Rüstəm Behrudi – Şaman duasından dar ağacına (страница 6)
Bir əlində qılınc, birində Quran,
Yadlara qızıl taxt ucaltdı Turan.
Ucaldıb özünə daş atdı Turan
Bəlamız kim deyir tək yaddan gəlir?
Səndən də bil daha dönübdür üzüm,
Min ildir içimi göynədən dözüm.
Mənim qərib-qərib ulayan sözüm
Atilla gözləyən Boz Qurddan gəlir.
Tək sənə inandım, kim olursan ol,
Anam ol, bacım ol, ancaq sən “sən”ol.
Təki sevdiyim qız, bilim bircə yol.
Bu sevdan göydəki son qatdan gəlir.
Mən tənha, qurd yalqız, o Tanrı təkdi,
Yalqızlıq içimdə bir sevda əkdi.
Təkcə mən bilirəm, Boz Qurd nə çəkdi
Nə yaxşı, yazdığım umuddan gəlir.
QURD BAŞLI TUĞLAR BİZİM
Göy Tanrımız var ikən,
Əbədiyyət an olsun!
Kitabımız nə İncil,
Nə də ki Quran olsun!
Ucadadı, ey yağı,
Hiradan Tanrı dağı.
Sənin o puç, bayağı,
Məbədin viran olsun!
Bəsdi gözlədik ilbəil,
Bir "mən" var, məndə deyil.
Daha eynimdə deyil,
Dağ uçsun, aran olsun!
Cana can ver, başa baş,
Bitsin qorxu, bu təlaş;
Savaşımız son savaş,
Qoy qana da qan olsun!
Yaramı bir də yarın,
Tanrı dağına varın,
Qurdu ölən dağların,
Düzəni taran olsun!
Qurdu ölən dağ bizim,
Ötən ötüb, çağ bizim,
Qurd başlı tuğlar bizim,
Gəlsin, doğan dan olsun!
Tanrı vardı, bir də mən,
Bu yer, o göy yox ikən;
Baş kəndimiz Ötükən,
Vətən də Turan olsun!