18+
реклама
18+
Бургер менюБургер меню

Мультатули – Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları (страница 5)

18
Onun əziz ana vətənində qovuşacam! Amma bəs belə bir parlaq sevgi, Həyatımı başlayan bu sevgi, Göylərdən gələn bu sevgi, Oğul mərhəhəməti, şəfqəti deyil nədir? Ana bətnindən yenicə ayrılan körpə, Ana gözlərindəki şeh dənələri Tutqunluqdan, qaranlıqdan görünən işıq. Onu ətrafında nə varsa işıqlandırır. O, anasının sinəsini əmir, Ona həyat verən həmin axını. Uca yaradan məni özünə götürmə! Əvəzində anamı mənə ver!

DÖRDÜNCÜ BÖLÜM

Davam etməzdən öncə cavan cənab Sternin gəldiyini deməliyəm. Yaxşı oğlandır. Fəal və ağıllı görünür. Amma məncə o, – almanlar dediyi kimi – “fantaziyalı” biri idi. Merinin 13 yaşı var. Onun geyimi çox yaxşıdır və əlində Holland stilini məşq etmək üçün qeyd dəftərçəsi var. Mənə maraqlıdır, görəsən tezliklə Lüdviq Sterndən sifariş alacağammı? Meri onun üçün bir cüt tərlik toxuyacaq. Cavan cənab Sterni nəzərdə tuturam. Busenlik və Voterman səhv etmişdir, hörmətli dəllal nəyinsə yerinə nəsə qoymur. Dediyim budur. Şəkər çuğunduru taciri Rozemeyr ailəsinin təşkil etdiyi məclisdən bir gün sonra mən Fredi çağırdım və “Şallı kişi”nin qutusunu gətirməyi də tapşırdım. Oxucu, bilməlisən ki, mən öz ailəmdə din və mənəviyyatla bağlı məsələlərdə çox dəqiqəm. Dünən axşam, ilk armudumu yediyim anlarda qızlardan birinin sifətindən oxudum ki, “Şallı kişi”nin qutusundan çıxan şeirdəki nəyinsə səhv olduğunu düşünür. Mən özüm dinləmirdim, amma Betsinin çörəyini əzib parçaladığını gördüm və bu mənə kifayət edirdi. Yəqin, başa düşmüsən, oxucu, mən dünya adamıyam. Freddən xahiş etdim ki, dünənki qutudan gözəl şeiri çıxardıb mənə gətirsin. Tezliklə Betsini çörəyini əzib ovxalamağa məcbur edən misraları gördüm. Orada anasının sinəsinə sıxılan bir körpədən söhbət açılır. Bu barədə mən heç nə demirəm. Amma – “anasının uşaqlığını yenicə tərk etmiş körpə” – bunu bəyənmədim, arvadım da. Merinin 13 yaşı var. “Kələm” və başqa şeylər haqqında biz danışmırıq. Mən mənəviyyata böyük önəm verdiyimdən burada hər şeyi öz adı ilə çağıra bilmərəm. Və mən şeiri əzbər bilən Fredi məcbur elədim mənə söz versin ki, bunu bir daha təkrar etməyəcək. Ən azından Doktrinanın üzvü olan kimi – çünki ora cavan qız gəlmir. Sonra onu siyirtməmə qoydum, şeir yazılan kağızları deyirəm. Amma mənə həm də maraqlı gəlirdi, görəsən qutuda başqa adamı incidən təbiətə sahib nəsə vardımı? Açıb diqqətlə baxmağa, təftiş etməyə başladım. Hər şeyi oxuya bilmədim, çünki yazılanlardan çoxu bilmədiyim xarici dildə yazılmışdı. Amma sonda gözüm “Menado iqamətgahında Qəhvə mədəniyyəti” adlı bir sənədə sataşdı. Ürəyim sevincdən guppuldamağa başladı, çünki mən Laurier kanal 37 ünvanında qəhvə dəllalı olaraq çalışıram və “Menado” çox yaxşı marka hesab edilir. Beləliklə bu, mənəviyyatdan uzaq misralar yazan “Şallı kişi” Qəhvə ticarətində olubmuş. İndi qutuya tamam başqa gözlə baxırdım. Onun içində tam olaraq başa düşmədiyim sənədlər, razılaşmalar gördüm. Amma onlar ticarət bilikləri nümayiş etdirirdi. Onların arasında məğzini tam olaraq başa düşmədiyim bəyannamələr, problemlər, razılaşmalar vardı. Və hər şey elə dəqiqliklə, elə qayğı ilə yazılmışdı ki, mən sözün qısası – çünki mən böyük həqiqət aşiqiyəm – bu “Şallı kişi” ilə bağlı düşündüm ki, əgər üçüncü məmur işdən çıxsaydı, – bu isə ehtimal olunan gedişatdır, çünki o həm qoca, həm də axmaqdır – asanlıqla onun yerinə işə girə bilərdi. Əlbəttə, hər şeydən öncə mən istərdim ki, onun dürüstlüyü, dini baxışları və hörməti haqqında bir xasiyyətnamə alım, çünki hər yoldan ötəni işə götürmürəm. Bunlar mənim üçün oturuşmuş prinsiplərdir. Sən onları mənim Lüdviq Sternə yazdığım məktubda da görmüsən.

