реклама
Бургер менюБургер меню

Марк Твен – Tom Soyerin macəraları (страница 3)

18

Lovğalığın axırı

Səhər ibadətindən sonra Tom Tövratdan şeir əzbərləməyə başladı. Tom bütün qüvvəsini topladı. Amma onun beynində dərsdən başqa, nə desən var idi.

Meri onu yoxladı. Amma Tom heç iki misranı da dalbadal deyə bilmədi. Meri dedi:

– Sən gərək dərsini başdan-ayağadək təzədən əzbərləyəsən. Yaxşı öyrənsən, sənə maraqlı bir şey bağışlayacağam. Hə, di ağıllı ol, başla!

Tom işə «möhkəmcə girişdi». Nəhayət ki, bir neçə şeir əzbərləyə bildi. Bunun əvəzində isə Meri ona ikiağızlı təzə cib bıçağı bağışladı. Tomun sevincinin həddi-hüdudu yox idi. Doğrudur, bıçağın ağzı heç bir şey kəsmirdi, amma bu, əsl bıçaq idi

Bazar günü məktəbinə getmək vaxtı idi. Merinin köməyilə Tom əl-üzünü yudu. Sonra Meri Tomun yalnız bazar günləri geydiyi, «o biri kostyum» adlanan təzə kostyumunu şkafdan çıxarıb gətirdi. Onun başına şlyapa qoydu, ayağına çəkmə geyindirdi.

İndi Tom yaraşıqlı görünürdü. Amma özünü çox narahat hiss eləyirdi.

Meri də bircə dəqiqənin içində geyindi. Uşaqların üçü də bazar günü məktəbinə yollandılar. Tom bu məktəbə ürəkdən nifrət eləyir, Meri ilə Sid isə onu sevirdi.

Bazar günü məktəbində saat doqquzdan on birin yarısınadək məşğələ keçirlər. Sonra isə ibadət başlanırdı.

Qapının ağzında Tom ayaq saxladı ki, özü kimi bayramsayağı geyinmiş bir dostu ilə danışsın:

– Bura bax, Billi, səndə sarı bilet var?

– Var.

– Ona nə verim?

– Nəyin var?

– Bir parça şirin biyan kötüyü, bir dənə də balıqçı qarmağı.

– Göstər.

Tom göstərdi. Dostu bəyəndi, onlar qiymətli əşyalarını dəyişdilər. Bundan sonra Tom iki sədəf daşı üç qırmızı biletə, sonra da müxtəlif dəyərsiz əşyalarını iki göy biletə dəyişdi. O, başqa uşaqlardan da müxtəlif rəngli biletlər aldı. Sonra kilsəyə girib yerində oturdu. Amma yerində sakit dura bilmədi. Gah ona sataşdı, gah buna. Müəllim də elə hey onu töhmətləndirdi.

Tomgilin sinfindəki uşaqların hamısı eyni xasiyyətli: nadinc, şuluq və sözəbaxmayan uşaqlar idi. Biri də tapşırılmış şeiri əzbər deyə bilmirdi. Hamısına kömək eləmək lazım gəlirdi. Bununla belə, onlar birtəhər şeiri axıra çatdırır və hər biri mükafat alırdı. Bu mükafatlar balaca göy biletlərdən ibarət olurdu. Tövratdan əzbərlənmiş iki şeirin əvəzində bir göy bilet verilirdi. Belə göy biletlərin on dənəsi bir qırmızı biletə bərabər idi. On qırmızı bilet isə bir sarı biletə bərabər idi. On sarı biletin əvəzinə məktəbin müdiri tələbələrə Tövrat bağışlayırdı. Meri iki il səbirlə çalışıb iki Tövrat almışdı.

Bu hədiyyənin verilməsi çox nadir və unudulmaz bir hadisə idi. Hamı uğur qazanmış şagirddən danışırdı. Bu da başqa uşaqların qəlbində şöhrətpərəstlik hissi oyadırdı. Ola bilsin ki, Tom da məhz bu şöhrətə can atırdı.

Müdir mister Uolters çox ciddi görünsə də, əslində çox namuslu və səmimi adam idi. O, dini nitqini bitirən kimi uşaqların arasında pıçapıç başladı.

Hakim Tetçer dörd nəfərin müşayiəti ilə içəri girmişdi. Onlardan biri əldən düşmüş bir qocaydı. O biriləri saçlarına dən düşmüş orta yaşlı bir cənab və yəqin ki, onun arvadı olan əzəmətli bir qadın idi. Qadın balaca bir qızın əlindən tutmuşdu.

