18+
реклама
18+
Бургер менюБургер меню

Мультатули – Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları (страница 2)

18

Mən də çox vicdanlı və fəzilətliyəm, amma bunun üçün mükafat istəyirəmmi? İşlərim yaxşı gedəndə – çox zaman bu məhz belə olur – arvadım, uşaqlarım sağlam olanda, həkimlə bir işim olmayanda, yaşlılığım üçün hər il kənara bir qədər pul ata biləndə, Fred özünü yaxşı aparanda, mən yaşlaşıb təqaüdə çıxıb Driebergendə bağ evində oturacağımı düşünəndə məmnun oluram. Amma bütün bunlar sadəcə durumların təbii nəticəsidir. Həm də öz işimlə məşğul olduğum üçün. Vicdanım və fəzilətim müqabilində heç nəyə iddia etmirəm. Və mənim vicdanlı adam olmağım həqiqətə olan sevgimdən bəlli olur. Bu mənim inancımdan sonra ikinci ən böyük meylimdir, əziz oxucu, istəyirəm səni bunun həqiqətən də belə olduğuna əmin edim, çünki bu amil mənim bu kitabı yazmağıma üzrxahlıqdır. Digər eyni dərəcədə olan güclü ehtiras isə mənim öz biznesimə olan sevgimdir. Mən Laurier Kanal 37 ünvanında yaşayıram və qəhvə dəllalıyam. Hə, oxucum, bu kitab öz varlığını mənim həqiqətə olan əyilməz sevgimə və biznesimə olan böyük canfəşanlığıma, şövqümə borcludur. Hər şey necə baş verib, sənə danışacağam. Amma indi səni bir müddətlik tərk etməliyəm, çünki qəhvə mübadilə məntəqəsinə getməliyəm. Və bu arada ikinci bölümü də sənin diqqətinə çatdırıram. Dua et və bunu özünlə götür, gərəyin ola bilər. Bura bax, bu da mənim vizit kartımdır – Meyrlər artıq oyun xaricində qaldıqlarından “Ko” yazılıb, qoca Last isə mənim qaynatamdır.

Last və Ko, Qəhvə dəllalları, Laurier Kanalı 37.

İKINCI BÖLÜM

Qəhvə mübadilə məntəqəsində işlər zəifləyib. Yaz hərracı yenidən onu qaydasına salacaq. Amma bununla belə heç nə etmədiyimizi də düşünmə. Busenlik və Votermanda ticarət hələ də durğundur. Qəribə dünyadır: 20 il bu mübadilə məntəqəsinə tez-tez gəlib-gedəndən sonra təcrübə qazanılır. Düşünə bilərsən, onlar – Busenlik və Votermanı deyirəm – məni Ludviq Sternlə ticarətdən kənarlaşdırmağa çalışıblar. Bilmirəm, qəhvə mübadiləsi ilə tanışsan, ya yox, deyim ki, Stern Hamburq şəhərinin ən tanınmış qəhvə ticarətçilərin-dən biridir. O, hər zaman “Last and Ko”nun xidmətlərindən istifadə edib. Bunu – Busenlik və Votermanın arxamca iş çevirməklərini deyirəm – tam bir təsadüf nəticəsində aşkar etmişdim. Onlar dəllallıq haqqını dörddə bir qədər azaltmağı təklif etdilər. Alçaq adamlardır, başqa heç nə deyə bilmərəm. İndi bax gör mən onları dayandırmaq üçün nə etmişəm. Bəlkə də mənim yerimdə başqa kim olsaydı, Ludviq Sternə yazardı: biz də faiz dərəcəsini aşağı salacağıq və ümid edirik ki, siz “Last və Ko”nun üzünmüddətli xidmətini nəzərə alacaqsınız.

Hesablamışam ki, bizim firmamız son 50 ildə Strernlə işbirliyi nəticəsində dörd yüz min qulden qazanıb. Biz onlarla qitədə iş görməyə başlayandan, müstəmləkə ərazilərdən buraya mal gətirənlərlə işbirliyindəyik. Yox, faiz dərəcəsinin azalmasına razılıq verməyəcəyəm.

