18+
реклама
18+
Бургер менюБургер меню

Низами Гянджеви – Oğluma nəsihət (страница 24)

18
Sənsən cahan şahının gözdə olan gözdəsi, Gərək sənin üz-gözün şah təki şölə versin. Şahı görməklə gülər, şadlıq edər adamlar, Şaha məhrəm olanlar hamıdan şad, bəxtiyar. Dəliqanlı söylədi: – Xəbərin yox, ay nənə, Nələr yatır sinəmdə – sirlə dolu xəzinə. Od tutdum, külə döndüm səbrimin ucbatından! Səbrim saraltdı məni, səbrim yandırdı, inan! Cəlalıtək böyükdür şahın könül aləmi, Əmanət vermiş mənə sirrini göhvər kimi. Saxladığım sirlərdən alışıb yanır sinəm, Heç birini heç kəsə açıb deyə bilmərəm. Sirri açıb deməsəm, partlayacaq ürəyim, Dilimi dişlərimlə doğrayımmı, neyləyim? Bircə gülüşümü də sizdən qızırqanıram, Sirrin quşu ağzımdan uçub gedər, sanıram. Xilas ola bilməsəm bu sirlər caynağından, Qəlbim qana dönəcək, ömrüm zindana, inan! Hiss edirəm, dözməsəm, atsam sirrin daşını, Tale elə həmin gün yeyəcəkdir başımı. – Saqın! Heç kəsə açma, – dedi qarı, – bunları, Öz sirrinin sirdaşı tək özünsən, bil barı. Heç bir kəsə güvənmə, açıq deyim qoy sənə: Hətta öz kölgəni də yaxın bilmə özünə. Rəvamı qılınc ilə al-qırmızı olasan? Ondansa qızıl kimi kaş saralıb solasan. Eşitmişəm, hər gecə dilə çox yalvarır baş: – Saqın! Açma! Amandır, açma sirrimi, qardaş. Baş saxlamaq istəsən, boşboğazlıq eləmə, Sirrini gündüz kimi tökmə bütün aləmə. Dilini saxlayanlar nə dolaşır, nə çaşır, Hürmək yalnız qudurğan köpəklərə yaraşır. Tez kəsilər uzun dil, unutma bircə an da, Dil ağızda gözəldir, qılınc isə qınında. Rahatlığın rəhnidir bu öyüdün mənası, Dilin ucundan gəlir canın-başın bəlası. İstəsən, ah çəkməsin qanlı ləyəndə başın, Dilini dişinlə kəs, sirri açmaqdan daşın! Dilin şəkər də saçsa, dodaqlarını açma, Bil ki, divar dalında dinləyən var, danışma! Çölə bənövşə kimi yaymasan rayihəni, Kimsə başını kəsməz, yerdən qoparmaz səni. Eyibləri görürkən sən gərək lal olasan. Bir az ağır eşitmək, susmaq vaxtıdır, inan! Yazarkən qələmini qıs, cilovla bir qədər, Bil ki, hər kəlmən üçün hesab istəyəcəklər. Axar su kimi pak ol, nə eşitsən, yuyub keç. Gördüyünü aynatək göstərsən də, dinmə heç. Uzaqgörən kişilər heç vaxt həddini aşmaz, Gecə gördüklərini gündüz kimsəyə açmaz. Bu ulduzlu qübbənin heyranıyam, düzü, mən: Xəbərçilik edibmi heç gündüzə gecədən? Sən də bir az pərdəli qalmaq istəsən əgər, Gecə gördüklərini açıb demə gündüzlər. Gecənin ürəyində neçə xəzinələr var, Min-min işıqlı dürrü qaranlığında saxlar. İldırım kimi odlu ürəklə yaşayanlar, Gördüyünün yanından saymazyana sovuşar. Başını doqquz göydən dışarı çıxaranlar, Dəruni aləminin meydanında at çapar.97 Yaxınsa da dillə göz, uzaq biləsən gərək, Necə ki, saç uzaqdır bədəndən çərək-çərək. Eşqin gizli qalması bir möcüzə sayılır, Elə ki üzə çıxdı, xərabatda bayılır.98 Sirr düyünü vurarkən din ipliyi seçdilər,