реклама
Бургер менюБургер меню

Марк Твен – Tom Soyerin macəraları (страница 2)

18

Qiyamət rəngsaz

Şənbə gününün səhəri gəlib çatdı. Yay gününün təmiz havasında hər şey par-par parıldayır, həyat qaynayırdı.

Tom əlində əhəng vedrəsi və uzun fırça səkidə göründü. O, barını gözdən keçirəndə kədərləndi. Doqquz fut1 hündürlüyündə, otuz yard2 uzunluğunda taxta barı! Həyat ona boş və mənasız, yaşayış isə ağır bir yük kimi göründü. O, köksünü ötürüb fırçanı əhəngə batırdı. Bir-iki dəfə divara çəkdi. Amma hələ nə qədər iş var idi! Kefi lap pozuldu.

Cim əlində dəmir vedrə darvazadan çıxdı. Yəqin, ona su gətirməyi tapşırmışdılar. Əvvəllər quyudan su daşımaq Toma cansıxıcı bir iş kimi görünürdü. Amma indi buna başqa cür baxdı. Yadına düşdü ki, quyunun başı həmişə adamla dolu olur. Ağların və zəncilərin uşaqları – oğlanlar, qızlar həmişə quyunun başına yığışır. Növbə çatana qədər dincəlir, bir-biriləri ilə oyuncaqlarını dəyişir, güləşir və oynayırlar. Tom dedi:

– Bura bax, Cim, mən sənin əvəzinə suya gedərəm. Sən gəl buranı bir az ağart.

– Yox, mister Tom, qoca xanım tapşırıb ki, tez su gətirim. O, mənə tapşırıb ki, Tom səni çağıracaq, deyəcək gəl barını ağart, sən isə ona qulaq asma! Xanım dedi ki, barı ilə özü məşğul olacaq.

– Cim, o, çox şey deyə bilər! Vedrəni ver mənə, tez doldurum gətirim. Onun heç xəbəri də olmaz.

O, Cimi yoldan çıxartmaq istəyirdi. Amma bu vaxt Polli xalanın səsi gəldi. Heç bir dəqiqə keçməmiş Cim əlindəki vedrəni danqıldada-danqıldada küçə ilə bərk qaçırdı. Tom böyük səylə hasarı ağardır, Polli xala isə təntənəli bir vüqarla, əlində ayaqqabısı evə girirdi.

Amma Tomun belə səylə işləməsi uzun sürmədi. Qüssə onu boğurdu. Bir azdan başqa uşaqlar evlərindən çıxıb gəzməyə gedəcəklər. Toma isə güləcəklər, lağ eləyəcəklər ki, o, işləməyə məcburdur. Bunu fikirləşdikcə onun bədəni od tutub yanırdı. O, bütün var-dövlətini cibindən çıxarıb gözdən keçirməyə başladı: bunlar sınıq-sökük oyuncaqlar, kiçik bəzəkli daşlar və hər cür xırım-xırda idi. Bunlar heç bircə saatlığına azadlığı almağa yetməzdi. Tom uşaqları rüşvətlə yoldan çıxartmaq fikrindən daşındı. Amma birdən ağlına başqa bir fikir gəldi!

O, sevincək fırçanı əlinə götürdü. Divarı daha böyük səylə rəngləməyə başladı. Bir az keçmiş Ben Rocers göründü – Tom hamıdan artıq onun istehzalarından qorxurdu. Ben alma yeyirdi. Tom onun yaxınlaşdığını gördü, amma qətiyyən Benə məhəl qoymadı. Oğlan gözlərini ona dikib soruşdu:

– Aha, deyəsən, yedəklənmisən! Yaxşıca ələ keçmisən!

Cavab çıxmadı. Tom fırça çəkdiyi yeri bir rəssam gözü ilə nəzərdən keçirdi. Sonra ehtiyatla fırçanı həmin yerə bir də çəkdi. Ben yaxına gəlib onun yanında durdu. Tom almanı gördükdə ağzı sulandı. Amma özünü o yerə qoymadı. Ben dedi:

– Hə, dost, deyəsən, işləmək lazım gəlir, hə?

Tom ona tərəf döndü:

– Ben, sənsən? Heç gəldiyini görmədim!

– Bura bax, Tom, mən çimməyə gedirəm. Sən istəmirsən? Yox əşi, sən, yəqin ki, işləyəcəksən, hə?

Tom diqqətlə Benin üzünə baxıb soruşdu:

– Sən iş nəyə deyirsən?

– Səncə, bəs, bu iş deyil?

Tom fırçanı divara çəkdi:

– Nə bilim, bəlkə, işdir, bəlkə də, heç iş deyil! Ancaq bircə onu bilirəm ki, bu, Tom Soyerin ürəyindəndir.

– Əşi, burax görək! Guya, barı ağartmaqdan çox xoşun gəlir!

Tom əlini bir dəqiqə də olsun saxlamırdı.

– Xoşuma gəlir? Niyə də gəlməsin, bizim kimilərinə barı ağartmaq həmişə qismət olmur.