Polen qəhvə evinə getdim, kağız-qələm sifariş verib yazdım: “Şimali Almaniyadan aldığımız şərəfli komissiya haqqına görə bizim biznes fəaliyyətimiz genişlənmişdir (Bu sadə həqiqətdir. Dünən axşam bizim kitabxanaçımız saat 11-dən sonra ofisdə qalıb eynəklərini axtarırdı.) və bu bizim sıralarımızın genişlənməsinə səbəb olmuşdur. Hər şeydən vacib, biz alman dilində yazışmalarımızı aparmaq üçün hörmətli, təhsilli bir cavana böyük ehtiyac duyurduq. Hə, əlbəttə Amsetrdamda xeyli sayda cavan alman var, hansı ki, tələb olunun kriteriyalara cavab verir (bu da həqiqətdir). Amma həmin hörmətli şirkət cavanların avaralanmağını, mənəviyyatsızlığını görəndən, hərəkətlərində artan macərapərəstliyi müşahidə edəndən sonra təbii olaraq göstərişlərin həyata keçirilməsində bir çox düzəlişlər edilməsinə zərurət hiss edib. (İstəyirəm biləsən ki, bu da həqiqətdir, yalnız həqiqət.) Yəni belə bir firma – Laurier Kanalı 37 ünvanında yerləşən “Last və Ko” qəhvə dəllalları – yeni simaların işə götürülməsinə kifayət qədər istiqanlı yanaşa bilməz.

Oxucu, bütün bunlar sadə həqiqətlərdir. Bilirsən, hər zaman qəhvə mübadiləsi məntəqəsinin yanında, 17-ci sütuna söykənib dayanan cavan alman Busenlik və Votermanın qızı ilə qaçmışdır. Bizim Merimiz də onun kimi bu sentyabrda 13 yaşını tamamlayacaq.

Cənab Safaleri dinləmək şərəfinə layiq görülmüşəm. (Safaler Stern üçün səfərlər edir.) Şirkətin hörmətli başqanı Ludviq Sternin Ernest Stern adlı oğlu var. O, bir müddət “Holland evi”ndə işləməyi arzulamışdır.

“Və mən bu məsələdən xəbərdaram.”– (Burada mən yenidən işçilərin mənəviyyatsızlığına və həmçinin Busenlik və Votermanın qızlarının tarixçəsinə işarə edirəm.) Və bu məsələdən xəbərdar olduğum üçün də bütün varlığımla cənab Ernest Sternə şirkətimin Alman nümayəndəliyini təklif etmək istəyirdim.

Abırlı davranıb qonorardan, yaxud maaşdan söhbət açmadım, sadəcə bunu bildirdim:

– Əgər cənab Ernest Stern bizimlə Laurier Kanalı 37-də olmaq istəsə, arvadım bir ana kimi onun qayğısına qalar və onun döşəkağlarını elə evdəcə yamayar. (Bu lap doğrudur, çünki Meri həm yaxşı tikir, həm də yaxşı toxuyur.) Və sonda dedim, – biz dindar ailəyik.

Sonuncu cümlə yerinə düşə bilər, çünki Sternlər lüteranlardır. Yazdığım məktubu yolladım. Başa düşdüyün kimi qoca cənab Stern, oğlu bizdə işləsə, işlərini Busenlik və Votermanla görə bilməz.

Cavabı narahatlıqla gözləyirəm. Amma gəlin hələlik kitabıma qayıdaq. Bir müddət öncə bir axşam Kalver küçəsi ilə gəzirdim, baqqal dükanının qarşısında dayanıb onun həvəslə çeşidləməsinə nəzər yetirdim.

Orta ölçülü Java dənələri, gözəl, sarı Çeribon qəhvəsi, az zədələnib.

Mən hər şeylə maraqlanan olduğumdan bu diqqətimi çəkdi. Qəfildən yanımda, kitab dükanının qarşısında dayanan centlmenə gözüm sataşdı. Onu daha əvvəl haradasa gördüyümü zənn etdim, amma boşuna xatırlamağa çalışdım, çünki yadıma heç nə düşmədi. O da deyəsən məni tanımışdı. Çünki eyni anda bir-birimizə baxdıq. Etiraf etməliyəm ki, saxta qəhvəni gördüyümdə bu mənə həddən artıq maraqlı gəldi. Onun paltarları nimdaş idi, buna sonradan fikir verdim. Yoxsa heç diqqətimi çəkməzdi. Amma sonra qəfildən düşündüm, bəlkə o, alman firması üçün ticarət səfərində olan biridir və özünə etibarlı bir dəllal axtarır. Onun sifəti daha çox tipik alman sifətinə bənzəyirdi, xarici görünüşündə səyyaha xas nələrsə vardı. Sarışın, mavi gözlü idi. Eyni zamanda onunla bağlı nəsə vardı ki, xarici olduğunu bağırırdı. Hörmətli qış paltosu əvəzinə əynində şal və çiynində sırıqlıya oxşar bir şey vardı. Sanki yenicə uzun sayəhəti sonlandırıbmış kimi bir görkəmi vardı. Mən bir müştəri gördüyümü zənn edib ona iş kartımı verdim: Last və Ko, Qəhvə dəllalı, 37. O, bunu götürdü, gözünə yaxınlaşdırdı və dedi: – Bağışla, amma mən səhv salmışam. Elə bildim köhnə məktəb yoldaşımla qarşılaşmışam. Amma… Last… Bu həmin soyad deyil.

