə hazır olan burjua insafsızlığı. Bilik ancaq şəxsidə uzun müddət qalaraq onun təcridini aradan qaldıra bilər, zehin açmağın başqa yolu yoxdur. Düzdür, bu da özlüyündə ümumi ilə əlaqə deməkdir. Ancaq burada mövzu əhatələmək əlaqəsi deyil. Əksinə, tam tərsidir. Dialektik vasitəlilik daha mücərrəd olana müraciət etmək mənasına yox, konkretin öz içində həll edilməsi mənasına gəlir. Özü də, tez-tez hədsiz geniş üfüqlər içində düşünmüş olan Nitşe bunu fərqindəydi: “Şən Elm”də deyir ki, “İki yırtıcı düşüncə adamı arasında vasitə yaratmağa, vasitəçilik etməyə çalışan şəxs özü-özünü bayağılaşdırır; Onda bənzərsizi görəcək gözlər yoxdur. Hər yerdə bənzərliklər görmək, hər şeyi eyni bilmək, zəif gözlərin əlamətidir.” Düşünməyin əxlaqını nə bir nöqtədə sabitləşmiş, nə də məsafəli qalan çalışma tərzi təmsil edir. O nə kordur, nə də içi boş. Nə atomikdir, nə də iç tutarlılıqdan ibarət. Legitim insanlar arasında Hegelin fenomenologiyasına “dibsiz uçurum” şöhrəti qazandıran o iki tərəfi də iti üsul bu əxlaqı ən vasitəsiz formada və ziddiyyətinin bütün dərinliyi ilə ifadə edir. Faktorların kənar müdaxilədən müstəqil olaraq öz başlarına – saf bir hərəkətlə – danışmaqlarını tələb edərkən, həm də subyekt olaraq düşüncə kimi şüurla əlaqələrin də hər an qorunmasını tələb edən üslubdur bu. Di gəl ki, belə bir əxlaqa bağlı qalmaq indi daha çətindir. Çünki şəxsin özünü subyekt ilə obyektin eyniliyinə inandırması qeyri–mümkündür. Halbuki Hegelin müşahidə ilə şərhin zidləşən tələblərini gizlədə bilməsinə şərait yaradan bu eyniləşdirmə ehtimalıydı. Bu gün filosofdan gözlənilən şeylərin həm içində, həm də çölündə olmağıdır. Münhauzenin öz saçından tutaraq özünü bataqlıqdan çəkib çıxartması bir tərəfdən təsdiqləmə, digər tərəfdən fərziyyə seçimləriylə kifayətlənmək istməyən hər növ biliyin modelidir indi. Ancaq bu nöqtədə maaşlı filosof səsini ucaldır və bizi lazımi baxış bucağına sahib olmamaqla günahlandırır.