Tom balaca yad qızı görən kimi kefi kökəldi, qəlbi sevincdən çırpındı.

Qonaqları yuxarı başda əyləşdirdilər. Onları bütün məktəbə təqdim elədilər. Orta yaşlı cənab çox mötəbər bir adam imiş. O, kim olsa yaxşıdır? Dairə hakimi, uşaqların ömürlərində görmədikləri ən yüksək mövqeli bir şəxs! Özü də buradakı hakimin qardaşı idi. Cef Tetçer dərhal irəli çıxdı. Bütün məktəbə acıq verə-verə böyük adamla yaxın tanış olduğunu hamıya göstərdi.

Mister Uolters də bərk canfəşanlıq eləyirdi. Kitabxanaçı özünü gözə soxmaq üçün qoltuğunda bir yığın kitab o tərəf bu tərəfə qaçırdı.

Mister Uoltersin tam səadəti üçün yalnız bircə şey çatışmırdı – Tövratı təqdim eləyib uşaqların biliyi ilə lovğalanmaq. Tələbələrin bəzilərində sarı biletlər var idi, ancaq heç kəsdə kifayət qədər deyildi.

Elə bu an Tom Soyer əlində doqquz sarı bilet, doqquz qırmızı bilet və on göy bilet irəli çıxdı. Özünə Tövrat tələb elədi. Bu, günəşli gündə ildırım çaxmasına bənzər bir şey idi. Mister Uolters Tom Soyerin ən azı yaxın on il ərzində Tövrat tələb eləyəcəyini qətiyyən gözləmirdi. Ancaq əlac yox idi – öz əli ilə qol çəkdiyi qəbzlər təqdim olunmuşdu. Tomu qonaqların əyləşdiyi yerə dəvət elədilər. Bu gözlənilməz xəbər kafedradan elan edildi. Oğlanlar paxıllıqdan yanıb töküldülər. Hamıdan da çox peşman olub əzab çəkən öz biletini Toma verənlər idi. Gec də olsa, anlamışdılar ki, bu fırıldaqçının belə yüksəlməsinə özləri kömək eləyiblər. Onlar bu hiyləgər fırıldaqçının tələsinə düşüb aldandıqları üçün özlərinə nifrət eləyirdilər.

Yazıq müdir hiss eləyirdi ki, burada nə isə bir sirr var və yəqin ki, bunun üstünü açmaq mümkün olmayacaq. Heç ağıla sığan şey deyil ki, bu uşaq iki min Tövrat şeirini beyninə yığa bilsin. Çünki Tom heç onca şeiri də yadda saxlaya bilmirdi; müdir də bunu bilirdi.

Emi Lourens həm qürurlanır, həm də sevinirdi. Amma Tom ona tərəf heç baxmırdı da. Görəsən, niyə? Emi fikrə getdi. Tomun ona məhəl qoymaması qızı çox kədərləndirirdi. Birdən onda tutqun bir şübhə oyandı. Qız diqqət yetirməyə başladı. Tomun ötəri bir baxışı ona çox şeyi başa saldı, elə o saatca da acığından və qısqanclıqdan az qaldı ağlaya. Dünyada hamıdan zəhləsi getdi. Hamıdan da çox Toma nifrət etdi. Hər halda ona elə gəlirdi.

Tomu hakimə təqdim elədilər. Ancaq uşağın dili tutuldu, ürəyi şiddətlə döyünməyə başladı. Bunun bir səbəbi hakimin çox zəhmli olmasıydı, ikinci və əsas səbəbi də o idi ki, bu kişi həmin qızın atası idi. Hakim Tomun başını sığalladı, adını soruşdu. Tom dili dolaşa-dolaşa dedi:

– Tomas Soyer… ser.

– Afərin! Qiyamət oğlansan. İki min şeir – bu çoxdur, lap çoxdur. Buna o qədər zəhmət sərf eləməyinə heç vaxt heyifsilənmə. Çünki bilik dünyada hər şeydən qiymətlidir. Bizi yaxşı və hətta dahi adam eləyən də bilikdir. İndi mənə öyrəndiyin şeirlərdən bir neçəsini əzbər deyərsənmi? Əlbəttə, deyərsən! Şübhəsiz ki, İsanın on iki şagirdinin adı sənə məlumdur. Bəlkə, sən bizə onlardan birinci çağırılan iki nəfərin adını deyəsən?

