Səni zalım, qaniçən adlandıran bir qoca.
Casusun dediyindən öfkələndi hökmdar,
Qocanı məhv etməyə fikrində verdi qərar.
Qum tökdürüb üstünə palaz sərdirdi çölə,
Divanə tacidardan qaçardı divlər belə.
Yel sürətli bir cavan çapdı, qocanı tapdı:
– Xain bilir şah səni, oyan! – dedi, – amandı.
O şeytan huylu zalım çağırmamış, özün get,
Yola gətir, inandır, öz dərdinə əlac et!
Dəstəmaz aldı qoca, kəfən geydi əyninə,
Salam verdi ədəblə, gəlib şahın önünə.
Qızmış, qara niyyətli şah yumruğunu sıxdı,
Arxasında dayanmış qocaya kinlə baxdı.
– Eşitmişəm, – söylədi, – danışmısan dalımca,
– Məni qəddar, yelbeyin adlandırmısan, qoca!
Mən Süleyman mülkünün sahibiyəm, bilirsən,
Hansı cürətlə mənə “zalım”, ya “div” deyirsən?
Cavab verdi ixtiyar: – Mən ki ayığam, nə qəm,
Sənin dediklərindən beş qat artıq demişəm.
Qocalar da, gənclər də qan ağlayır əlindən,
Kənd, şəhər – bütün ölkə dad çəkir əməlindən!
Mən ki eyiblərini bircə-bircə sayanam,
Yamanını, yaxşını göstərən bir aynayam.
Düz, dəqiq göstərirsə ayna səni özünə,
Özünü qır, aynanı qırmaq yaraşmır sənə.
Sözlərimi araşdır, dinlə ağıl deyəni,
Düz demirəmsə, əmr et, dara çəksinlər məni.
Qoca ki öz fikrini mərdanə, şax söylədi,
Düz sözü məğrur şaha bir az əsər eylədi.
Yumşaltdı hökmdarı işin qarası, ağı,
Özünün haqsızlığı, qocanın haqq olmağı.
– Kəfənini çıxarın, xələt geydirin ona, –
Hökm elədi hökmdar: – Ətir səpin başına.
İstibdaddan, zülmdən o gündən əl çəkdi şah,
Əziz tutdu xalqını, dərdindən oldu agah.
Şahın dürüst işini heç kəs etmədi inkar,
Doğruluğu danmağa axı kimin şövqü var?
Düzlüklə qurtularsan hər acıdan, ağrıdan,
Qoy düzlük səndən olsun, zəfərlərin Tanrıdan.
Haqq söz halva da olsa, haqsız üçün acıdır,
Haqq – acı, fəqət hamı həqiqət möhtacıdır.
Sözü yerli-yerində, mətləbi düz söyləsin,
Həqiqətin hamisi Tanrı tutar əlindən.
Nizaminin ki düzdür xilqəti də, qəlbi də,
Başa çatar, inşallah, hər işi, mətləbi də.
Gənc şahzadə və onun qoca düşmənlərinin hekayəti
Mən bir dastan eşitdim: uzaq Şərq ölkəsində
Yaşarmış bir şahzadə, sərvlərtək azadə.
Varlıların zülmündən iztirab çəkən diyar,
Rüzgar kimi üsyankar, həyəcanlı, biqərar.
Təzə şah təzə ruhlu, köhnələr ehkam güdən,
Şah özü də qorxarmış oyanan fitnələrdən.
Uyumuşdu bir gecə səksəkəli, nigaran,
Röyasında bir qoca ona dedi: – Ey cavan!
Sən ey tazə doğmuş Ay, köhnə bürcü dağıt, qır,
Ey yeni açılan gül, köhnə budağı sındır.
Köhnəni məhv elə ki, yeni əlində qalsın,
Həyatın da özüntək işıqlı, gözəl olsun.
Şahzadə oyanınca verdi bir yeni fərman,
İki-üç müxalifi çıxartdırdı aradan.
Qanad verdi yeniyə, qələm çəkdi köhnəyə,
Təzə şah təzə bir ruh bəxş elədi ölkəyə.
Bəli, fəsad əhlinin gərək kəsilsin başı,
Andı pozan ordunu ləğv etmək daha yaxşı.
Qartımış kötüklərin sən vurmasan boynunu,