Qutunun içindəkilərə maraq göstərdiyimi Fredə bildirmək fikrində deyildim. Bu səbəbdən də onu oradan uzaqlaşdırdım. Bir-birinin ardınca müqavilələri əlimə götürdükcə beynim dumanlandı. Doğrudur, onların arasında şeir çox idi, amma faydalı olan şeylər də az deyildi. Və müxtəlif, çoxçeşidli mövzular məni xeyli təəccübləndirdi. Qəbul edirəm, – çünki mən həqiqəti sevirəm – bütün ömür boyu qəhvə biznesində olan biri kimi tənqid etmək durumunda deyiləm. Amma hələ bu qədər uzaq getmədən kifayət qədər maraqla bəzi nəsnələrin adını çəkə bilərəm. Artıq yunanın tarixçəsini sizə danışdığımdan, mənim cavanlıqda latın dilini öyrəndiyimi bilirsiniz, hərçənd yazılarımda sitatlardan qaçmağa çalışıram, – bu isə bir qəhvə dəllalının iş yerində doğru olmazdı – amma bütün bunları görəndə ağlımdan keçirdiyim məhz aşağıdakı sitat oldu:” De omnibus aliquid, de toto nihi.” yaxud “ Multa non multum.”

Hə, bunları daha çox əsəbi olduğum üçün, həm də latın dilində danışmaq üçün dedim. Əslində dediklərimi ciddi nəzərdə tutmurdum. Çünki nəyisə bir müddət nəzərdən keçirirdimsə, mən gərək müəllifin bu haqda bütün biliklərə sahib olduğunu düşünərdim. Və hətta bu düşüncəni dəstəkləmək üçün kifayət qədər sağlam arqumentlərim də vardı. Mən qutunun içində müqavilələr və araşdırmalar haqqında sənədlər tapdım:

• Sanskritdə, Teutonic dillərin anası kimi.

• Körpə öldürmənin cəzası haqqında.

• Nəcibliyin mənşəyi haqqında.

• “Sonsuz zaman və əbədilik” anlayışlarının fərqi haqqında.

• Şanslar nəzəriyyəsi haqqında.

• İş kitabı haqqında. (İş haqqında daha başqa nələrsə vardı. Amma onlar şeir formasında idi)

• Atmosferdəki protein haqqında.

• Rus siyasəti haqqında.

• Saitlər haqqında.

• Hücrələrdəki dustaqlar haqqında.

• Qədim hipotezalar haqqında.

• “Horror vacui” haqqında.

• Cəzaların ləğvinin arzulanması haqqında.

• Hollandların ispanlara qarşı qiyamının səbəbləri haqqında. Bu səbəbin dini istək və siyasi azadlıq olmaması haqqında.

• Əbədi hərəkət haqqında.

• Dairənin kvadrata çevrilməsi haqqında.

• İşıq barədə düşünmək haqqında.

• Xristianlıq başlayandan sivilizasiyanın məhvə doğru getməsi haqqında.

• İsland mifologiyası haqqında.

• Rosusseaunun Emiliyası haqqında.

• Günəş sisteminin mərkəzində olan Sirius haqqında.

• Faydasızlıq, kobudluq, ədalətli olmama, mənəviyyatsız (bu haqda daha əvvəl heç zaman eşitməmişəm) kimi idxal keyfiyyətlər haqqında.

• Ən qədim dilin misraları haqqında. (buna inanmıram)

• Ağ qarışqalar haqqında.

• Düyü mədəniyyəti haqqında.

• Hidravlik məsələlər haqqında.

• Qərb sivilizasiyasının aşkar yüksəlişi haqqında.

• Yava qəhvəsinin qiyməti haqqında.

• Çindəki gizli cəmiyyətlər haqqında və s.