Tom düymələrini dartışdırır və utana-utana hakimin üzünə baxırdı. Sonra qıpqırmızı qızarıb gözlərini yerə dikdi. Mister Uoltersin ürəyi yerindən oynadı. Öz-özünə düşündü ki, bu uşaq ən sadə suala belə cavab verə bilmir. Bunu sorğu-suala tutmaq, görəsən, hakimin hardan ağlına gəlib. Ancaq o hiss elədi ki, bir söz deməlidir.

– Cənaba cavab ver, Tomas, qorxma.

Tom dinmirdi.

– Mən bilirəm ki, o, mənə deyəcəkdir, – deyə xanım sözə qarışdı. – Hə, Tomas, ilk iki şagirdin adı…

– David və Qoliaf3.

Bu səhnənin sonluğunu təsəvvür etməyi oxucunun öz öhdəsinə buraxırıq.

Sehrbazlıq və qadın füsunkarlığı

Bazar ertəsi səhər Tom yuxudan oyandıqda özünü tamamilə bədbəxt hiss eləyirdi. Həmişə belə olurdu. Çünki bu gündən məktəbdə yeni əzab və əziyyətlər həftəsi başlanırdı.

Tom özünü xəstəliyə vurdu. Polli xala isə ona inanmadı. Amma biləndə ki, Tomun bir dişi laxlayır, sap gətirib Tomun ağrıyan dişinə bağladı və dişi dartıb çıxartdı.

Səhər yeməyindən sonra Tom məktəbə getdi. Yolda o, Heklberri Finnə rast gəldi. Nəcib qadınların Heklberri Finndən zəhləsi gedirdi. Çünki Hek tənbəl, nadinc bir uşaq idi və heç kəsin sözünə baxmırdı. Üstəlik onun atası şəhərdə əyyaş kimi tanınırdı, daim sərxoş olurdu. Uşaqların isə Hek üçün ürəkləri gedirdi. Heklə oynamaq qadağan edilsə də, həmişə onunla görüşməyə çalışırdılar.

Tom da bütün günü veyil-veyil gəzib-dolaşan Heklberriyə həsəd aparırdı. Heklə oturub-durmaq Toma da qadağan edilmişdi. Lakin o, Heklə oynamaq üçün heç bir fürsəti qaçırmırdı. Heklberrinin əynində həmişə başqasının çıxarıb atdığı köhnə paltar olardı. Şlyapa əvəzinə başına əzik-üzük bir şey keçirərdi. Gödəkcəsinin ətəyi az qalırdı dabanlarına dəysin. Heklberri kefi istəyəni eləyirdi. Ona kimdənsə icazə almaq lazım deyildi. Nə məktəbə gedirdi, nə də kilsəyə. Dalaşmağı heç kəs ona qadağan eləmirdi. Lap gecədən xeyli keçənə qədər yatmaya bilərdi. Ona nə yuyunmaq, nə də təmiz geyinmək lazım idi, söyüşməkdə də ki, böyük məharəti vardı. Bir sözlə, bu cır-cındırlı səfil uşaqda həyata məna verən bütün imkanlar var idi. Sent-Pitersburqdakı ləyaqətli ailələrdən olan bütün uşaqlar belə düşünürdülər.

Tomun dişi laxlayırdı. Əiinə yaxşı fürsət düsmüşdü. Xalasına deyib məktəbdən qalmaq istədi. Ancaq xalast sapla dişini dartıb usağın arzusunu ürəyində qoydu.

Heklberrinin əlindəki ölü pişik Tomu çox maraqlandırdı. Oğlan dedi ki, ölü pişiklə ziyillərini aparacaq.

– Ölü pişiklə ziyili necə aparırlar? – Tomu maraq bürüdü.

– Necə aparırlar? Bu, lap asandır. Camaat ölmüş bir günahkarı qəbiristanda basdırır. Sən də gecə yarısı pişiyi də götürüb ora gedirsən. Düz gecə yarısı şeytanlar gəlir, əlbəttə, bunu görmürsən. Ancaq ki, qulağına bir səs dəyir, elə bil ki, külək əsir. Onlar həmin o günahkarı qəbirdən çıxardıb aparanda pişiyi dallarınca atıb demək lazımdır: «Şeytan meyit dalıncan, pişik şeytan dalıncan, ziyil pişik dalıncan!» Bundan sonra əlində bircə ziyil də qalmayacaq.

– Bəs sən bunu nə vaxt eləmək istəyirsən?

– Elə bu gecə. Məncə, şeytanlar bu gecə o kaftar Vilyamsın dalınca gələcəklər.

– Məni də özünlə apararsanmı?

– Əgər qorxmasan, apararam.

Onlar razılaşıb ayrıldılar.

Tomun sinfə girməsi mürgüləyən müəllimi oyatdı.