Burda qarğa qarıldar, burda sağsağan gəzər.
Cəhənnəm əvəz etmiş elə bil cənnət yeri,
Yəhudi məbədinə köçmüş qəsrin qeysəri.
Yaxşılıq elə bil ki, buxarlanıb yoxalmış,
Gül qomları yerində tikan qomları qalmış.
O xəzan bağçasında qoca ayaq saxladı,
Hər şeyə güldüsə də, öz bəxtinə ağladı.
– Bu dünyada heç nəyin vəfası yoxmuş, – dedi.
– Dərdi çox, çəfası çox, səfası yoxmuş, – dedi.
Hər nə ki, baş qaldırır bu torpaqdan, bu sudan,
Axırda viran olur, köklü-köməcli viran!
Xərabat diyarından yaxşı bir yerimiz yox,
Xarab olmaqdan özgə üstün tədbirimiz yox.
Rahib haqqın yoluna çevirincə üzünü,
Həm Tanrını tanıdı, həm dərk etdi özünü.
O sirr gövhərlərinin sərrafı oldu qoca,
Gövhərşünas tərəfdə qaldı ömrü boyunca.
Sən ey məcusilikdən, müsəlmanlıqdan qafil,
Sən qurumuş bulaqsan, damcın da yox, bunu bil.
Sən o hindli qocadan geri qalma, kəm olma,
Tərk elə bu cahanı, bu heçliyə vurulma!
Daim məstsən gül kimi… bu məstlikdən əl çək sən,
Papağın, kəmərinlə çoxmu əylənəcəksən?
Qalx, gülün kəmərini burax əlindən, burax!
Güllər sənin qanınla kəmər bağlayıb ancaq.
Papağınla kəmərin bəla kəsilib sənə,
Sən onları girov ver eşqin meyxanəsinə.
Papaq ucaldar səni, xacə qılar könülə,
Kəmər səni qul eylər bu torpağa, bu gilə.
Çalış, ağalıq, qulluq qəmindən qurtulasan,
Nizamdan Nizamitək, bəlkə, azad olasan.
Çəkişən iki filosofun dastanı
Bir mülkə ortaq olan iki həkim çəkişdi,
Aradan sözmü keçdi, odmu, alovmu keçdi?
Öz nəfsini güdərək hər biri dedi aşkar:
– Bir sarayın sahibi yalnız bir sultan olar.
Əgər haqq ikiləşsə, onu dinləməz heç kəs,
Bir bədənin üstündə iki baş ola bilməz.
Bir məclisin başçısı iki Cəmşid olarmı?
İki qılınc saxlayan bir qın dünyada varmı?
Hər iki filosofun ləngər vurdu qəzəbi,
Çalışdı, özü olsun imarətin sahibi.
Nifrətə çevrilincə qızmış təəssübləri,
Qərara gəldilər ki, boşaltsınlar evləri.
Bacaları suvayıb, gecə yola düşdülər,
Evi satmaq üstündə dilləşib, didişdilər.
Bu işdən vaz keçdilər, seçdilər başqa bir fənd,
Bir-birinə verməyə şərbət düzəldək, şərbət.
Bacardıqca elmdə görək kim kimi ötür?
Kimin şərbətindəki zəhər daha güclüdür?
Kimin ağlı üstünsə, bina qalsın qoy ona,
İki bədəndəki ruh qovuşsun da bir cana.
Birinci iddiaçı düşündü yaxşı-yaxşı,
Bir ağu düzəltdi ki, dəysə yandırar daşı.
Uzatdı rəqibinə: – Zəhər deyil, şərbətdir,
Qəlbə qanadlar verən meydir, nazlı nemətdir.
Aslan ürəkli mərdin titrəmədi əlləri,
“Qənddir, baldır!” – deyərək aldı içdi zəhəri.
Qorxmadı “Nuşiqiya”79, çünki içmişdi öncə,
Zəhər dəyəcək yeri tiryəkləmişdi öncə.
Pərvanə kimi yandı, yenidən qanadlandı,
Gəldiyi məclis yenə onu öz şamı sandı.
Yol üstdəki bağçadan bir qızılgül qopartdı,
Dərhal əfsun oxuyub, düşməninə uzatdı.
Gülü verdi ki, onu öldürsün asan, yüngül,