– Üzr istəyirəm, – mən dedim. Çünki mən hər zaman nəzakətliyəm. – Mən cənab Dristublam – Batavus Dristubl. “Last və Ko” qəhvə dəllalığı ilə məşğul olan şirkətdir və Laurier Kanal 37 ünvanında yerləşir.

– Lap yaxşı, Dristubl, sən məni tanımırsan? Üzümə bax. Onun üzünə baxdıqca daha çox xatırlayırdım. Amma hər nə qədər qəribə səslənsə də, onun üzü məndə elə bir təəssürat yaradırdı ki, sanki xarici parfüm iyləyirəm. Oxucu, bu dediklərimə gülmə. Tədricən bunun necə baş verdiyini özün də görəcəksən. Tam əmin idim ki, üzərində bir damcı da olsun parfüm yox idi, bununla belə çox güclü, mənə nələrisə xatırladan bir iy gəlirdi. Və mən onu tanıdım.

– Məni yunanın əlindən qurtaran sən idin? – mən soruşdum.

– Hə, əmin ola bilərsən ki, mən idim. Sən necəsən?

Ona ofisimizdə 13 nəfər çalışdığımızı, işimizin həddən ziyadə çox olduğunu, sonra isə işlərimizin necə çoxaldığını deyib onun vəziyyətini xəbər aldım. Buna çox peşman oldum. Maddi durumu heç də ürəkaçan deyilmiş, mən isə kasıb adamları xoşlamıram, çünki çox zaman bu onların öz günahı olur. Allah ona etibarlı olan bəndələrini pulsuzluqla sınamaz. Gərək “biz 13 nəfərik” deyəndən sonra “gecən xeyrə” deyib sağollaşardım. Bu zaman ondan da yaxamı qurtarmış olardım. Amma suallar və verilən cavablar ondan yaxamı qurtarmağı hər keçən dəqiqə çətinləşdirirdi. Hərçənd etiraf etməliyəm ki, ondan yaxamı qurtarsaydım, indi sənin oxumağa kitabın da olmazdı. Çünki bu kitab var oluşuna görə məhz həmin görüşə borcludur. Mən hər şeydə bir xeyir axtarıram, belə etməyənlər naşükür insanlardır. Onların varlığına dözə bilmirəm. Bəli, bəli. Bu, məni yunanların cəngindən xilas edən həmin adam idi. Hərçənd məni piratların əsir götürməsini, yaxud Levantda dava salmamı düşünməyinizi də istəmirəm. Artıq sizə evliliyimdən sonra arvadımla bərabər Haaqaya getdiyimizi, orada muzeyə baş çəkib Veene küçəsindən mənə mahud parçadan köynək aldığımızı demişəm. Bu, mənim Amsterdamdakı ağır işimin icazə verdiyi yeganə ekskursiya oldu. Yox, onun yunanın burnunu ovması mənim hər zaman başqalarının işinə qarışmağım ucbatından oldu. Məncə 1834-cü ilin sentyabrında Amsterdamda hər il baş verən yarmarka vaxtında baş vermişdi. Valideynlərim məndən din adamı etmək istədiklərindən mən Latin dilini öyrəndim. Sonradan mənə qaranlıq qaldı, holland dilində “Allah gözəldir” demək üçün Latın dilini öyrənməyə nə gərək var? Hə, Latın dili məktəbinə getdim. (İndi o, gimnaziya adlanır.) Və yarmarka orada keçirilirdi. Yəni, Amsterdamdakı həmin yarmarkada. Vester Marketdə dükanlar vardı. Və əziz oxucum əgər sən Amsterdamdansansa və mənim yaşıdımsansa, o zaman həmin köşklərdən birinin qabağında qara gözlü yunan geyimli gözəl bir qızın dayandığını xatırlayarsan. Onun atası da yunan idi, ən azından yunan xarici görünüşünə sahib idi. Onlar hər cür parfüm satırdı. Mən sadəcə həmin qızın çox gözəl olmasını düşünmək üçün çox yaşlıyam. Onun barəsində danışmağa isə cəsarətim yetmirdi. Belə bir cəhd etsəydim də, nəticəsiz qalacaqdı. Çünki 18 yaşında bir qız 16 yaşında bir oğlanı körpə hesab edir, haqlıdır da. Hərçənd, bizlər, məktəbli oğlanlar hər zaman həmin qızı görmək üçün Vester Marketə gedirdik.