Mirzə Ələkbər Sabir – Məktəb şagirdlərinə tohfə (страница 6)
Bu iki vazeh ehtimalı görün;
Vəqtdən daim istifadə edin,
Elm təhsilini iradə edin;
Çalışın, biniyaz olun, çalışın!
Elm ilə sərfəraz olun, çalışın!
Gələcək günlərin səadətini –
Qazanın fəzlü fəxrü izzətini.
Sizdədir millətin ümid gözü, –
Hal ilə söyləyir sizə bu sözü.
Dinləyin yanğılı sədalərini!..
Eşidin atəşin nəvalərini69!..
Oxuyun, millətin nicatı70 olun!
Ta əbəd baisi-həyatı olun!
TƏBİB İLƏ XƏSTƏ
Bir təbibə gedib də bir bimar71
Dedi: “Mədəmdə ağrı bir şey var;
Bir dəva ver, mana əlac eylə,
Ölürəm, çareyi-mizac72 eylə”.
Tutdu nəbzin təbib onun dərhal:
“Nə yemişsən?” – deyə edincə sual,
Dedi: “Yanmış çörək yedim, doktur73,
Yediyim bir əlavə şey yoxdur”.
Baxa qaldı təbib onun sözünə,
İstədi bir dəva tökə gözünə.
Xəstə: “Mədəmdir ağrıyan, a gözüm,
Yoxsa məfhumunuz deyilmi sözüm?”
Dedi doktor ona ki: “Ey əhməq,
Eybli olmasa gözün mütləq,
Yanmış əkmək yeməz idin əsla,
Bu səbəblə yarar tökülsə dəva”.
QOCA BAĞBAN
Bir taqım74 gənc yol kənarından
Keçərək bir bağın civarından75,
Gördülər yüz yaşında bir bağban
İşləyir bağda səy ilə hər an;
Titrəyə-titrəyə əli, bir də
Alma çərdəkləri əkər yerdə.
Gülərək etdilər sual: “A qoca,
Yüz yaşında nədir bu hal, a qoca?”
Dedi: “Yer şumlayıb cəfa çəkərəm,
Torpağa alma çərdəyi əkərəm”.
Dedilər: “Bunda bir səlahın76 yox,
Sən bu gün var isən, səbahın yox.
İndi əkdiklərin nə vəqt çıxar?
Bu çıxınca səni zəmanə yıxar…
Rahət ol, çəkmə boş yerə zəhmət,
Olamaz meyvəsi sənə qismət!”
Dedi: “Əkmişlər, almışız, yemişiz,
Xeyrlə yad edib dua demişiz;
Əkəriz biz daha yeyənlər üçün,
Əhli-xeyrə dua deyənlər üçün”.
QARINCA
Gördülər bir qarınca bir mələxi77
Daşıyır qarşısında sürət ilə;
Dedilər: “Murə78 bax ki, bunca yükü
Qaldırır bir zəif qüvvət ilə”.
Dedi: “Sus, qüvvəti-bədənlə deyil,
Çəkərəm qüvvəti-həmiyyət79 ilə”.
Ey oğul, murdən götür ibrət,
Get ağır işdə işlə qeyrət ilə!
Ufacıq80 işləri hünər sanma,
Böylə işlər keçər sühulət81 ilə.
Hünər oldur ki, bir böyük əməli
Edəsən həll min süubət82 ilə.
Kişilər himməti dağı qoparır,