реклама
Бургер менюБургер меню

Rüstəm Behrudi – Şaman duasından dar ağacına (страница 11)

18

ÖLDÜRÜN, MƏNİ ÖLDÜRÜN

Əldə yüz bəhanə var,

Öldürün məni, öldürün!

Məni öldürməyə nə var?

Öldürün məni, öldürün!

Çərxi-fələk, tərsinə dön,

Sirli Tanrı dərsinə dön.

Mən çıxmışam bəndəlikdən,

Öldürün məni, öldürün!

Tanrıya qul bir şamanam,

Sizə verilmiş amanam.

Yalnızlığım… atam, anam…

Öldürün məni, öldürün!

Məhəmmədəm, gör hökmümü,

Daş altdayam Musa kimi,

Çarmıxdayam İsa kimi…

Öldürün məni, öldürün!

Mən məndə “məni” yıxmışam,

Ruham, bədəndən çıxmışam.

Mən qəbrim üstündə bir şam…

Öldürün məni, öldürün!

Ruhtək gəzirdim göydə mən,

Deyin, nə tapdım yerdə mən?

Öldürdüm dərdi dərddə mən,

Öldürün məni, öldürün!

Tanrı bilir, qulsunuz siz,

Tövbə pıçıldar diliniz.

Razıyam, yetsə əliniz,

Öldürün məni, öldürün!

Tanrıdan gələn bir səsəm,

Gəldim rüzgarlartək əsəm.

Öləcəksiz mən ölməsəm,

Öldürün məni, öldürün!

1990