реклама
Бургер менюБургер меню

Марк Твен – Tom Soyerin macəraları (страница 4)

18

– Tomas Soyer!

– Mən buradayam, ser.

– Yaxına gəlin. Adətiniz üzrə, yenə də gecikmisiniz? Nəyə görə?

Tom cəzadan yaxasını qurtarmaq üçün bir söz tapıb demək istəyirdi. Birdən gözü qızılı rəngli, uzun, qoşa hörüklərə sataşdı. Sinifdə yeganə boş yer o qızın yanında idi. Tom tərəddüd etmədən dedi:

– Yolda bir dəqiqəliyə ayaq saxladım ki, Heklberri Finnlə danışam!

Müəllim elə bil ki, iflic oldu – karıxmış halda gözlərini Toma zillədi. Sinifdəki uğultu kəsildi. Şagirdlər fikirləşirdilər ki, yəqin, bu cəsarətli uşağın başına hava gəlib. Müəllim dedi:

– Tomas Soyer, bu, ömrümdə eşitmədiyim ən heyrətli bir etirafdır. Belə bir hərəkət üçün sizi xətkeşlə döymək kifayət etməz. Gödəkcənizi çıxarın.

Müəllimin qolu yorulub gücdən düşənə qədər işlədi. Nəhayət, əmr verildi:

– İndi isə, ser, gedin qızların yanında oturun! Qoy bu, sizin üçün dərs olsun.

Sinifdə qopan ani gülüşmə Tomu pərt eləmişdi. Əslində isə Tomun qızarmasına səbəb tamamilə başqa şey idi. O, yeni ilahə qarşısında xəcalət və utancaqlıq hiss eləyirdi. Digər tərəfdən də, bəxti gətirdiyinə görə ürəyi sevinclə dolu idi.

Tom qızın yanında oturandan sonra gizli-gizli ona baxmağa başladı. Qız bunu hiss elədi, nifrətlə dodaqlarını büzdü. Tom onun qabağına bir şaftalı qoydu. Qız əliylə onu geri itələdi, Tom qrifel taxtasına: «Xahiş eləyirəm götürəsiniz, məndə yenə var» – sözlərini yazdı. Qız taxtaya baxdı, amma bir cavab vermədi. Tom taxtanın üstündə nə isə bir şəkil çəkməyə başladı. O, “əsərini” sol əli ilə gizlətmişdi. Əvvəlcə qız heç bir şeyə fikir vermək istəmirdi, ancaq sonda qadınlara məxsus maraq ona üstün gəldi. Qız Tomun çəkdiklərinə elə maraq göstərdi ki, axırda onunla tanış oldu. Adı Bekki Tetçer idi. O, Tomdan xahiş elədi ki, ona da rəsm çəkməyi öyrətsin.

Tom yenə də sol əli ilə gizlədib nə isə yazmağa başladı. Qız xahiş elədi ki, Tom nə yazdığını ona göstərsin. Tom dedi:

– Elə bir şey deyil…

– Yox, göstərin.

– Axı göstərməyə dəyməz. Sizinçün maraqlı olmaz.

– Yox, olar! Xahiş edirəm, göstərin.

– Sonra gedib mənim haqqımda ona-buna danışarsınız.

– Heç nə demərəm. Sizə söz verirəm. And içirəm ki, ağzımdan bircə kəlmə də söz çıxmaz.

– Heç kəsə bir söz deməyəcəksiniz ki? Lap ölənə qədər bu sirri saxlayacaqsınız?

– Heç kəsə demərəm, arxayın olun. Di göstərin.

O, xırdaca zərif əli ilə Tomun əlindən yapışdı. Balaca bir çəkişmə başlandı. Tom qəsdən özünü elə göstərirdi ki, guya, müqavimət göstərir. Əslində isə yavaş-yavaş əlini yazının üstündən çəkirdi. Nəhayət, yazılmış sözün üstü açıldı: «Mən sizi sevirəm!»

– Ah, yaramaz! – deyə qız Tomun əlinin üstünə yavaşca vurdu. O qızarmışdı. Amma, deyəsən, razı qalmışdı.

Olanlar Tomu necə həyəcanlandırmışdısa, bildiyi də yadından çıxdı. Coğrafiyadan dərsə cavab verəndə gölləri dağlara, dağları çaylara, çayları isə qitələrə çevirdi və Yer üzündə böyük qarışıqlıq yaratdı. Sonra imla yazanda ən sadə sözlərdə səhv buraxdı. Ona görə də imla yazıdan axırıncı yeri tutdu. Düzgün yazı yazmadığına görə bir neçə ay sinəsində gəzdirdiyi qalay medal ondan alınıb başqa şagirdə verildi.

Məhəbbət və ürək çırpıntıları

Məktəblilər böyük tənəffüsə buraxılanda Tom Bekki Tetçerin yanına qaçdı. Pıçıltı ilə ona dedi:

– Şlyapanızı başınıza qoyun, guya ki, evinizə gedirsiniz. Tinə çatanda o biri qızlardan ayrılıb məktəbə qayıdın. Mən sizi burda gözləyəcəm.

