реклама
Бургер менюБургер меню

Rüstəm Behrudi – Şaman duasından dar ağacına (страница 9)

18

            gözlərim – dənizin.

Və mən bu dənizin içində

Yelkənsiz gəmi kimi –

Ayrılıqlar – əlində.

… Elə bu ayrılıqdan başladı –

Sevməyimiz,

Sevgidən ölməyimiz,

Ölməyimiz, ölümə gülməyimiz.

Bir vaxt

Sonuncu dənizə doğru

Durmadan yüyürən

Nallı, kəhər atları cilovsuz qoymağımız,

Sonra ardınca, dil deyən bayatımız,

            qan ağlayan ağımız-

Hər şey ayrılıqdan başladı.

Beyrək kimi baş qoyduq,

Nəsimi tək soyulduq,

Sabir olduq – günbəgün

            içimizdən oyulduq

bu ayrılıq ucundan.

Bu ayrılıq ucundan

Nələr çəkir başımız?

Yad divara hörülür

Mərmərimiz, daşımız

Bu ayrılıq ucundan.

Bilirsizmi,

Hardan doğdu fərqimiz?

Bilirsizmi

Aşkabadda, Altayda,

Daşkənddə, Buxarada,

Həmədanda, Dərbənddə,

Kərkükdə, Ərzurumda

Yana-yana hönkürən

Hər sözü qəm şərqimiz

Niyə belə qəribdi?

Niyə dünya boyda dünyamız

Yox olub əriyibdi?

–Bu ayrılıq üzündən.

Hər şey ayrılıqdan başladı.

Bu gün

Bir div kimi canımız

Ayrılıqlar əlində.

Ayrılığın nə vaxtdır

İxtiyar var əlində.

Daş yağdıra fələklər,

Leysan tökə buludlar,

Sönməz yenə bu ocaq.

Yıxsa, bizi nə vaxtsa,

Ayrılıqlar yıxacaq.

… Hər şey ayrılıqdan başladı.

Ayrılıqdan başladı

Olum da, ölüm də, doğum da.

Elə bu ayrılıqdan başladı.

Mənim şeir adlı yolçuluğum da.

Bu yolda büdrəsəm, çağırsam–

            Eşidərsinizmi?

Ağlasam – duyarsınızmı,

Ürəyimi görə bilərsinizmi…

Gözyaşlarımın parıltısında?!

MƏMLƏKƏT ÜSTÜNƏ AĞI