Мультатули – Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları (страница 3)
İndi mənim qarşımda dayanan həmin bu adam o zaman bizimlə olanlardan biri idi. Düzdür, o zaman bizlərdən yaşça kiçik idi, həmin yunan qıza baxmaq üçün hələ uşaq idi. Yaşca sinifdə ən kiçik olsa da, etiraf etməliyəm ki, çox ağıllı idi. Eyni zamanda tullanmaq, oynamaq və dalaşmaq həvəskarı idi. Bu səbəbdən də bizimlə idi. Uzaqdan yunan qıza baxdığımızda (məncə sayımız 10 idi) onunla necə tanışlıq qura biləcəyimizi dərindən götür-qoy edirdik. Qərara aldıq ki, hamımız pul qoyub ona bir hədiyə alaq. Sonra kimin onunla danışa biləcək qədər cəsarət sahibi olmasına qərar verməkdə çətinlik çəkdik. Püşk atdıq, mənə düşdü. Yeri gəlib, deyim ki, təhlükəli durumlarda cəsarətli olmağı sevmirəm. Mən bir ərəm, bir atayam. Və təhlükəli durumlarda cəsarətli olmağa qalxan hər kəsi axmaq hesab edirəm. Bu barədə İncildə də oxuya bilərsiniz. Təhlükə və bu kimi başqa şeylər haqqında çox-çox illər öncə düşündüyümü indi də düşünməyim mənə böyük məmnunluq hissi bəxş edir. Həmin axşam əlimdə yığdığımız 12 qəpiyi tutub Yunan köşkünə yaxın durduğum anlarda nə düşünürdümsə, indi də həmin fikirdəyəm. Amma yalançı utanc səbəbindən buna cəsarətim çatmadığını yoldaşlarıma söyləyə bilmədim. Bundan əlavə, öz iradəmə qarşı getməli oldum, çünki yoldaşlarım məni irəli itələdi və tezliklə artıq köşkün qarşısında dayanmışdım.
Həmin qızı görmədim. Heç nə görmədim. Gözlərim önündə hər şey yaşıl və sarı oldu.
– Plait il? – o dedi. (Nəsə edə bilərəm?) Bir qədər özümə gəlib davam etdim. “Misir Nildən bir hədiyyə idi.” Əmin idim ki, həmin anda yoldaşlarımdan biri arxadan məni itələməsəydi onunla uğurla tanış olacaqdım. Zərbənin gücündən köşkə sərələndim. Boynumda bir zərbə hiss etdim, ikinci bir az aşağıdan, durumum haqda düşünməyə macal tapmamış yunanla bərabər çadırın içində idim. Kimsə başadüşülən fransız dilində mənə “əclaf” olduğumu və polis çağıracağını söylədi. Hazırda qıza çox yaxın idim, amma bu mənə heç bir zövq vermirdi. Qışqırırdım, aman diləyirdim, çünki çox qorxurdum. Amma köməyim yox idi. Yunan əlimdən tutub qaldırdı və məni vurdu. Gözüm yoldaşlarımı axtardı. Biz elə həmin səhər əlini oda soxan Sevola haqda oxumuşduq. Və Latın dərsimizdə onun elə müsbət, elə yüksək biri olduğu haqda düşündük ki… Amma hazırda mənim üçün əlini oda salan biri yox idi. Mən belə düşündüm. Amma qəfildən “Şallı adam” (daha onu belə çağıracağam) köşkün arxa çıxışına doğru tələsdi. Onda o, nə hündür, nə də güclü idi, amma cəsarətli və çevik oğlan idi. Hələ də onun gözlərindəki parıltını görə bilirəm. O, yunana bir yumruq atdı və mən xilas oldum. Sonradan yunanın onu əməllicə əzişdirdiyini eşitmişdim, amma başqa insanların işlərinə qarışmama kimi prinsipim olduğundan dərhal və tam sürətlə oradan uzaqlaşmışdım. Və heç nə görməmişdim.
Bu səbəbdən də onun üzü mənə parfümü və Amsterdamda bir yunanla dalaşmağın nə qədər asan olduğunu xatırlatdı.
Sonralar, hər dəfə bu adam Vester Marketdə öz dükanında olanda mən əylənmək üçün oradan yan keçib başqa yerlərə gedərdim.