Bu son deyildi. Şeirlərdən danışmasaq – onlar isə hər dildə yazılmışdı – bir çox kiçik müqavilənin heç adı yox idi. Malay dilində romanslar, yava dilində müharibə nəğmələri. Çoxlu bilmədiyim dillərdə məktublar da tapdım. Bəziləri ona ünvanlanmışdı, bəziləri onun tərəfindən yazılmışdı, bəziləri isə yalnız sürətləri idi. Amma açıq-aşkar bəzi xüsusi səbəblər üçün yazıldığı bilinirdi. Çünki bütün məktublar başqa adamlar tərəfdən imzalanmışdı. Onlar imzaları ilə orijinalla razılaşdıqlarını təsdiqləyirdi. Mən həmçinin, gündəlikdən seçmələr, qeydlər və adda-budda fikirlər – onların sayı çox idi – də gördüm. Daha əvvəl də qeyd etdiyim ki, bəzi müqavilələri kənara qoymuşdum. Çünki mənə elə gəldi onlar biznesimdə mənə faydalı ola bilər. Və mən öz biznesim üçün yaşayıram. Amma etiraf etməliyəm ki, çoxu ilə nə edəcəyimlə bağlı heç bir fikrim yox idi. Qutunu ona göndərə bilməzdim, çünki harada yaşadığını bilmirdim. Bu indi açıq idi. İçindəkilərə baxdığımı inkar edə bilməzdim. Bu qədər həqiqət carçısı olan birinin bunu inkar etməsi mümkün deyildi. Çünki qutunu çalışıb açılmazdan öncəki vəziyyətinə qaytarmaq istəsəm də, alınmamışdı. Həm də açığı qəhvə haqqında bəzi yazılar diqqətimi çəkmişdi, onlar mənə faydalı ola bilərdi, istəmirdim qaytarım. Hər gün bir az ordan, bir az burdan oxuyuram və hər gün daha çox əmin oluram ki, bu sətirlərin müəllifi – dünyada baş verən bu qədər çox şeydən xəbərdar olduğu üçün – qəhvə dəllalı olmalıdır. Tam əminəm ki, şəkər çuğunduru biznesi ilə məşğul olan Rozemeyrlər belə bu qədər geniş bilgiyə sahib deyil.

İndi isə qorxurdum ki, bu “Şallı kişi” qəfildən, gözlənilmədən peyda ola bilər. Deyər sənə yenə sözüm var. Hazırda həmin axşam Kapelsteqdən keçdiyim üçün üzgün idim. Gərək həmin dəbdə olmayan küçələrdən keçməzdim, indi buna görə özümü narahat hiss edirdim. Əlbəttə, əgər gəlsə, məndən bir qədər pul istəyəcək, öz qutusu haqda danışacaqdı. Ola bilsin, mən də ona nəsə verəcəkdim. Və əgər növbəti gün mən ona qutunu göndərsəydim də yaxşıca çeşidləyib, ələyib sonra göndərəcəkdim. Kitabım üçün lazım olanları bir kənara qoyar, digərlərini yandırardım, ya da zibil qutusuna tullayardım. Bunu indi edə bilməzdim. Çünki geri dönsəydi, onun əmlakını yenidən hazırlamalı olacaqdım. Və o, mənim onun bəzi müqavilələrində gözüm olduğunu görüncə tezliklə şirniklənər və bunun üçün çox böyük məbləğ tələb edərdi. Çünki bir satıcıya qiymətini qaldırmaq üçün heç nə alıcının doğrudan da onun malları ilə maraqlanması qədər stimul vermir. Bu səbəbdən işini bilən tacir də belə durumlardan imkanı olduğu qədər qaçır. Mənim daha əvvəl qeyd etdiyim digər bir ideyam var, həmin ideya tez-tez qəhvə mübadiləsi məntəqəsinə gələn bir insanın həm də insan təəssüratlarına necə açıq olduğunu sübut edir. Bu Bastianus idi, üçüncü məmur. Qocalan və getdikcə gicbəsərləşən həmin məmur. Son zamanlar ayın 30 günündən heç 25-ini də ofisdə olmur. İşə gələndə də çox vaxt işini pis görür. Səmimi bir insan kimi şirkətin maraqlarını ön planda tutmağa məcburam. Meyrlər təqaüdə çıxdığından “Last Və Ko”nun maraqlarını üstün tutmağa, hər kəsin öz işi ilə məşğul olmasına nəzarət etməyə məcburam. Çünki səhv etməyə, şirkətin pullarına qarşı hisslərimlə davranmağa haqqım yoxdur. Bu mənim prinsipimdir. Həmin Bastianusa öz cibimdən 3 qulden verməyi üstün tuturam, nəinki hər il onun layiq olmadığı 700 qulden verməyi!