Öz işinlə şuğullan, mənə ağıl öyrətmə!
Hər sənətin sahibi sənətilə yaşayar,
Qocalar kərpic kəsər, kölələr yük daşıyar59.
Əziyyətli olsa da, öyrəndim bu sənəti
Ki, boynumda qalmasın bir kimsənin minnəti.
Xəzinə yığmıram ki, məsxərəyə qoyulum,
Əlimin zəhmətilə dolanıram, ay oğlum!
Çörək qazanıram mən, götürmə babalımı,
Min harama dəyişməm birgünlük halalımı”.
Alovlandı gözəl gənc qocanın sözlərindən,
Gedəndə… gildir-gildir yaş axdı gözlərindən.
Yetər, dünya qapısın çox döydün, ey Nizami!
İndi din qapısın döy, çatıb daha məqamı.
Ovçu ilə itin və tülkünün hekayəti
Tez görən, uzaq görən, usta bir ovçu vardı,
Gəzib biyabanları, ov yerini tapardı.
Bəd bir iti vardı ki, çeviklikdə şir, aslan,
Günəş şüalarını ceyran belində tutan.60
Kərgədan tük salardı boynunun qüvvəsindən,
Çöl eşşəyi dişindən, dağ kəli zərbəsindən.
Yolçuluqda ovçunun dostu, arxadaşıydı,
Çox işinə yaramış vəfalı yoldaşıydı.
Gecə keşik çəkən it gündüz əmrə müntəzir,
Görərdin ki, onunçün qida gəzir, yem gəzir.
Bir gün aslan ovçunun yox oldu aslan iti,
Ovçunun göz yaşları ciyərlərini diddi.
Dedi: – Gör miyançısı qəza olan ovlağı!
Şir başından üstündür burda itin ayağı.
Bildi ki, dərd əlindən qanə dönsə də ürək,
Ciyərini dişində tutub tab etmək gərək!
Ovçu dözdü, səbrinin misqal boyda arpası61,
Bəlkə, bir dirhəm62 qədər xeyir gətirdi azı.
Ovçunun qarşısına bir tülkü çıxdı lapdan,
Dedi: – Səbr etmək olmaz, sən ey səbrli insan!
Eşitdim ki, o eşsiz qüdrət, hünər yolçusu,
Dünyadan köçüb gedib… Nə qəm, başın sağ olsun!
Bir anda yaxalardı yüz cüyürü, ceyranı,
Oldu zirəkliyinin, cəldliyinin qurbanı.
Bilirəm, sənin üçün bu dərd hər şeydən betər,
Ovladığın qəm-kədər sənə iki ay yetər.
Qalx, bu ovdan kabab çək, ver könül ziyafəti,
Dərisi dərvişlərin, əti ovçu qisməti.
Bilirəm, çox yemisən dadlı, ləzzətli xörək,
Bir də yağlı tülkülər əlinə keçməyəcək.
Yağlıyıq63, yavanıqmı? Düşündürmür heç səni,
Süfrəmizdən çəkmisən iştahının əlini.
Nə yaxşı ki, uzağam daha sənin torundan,
Nə yaxşı ki, azadam şikarından, darından.
Sirdaşından ayrısan, bəs bu nə cür vəfadır?
Qəm yemirsən… bəs nədən ciyərlərin yaradır?
Ovçu dedi: – Doğacaq… hamilədir bu gecə,
Qəmim bircə günlükdür, keçib gedər indicə.
Bircə bundan şadam ki, bu ölümlü dünyada,
Sevinc, kədər həmişə bir-birini qovmada.
Bu boş, fani dünyada, bu dəyişən qəlibdə,
Xidmət, sərvət, səltənət elə gedib-gəlib də.
Hər şey keçib gedəcək: həm Ay, ulduz, həm fələk,
Rahatlıq da, möhnət də bir gün sona yetəcək.
Bir azca şadlanıram dərdim, qəmim olanda,
Çünki sevinc müjdəsi gətirir qəm cahanda64.
Bu qəmdən Yusif kimi mən bəlaya uğradım,
Fəqət qurd deyiləm ki, dərddən dərimi yırtım.
Ey tülkü, şad olma ki, mənə dağ çəkdi fələk,
Hələ sənintək şikar əlimə çox düşəcək.
Ovçu bunu deyərkən yollar toza büründü,