Rüstəm Behrudi – Şaman duasından dar ağacına (страница 10)
18
Bilirsən ruhumdasan,
Şəhər, küçə, kəndbəkənd.
Ürəyimdən içimə
Qanı axan məmləkət.
Çox yenələr yenildi,
Növbə yenə sənindi.
Can verirsən min ildi,
Min ildi can məmləkət.
Bilinməz toyu, yası,
Yazı deyil yazısı
Şəhidindən qazisi
Əvəz çıxan məmləkət.
Sığındıq ona-buna,
Biz utana-utana.
Uzaqdan tabutuna
Durub baxan məmləkət.
Mələklər tutsun yasın,
Baxsın, Tanrı ağlasın
Gözlərinin qarasın
Yada sıxan məmləkət.
Bil çəkəmməz bu dağı,
Hirayla Tanrıdağı.
Ətəyindən aşağı
Qalıb yaxan məmləkət.
Dev sevdası başımda,
Hazırdı başdaşım da
Ürəkdən bu yaşımda
Məni yıxan məmləkət.
Qoy aglasın bu yer,göy,
Gey, matəm libası gey.
Yendirdilər səni bəy,
Əfəndi, xan, məmləkət.
Bilirsən ruhumdasan,
Şəhər, küçə, kəndbəkənd.
Ürəyimdən içimə
Qanı axan məmləkət.