Fəlsəfi müşahidələri çox sevdiyimdən icazə verin bu dünyada hər şeyin necə qəribə qurulduğunu qeyd edim. Həmin qızın gözləri daha işıqlı olsaydı, saçları daha qısa olsaydı, yaxud oğlanlar məni köşkə doğru itələməsəydilər, sən də bu kitabı bu dəqiqə oxumuş olmayacaqdın. Bu səbəbdən də bütün bu olaylara yaxşısı budur minnətdar olasan. İnan mənə, bu dünyada hər şey necə varsa, elə də gözəldir. Hər zaman şikayət edən narazı insanlar heç də mənim dostlarım deyil. Odur, Busselink və Voterman kimi. Nəysə… Mən davam etməliyəm, çünki bu kitabı nəhəng Yaz Qəhvə Hərracına kimi bitirməliyəm. Düzünü desəm, – çünki mən düz danışmağı xoşlayan adamam – həmin adamla yenidən görüşmək heç xoşuma gəlməmişdi. Qəfildən anladım ki, o, fəxr edə biləcəyiniz tanışlardan deyil. Çox solğun görünürdü və saatı soruşduğumda bilmədiyini dedi. Belə şeyləri 20 ildir ki, Qəhvə mübadilə məntəqəsinə gəlib gedən adam əlbəttə ki, müşahidə edir. Çoxlarının çöküşünə şahidlik etmişəm.
Sağa burulacağını düşündüyümdən mən sola döndüm. Amma çifayda… O da sola döndü və mən onunla söhbətə başladım. Amma onun saatı bilmədiyini yadımda saxlamışdım, eyni zamanda fikir verdim ki, paltosunu çənəsinə kimi düymələyib, bu isə yaxşı əlamət hesab edilmir. Belədə mən çox danışmadım. Mənə Hindistanda olduğunu, evləndiyini və övladları olduğunu bildirdi. Lap yaxşı! Amma bütün bunlar mənə maraqlı deyildi axı. Kapelsteqə çatanda – əvvəl heç zaman buradan keçməmişdim, bu, hörmətli əməl hesab edilmir – sağa dönüb Kapelsteq boyunca getməyi düşündüm. Həmin kiçik küçəni arxamızda buraxacağımız anı gözlədim ki, yolunun düz olduğunu özü anlasın. Sonra çox böyük nəzakətlə dedim – mən hər zaman nəzakətliyəm, bilmək olmaz, bəlkə sonradan elə həmin adamı görmək istədim – səni yenidən görməyimə çox şad oldum. Cənab… amma… və, xudahafiz… Mən belə getməliyəm. Sonra o, mənə gicbəsər baxışı ilə baxıb köks ötürdü. Sonra qəfildən paltomun düymələrinin birindən yapışdı:
– Əziz Dristabl, – o dedi. Mən səndən bir şey xahiş etməliyəm!
Başdan ayağa canımdan əsinti keçdi. Saatın neçə olduğunu bilmirdi, amma məndən nəsə xahiş edirdi. Əlbəttə cavabım belə oldu:
– Vaxtım yoxdu, mübadilə məntəqəsinə getməliyəm. Hərçənd axşam idi. Amma 20 ildən artıqdır ki, mübadilə məntəqəsinə gedib gəlirsənsə, bir adam saatın neçə olduğunu bilmədən səndən nəsə xahiş edirsə… Düyməmi onun əlindən qurtardım, nəzakətlə – çünki mən hər zaman nəzakətliyəm – xudahafiz dedim və Kapelsteq küçəsi – başqa vaxt bunu heç zaman etməzdim, çünki bura ilə getmək dəblə uyuşmurdu, dəblə uyuşmağı ilə mən hər şeydən çox sevirəm – ilə yoluma davam etdim. Ümid edirəm ki, məni heç kim görmədi.
ÜÇÜNCÜ BÖLÜM
Növbəti gün, mübadilə məntəqəsindən qayıtdığımda Fred mənə dedi ki, kimsə zəng vurub mənimlə danışmaq istəyib. Əlamətlərin təsvirinə görə bu Şalman idi. O, məni necə tapa bilmişdi axı? Hə, bildim. Kart!
Bu durum məni məcbur etdi ki, uşaqlarımı məktəbdən götürmək haqqında düşünüm. Çünki 20-30 il sonra palto əvəzinə şala bürünən, saatın neçə olduğunu bilməyən bir sinif yoldaşın tərəfindən narahat edilmək çox bezdiricidir. Mən həmçinin, köşklər qoyulduğu müddətdə Vestern Marketə getməyi qadağan etmişdim.
Növbəti gün böyük bir bağlamada məktub aldım. Dərhal açıb oxumağa başladım.
