18+
реклама
18+
Бургер менюБургер меню

Низами Гянджеви – Oğluma nəsihət (страница 13)

18
Zəhmətindən savayı nə gördük bu əkindən? Dəni külə döndərən bu təşnə çöllərdə sən, Yandırsan da canını, nə qazana bilərsən? Cavab verdi ixtiyar: – Gəl incimə sözümdən, Heç nə gözləmirəm mən yerin, suyun feyzindən. Mən bilmirəm, heç suyu varmı, yoxmu tarlanın? Əkmək mənim işimdir, yetişdirmək Tanrının. Bax, budur suyum mənim – alnımdan süzülən tər, Lingim, belim, külüngüm – bu dırnaqlar, bu əllər. Sənin təki səltənət, mülk dərdi çəkmirəm ki, Bütün ömrüm boyunca yetər mənə bu əkin. Məni muştuluqlayıb, xoş müjdələr verənim: Yeddi yüz dən olacaq bu torpaqda hər dənim. Bu taxılı şeytanla şərik əkməmişəm mən, Yəqin, birə yeddi yüz verəcək bu halal dən. Mənə hər şeydən öncə sağlam bir toxum gərək, Sünbüllərin düyünü qoy açılsın qönçətək. Götür-qoy etsələr də bu dünyada nə qədər, Hər bədənə yaraşan münasib don biçərlər. Hər eşşək çəkə bilməz İsa yükünü, qardaş! Dövlətin işlərini qavraya bilməz hər baş. Kərgədan fil boynunu parçalar, düşsə eşqə, Ölü bir çəyirtkəni zorla çəkər qarışqa.53 Yüz nəhri nuş etsə də, səs çıxarmaz ümmanlar, Arx isə bircə seldən coşar, hay-haray salar. Heç kəs gizlənə bilməz, bu göy qübbə altında, Hər kəs öz mərdliyilə çatır şöhrətə, ada. Dövlətliyə yaraşır qeyrət, zəhmət, məşəqqət, Mərdanələr hər dərddən qılar məgər şikayət? Hər kəs Tanrı sirrini saxlamağa qadirmi? Ya naz çəkə bilirmi çınlayan bir saz kimi?54 Naz etməkdən söz açma, yalnız xublar nazlanar, Nizaminin işidir naz çəkmək, ey tacidar!

Qarı ilə Sultan Səncərin hekayəti

Bəla çəkmiş bir qadın bağrı qan, gözü yaşlı, Bir gün Sultan Səncərin ətəyindən yapışdı. Dedi: – Ey sultan, səndən görməmişəm yaxşılıq, Fəqət neçə zülümə şahid olmuşam artıq. Kefli bir darğa gəlib alt-üst etdi yerimi, Şillə çəkdi üzümə, yoldu birçəklərimi. Suçum varmı ki, məni öz evimdən çıxartdı? Saçlarımdan yapışdı, sürüyüb çölə atdı. Onun zülümlərindən nəfəs çəkə bilmirəm, Dağlar basıb köksümə bu vəhşilik, bu sitəm. Yaxamdan yapışır ki, de qatilin adını? Filan gecə kim vurdu kənddə filan adamı? Qapımı sındırır ki, söylə, hardadır cani? Belə də zülm olarmı, ey bu yurdun sultanı? Sərxoş, qatil özüykən, qırır qol-qanadımı, Neçin döyüb, incidir ağbirçək bir qadını? O yanda təbil çalıb, xərac yığırlar onlar, Bir yanda bir qadının üstünə şər atanlar. Əl uzadır bu darğa, bir fikirləş, gör, kimə, Sənin ədalətinə, mənim də ismətimə. Mənim yaralı köksüm yanır dağdan, düyündən, Bezmişəm, əl çəkmişəm, inan, ömürdən, gündən. Şəhriyar! Yerdə qoysan bu zülmü, bu əzabı, Səndən sorulacaqdır qiyamətdə hesabı. Adillik eşqindəsən, bəs hanı ədalətin? Haçan sona yetəcək sitəmin, qəbahətin? Qaydadır ki, sultandan xalqa güc, qüvvət gələr, Bəs niyə səndən bizə daim həqarət gələr? Yetim malını yemək ədalətmidir məgər? Hələ də lənətlənir Abxazda qarətçilər55. Dulların əmlakını soyma, çapma, talama!