Rüstəm Behrudi – Şaman duasından dar ağacına (страница 7)
QORXU
Allahım, bu nə qorxudu,
Dağ dağdı, çəndə gizlənib.
Hamı çəkilib özünə,
Hər kəs içində gizlənib.
Hər günümüz ahdı belə,
Ahımız günahdı belə…
Bu nə cür Allahdı belə,
Görünmür, dində gizlənib.
Kölgə içindədi, kölgə,
Bu millət, məmləkət, ölkə…
Biz niyə bilmədik, bəlkə,
Haqq məndə, səndə gizlənib.
İçdiyim andda boğuldum,
Bir qaşıq qanda boğuldum.
Boğulub, bir də doğuldum,
Qiyam var – məndə gizlənib.
Susun, qorxaqlar, susun,
Can qorxusu var, var, susun,
Bu nə millətdi, qorxusu
Qorxu içində gizlənib
Allahım, bu nə qorxudu,
Dağ dağdı, çəndə gizlənib…
Hamı çəkilib özünə,
Hər kəs içində gizlənib.
YOLÇULUQ
Mən sevda yolçusuyam,
dəlilik var başımda,
Ona görə sözlərim
kədərlidir, qəm dadır.
Gözləməkdən yoruldum,
son səbri var daşın da,
Duydum daha dözmərəm,
dözüm məni aldadır.
Mən sevda yolçusuyam –
sənətim yolçuluqdur,
Kəsə bilməz yolumu
tale qarla, yağışla.