“Əziz Dristubl, (məncə o, cənab yazmalı idi, mən axı dəllalam!) Dünən bir şey xahiş etmək üçün evinə zəng vurmuşdum. Güman edirəm ki, durumun yaxşıdır. (Bu doğrudur, ofisdə 13 nəfərik.) Və mən sənin durumundan istifadə edərək mənim üçün çox önəmli olan bir xüsusu sənin nəzərinə çatdırmaq istərdim. (Yəqin yaz hərracları üçün mənə əlavə komisyon faizi verəcəyini düşünmürsən.) Başıma gələn bədbəxtliklər fonunda hazırda bir qədər pula ehtiyacım var. (Bir qədər! Əynində köynəyi yoxdur, bir qədər yazıb.) Həyatı yaşanıla bilən etmək üçün zəruri olan hər şeyi arvadıma verə bilmirəm, uşaqlarımın təhsili isə maddi sıxıntılardan dolayı istədiyim kimi getmir. (Həyatı yaşanıla bilən etmək? Uşaqlarımın təhsili? Nə düşünürsən, arvadına operaya mövsümlük bilet istəyir, yoxsa övladlarını Cenevrədəki gimnaziyaya yerləşdirmək düşüncəsindədir?) Payız idi, hava çox soyumuşdu, o isə sobasız çardaqda yaşayırdı. Ondan məktubu alanda bundan xəbərsiz idim, amma sonradan yanına getdim. Və hələ də məktubunu yazdığı axmaq tərzə görə ona acıqlıyam. Bu nə axmaqlıqdır! Hansı kasıb belə şey deyər? Kasıb adamlar olmalıdır da! Bu, cəmiyyət üçün vacibdir. Əgər o, əl açıb ianə ummursa, heç kimi bezdirmirsə,onun yoxsulluğu vecimə deyil. Amma məsələni maskalamaq çox yersizdir. İndi gəlin görək başqa nə yazıb. “ Mən öz ailəmi dolandırmağa məcburam. Mən, məndə olduğunu düşündüyüm istedaddan istifadə etməyə qərar vermişəm. Mən şairəm. (Paah, böyük iş olub, oxucu, özün bilirsən də, mən və başqa düşüncəli insanlar bu barədə nə düşünür.) Həm də yazıçıyam. Uşaqlıqdan mən öz hisslərimi misralarla ifadə etmişəm, sonradan da buna davam etmişəm. Mən qəlbimin hisslərini şeir misralarına tökmüşəm. Düşünürəm ki, bəzi qiymətli işlər ortaya qoymağı bacarmışam və özümə naşir axtarıram. Çətinlik bundadır. Mən geniş oxucu kütləsinə tanış deyiləm, naşirlər isə adamı yazdığının məzmununa görə deyil, reputasiyasına görə qiymətləndirirlər. (Biz də qəhvəni məhz belə qiymətləndiririk: onun ticarət markasına görə.) Mənim işimin məziyyəti yalnız “nəşr” olunandan sonra formalaşa bilər. Kitab satıcıları isə bütün xərcləri qabaqcadan tələb edirlər. (Bu məsələdə onlar tamamilə haqlıdır.) Bu durum isə hazırda mənə heç uyğun deyil. Mən isə öz növbəmdə elə əminəm ki, işim bütün xərcləri qarşılayacaq. Mən söz verirəm, bu barədə istənilən adamı əmin edirəm.Və mən bizim srağagünkü görüşümüzdən ilhamlanmışam. (O, bunu “ilhamlanma” adlandırır. Mən qərara gəlmişəm ki, sən mənim üçün kitabsatanlara zamin dayanarsan. Yalnız ilk nəşr üçün, lap kiçik bir kitab olsa belə. Göndərdiyim bağlamada sən bir neçə əlyazma da görəcəksən, həmin əlyazmalardan sən mənim nə düşündüyümü, nə üzərində işlədiyimi və nələr yaşadığımı böyük ölçüdə öyrənmiş olacaqsan. (Onun necə bir işlə məşğul olması haqqında heç zaman eşitməmişdim.) Və əgər məndə “özünü ifadə etmək” istedadı varsa, istəmirəm ki, mənim özümü ifadə etmə bacarığım, istedadım itib-batsın. Səndən xoş cavab alacağıma ümid edirəm. Sənin keçmiş sinif yoldaşın. (Və yazının sonunda adını yazıb, amma adını sirr kimi saxlamaq istərdim, çünki heç kimi faş etməyi xoşlamıram.)