Bir neçə dəqiqədən sonra onlar sinifdə görüşdülər. Məktəbdə onlardan başqa, heç kim qalmamışdı. Skamyaların birində əyləşib, qrifel taxtasını öz qarşılarına qoydular. Tom qızın əlindən tutub şəkli necə çəkməyi öyrətməyə başladı. Bu qayda ilə gözəl bir ev şəkli çəkdilər. Sonra söhbət etməyə başladılar. Tom səadət dəryasında üzürdü. O, Bekkidən soruşdu:

– Siz heç sirkdə olmusuz?

– Hə, atam deyib ki, özümü yaxşı aparsam, yenə aparacaq.

– Ancaq mən dörd dəfə getmişəm. Sirkin yanında kilsə heç nədi. Sirkdə həmişə maraqlı bir şey göstərirlər. Böyüyəndə mən də gedib sirkdə kloun olacağam.

– Doğrudan? Bu lap yaxşı olar! Onlar elə qəşəngdirlər ki… paltarları da al-əlvan.

– Elədir. Bura baxın, Bekki, siz heç adaxlanmısınız?

– O nə deməkdir ki?

– Necə yəni nə deməkdir? Əvvəlcə adaxlanırlar ki, sonra ərə getsinlər.

– Yox, mən adaxlanmamışam.

– Adaxlanmaq istəyərdizmi?

– Bəlkə də. Düzü, heç bilmirəm. O nəyə oxşayır?

– Nəyə oxşayır? Nəyə oxşayacaq, heç bir şeyə. Siz oğlana deyirsiniz ki, ömrünüzdə ondan başqa heç kimi sevməyəcəksiz. Sonra isə öpüşürsüz, vəssalam.

– Öpüşürük? Öpüşmək nə üçün?

– Bilirsizmi… ona görə ki… ona görə ki, qaydadır, hamı belə eləyir.

– Hamı?

– Əlbəttə, bir-birini sevənlərin hamısı. Taxtaya yazdığım sözlər yadınızdadırmı?

– Hə…

– Nə deyirsiz?

– Bir söz deyə bilmərəm.

– Bəlkə, mən sizə deyəm?

– Yaxşı, ancaq başqa bir vaxtda.

– Yox, mən indi istəyirəm.

– İndi yox, yaxşı olar ki, sabah deyəsiz.

– Yox, indi yaxşıdır. Bekki, razı olun, nə olar! Mən lap yavaşcadan, pıçıltı ilə deyərəm.

Bekki tərəddüd elədiyindən Tom bunu razılıq saydı. Onun çiyinlərini qucaqladı, ağzını az qala qulağına yapışdırıb pıçıldadı: «Mən səni sevirəm!»

Sonra isə əlavə elədi:

– İndi həmin sözləri sən də mənə pıçılda.

Qız bir qədər müqavimət göstərdikdən sonra dedi:

– Üzünüzü yana çevirin ki, heç bir şey görməyəsiz. Onda pıçıldayaram. Ancaq ki, heç kəsə danışmayın, heç kəsə, yaxşımı, Tom?

– Yox, heç kəsə bir söz demərəm. Hə, Bekki, de görək!

Tom üzünü yana çevirdi. Qız o qədər yaxına gəldi ki, onun nəfəsindən Tomun başının tükləri tərpəndi. O, pıçıltı ilə dedi:

– Mən sizi sevirəm… sevirəm!

Bunu dedikdən sonra qız sıçrayıb yerindən qalxdı. Sonra bir küncə sıxılıb ağ yaxalığı ilə üzünü örtdü. Tom Bekkinin boynunu qucaqlayıb onu dilə tutmağa başladı:

– Hə, Bekki, daha hər şey qurtardı, bircə öpüşmək qalır. Sən lap nahaq yerə qorxursan. Bu, çox sadə bir şeydir. Xahiş edirəm, Bekki, başla görək! – Tom bunu deyib qızın əlindən və yaxalığından çəkməyə başladı.

Qız yavaş-yavaş yumşaldı, əllərini aşağı saldı. Qızarıb pörtmüş üzünü Toma tərəf tutdu. Tom onun dodaqlarından öpüb dedi:

– Vəssalam, bunda nə var ki, Bekki! Bilirsən, daha bundan sonra sən heç kəsi sevməməlisən. Məndən başqa, heç kəsə ərə getməməlisən. Bu daha həmişəlik, ömürlük bir şey oldu. Yaxşımı, Bekki?

– Hə, Tom, bundan sonra heç kəsi sevməyəcəm. Ancaq sən də məndən başqası ilə evlənmə.

– Bəs necə, əlbəttə. Belə də olmalıdır. Məktəbə də birlikdə gələcəyik. Evə də bir yerdə gedəcəyik. Oyun oynayanda da həmişə sən məni seçəcəksən, mən də səni. Qayda belədir, nişanlı oğlanla qız həmişə belə eləyirlər!

– Nə yaxşıdır! Mən heç bilmirdim.