Bundan sonra iş sanki Benin gözündə dəyişib başqa şəkil aldı. O, alma gəmirməyindən əl çəkdi. Tom fırçanı ehtiyatla irəliyə-geriyə aparırdı. Arabir öz işinin nəticəsindən həzz almaq üçün dayanıb baxırdı. Sonra yenə də fırçanı işə salırdı. Get-gedə Benin bu işə marağı artdı. Birdən o dedi:

– Bura bax, Tom, ver bir az da mən ağardım!

Tom xalasının ona tapşırdığı işi uşaqlara gördürdü. Özü isə əlini ağdan-qaraya uurmadı. Vaxünı da çox şən keçirdi.

Tom fikirləşdi, razılaşacaqdı, amma birdən fikrini dəyişdi.

– Yox, Ben, baş tutmaz. Polli xala bu barının üstündə yamanca əsir. Bilirsən, bura barının küçə tərəfidir. Polli xala üstündə əsir!

– Qoy, heç olmasa, bir az ağardım, bax… Lap azca… İstəyirsən almanın yarısını sənə saxlayım?

– Nə deyirəm… Amma yox, Ben, yaxşısı budur ki, əl vurmayasan. Mən qorxuram.

– Almanın hamısını sənə verərəm!

Tom sevincini büruzə vermədi. Almanı alıb qırağa çəkildi. Ben isə tər tökə-tökə divarı rəngləyirdi.

Ben yorulub gücdən düşənə qədər Tom başlarına yığışmış uşaqlardan növbə düzəltmişdi. Özü də bu növbələr elə-belə deyildi. Tom divarı rəngləməyin əvəzinə uşaqlardan nəsə alırdı. Günortaya yaxın kasıb Tom xeyli varlanmışdı. Artıq onun köhnə bir çərpələngi, ölü siçovulu, on iki kürəciyi var idi. Hələ bu nədir? Gözə tutub baxmaq üçün göy şüşə sınığı, bir cüt çömçəquyruğu, bir gözü kor pişik balası onu lap varlandırmışdı.

Tom əlini ağdan-qaraya vurmadı. Vaxtını da çox şən keçirdi. Barıya üst-üstə üç dəfə əhəng çəkildi. Əgər onun əhəngi qurtarmasaydı, şəhərin bütün uşaqlarını müflis eləyəcəkdi.

Naməlum gözəl qız

Tom barını ağardandan sonra Polli xaladan təşəkkür əvəzi yekə bir alma aldı. Onun kefi kökəlmişdi. Axı Polli xala gəzməyə icazə vermişdi. Üstəlik o, fürsət tapıb qara sap məsələsinin heyfini Siddən çıxmışdı. Əlinə keçən kəsəkləri Sidin başına yağdırmışdı. Polli xala Sidin köməyinə çatana qədər o, aradan çıxmışdı.

Tom şəhər meydançasına tərəf yollandı. Burada qabaqcadan olan danışığa əsasən iki ordu döyüşə hazır bir vəziyyətdə düzlənmişdi. Bunlardan birinə Tom, o birinə isə onun ayrılmaz dostu Co Harper komandanlıq eləyirdi. Hər iki böyük sərkərdə özlərini o qədər də alçaq tutmurdular ki, gedib döyüşəydilər – bu, xırda-mırdaların işi idi.

Sərkərdələr hündür bir yerdə yanaşı oturub hərbi əməliyyata rəhbərlik eləyirdilər.

Uzun və şiddətli vuruşmalardan sonra Tomun ordusu böyük qələbə qazandı. “Ölənləri” hesaba aldılar, “əsirləri” dəyişdilər. Gələn dəfə nə vaxt müharibə elan eləmək və nə üstündə vuruşmaq haqqında razılığa gəldilər. Sonra hər iki ordu sıraya düzülüb yola düşdü. Tom isə tək-tənha evlərinə tərəf yollandı.

O, Cef Tetçerin yaşadığı evin yanından keçəndə bağda tanımadığı bir qız gördü. Bu, iki uzun sarışın hörüyü olan, göy gözlü qəşəng bir qız idi. Bir az bundan əvvəl böyük döyüş qələbələri qazanmış qəhrəman, bircə atəş belə açılmadan qızın əsiri oldu. Əvvəllər məftun olduğu Emi Lourens bir dəqiqədə onun qəlbindən silindi. Tom elə bilirdi ki, onu dəlicəsinə sevir. Amma indi məlum oldu ki, bu, yalnız ötəri bir maraq imiş.

Nə qədər ki qız ona baxmırdı, Tom uzaqdan-uzağa bu yeni məlaikəyə göz qoydu. Sonra, guya, qızın orada olduğundan xəbərsizmiş kimi cürbəcür oyunlar çıxartmağa, özünü göstərməyə başladı. Özünü qıza göstərmək, onun xoşuna gəlmək istəyirdi. Uzun müddət müxtəlif sarsaq oyunlardan çıxdı. Amma qız tərəfə baxanda gördü ki, o, evlərinə gedir. Tom kədərləndi, gedib hasara söykəndi. Qız artırmada bir dəqiqə ayaq saxlayıb qapıya sarı yönəldi. Tom dərindən köks ötürdü. Amma elə o saat da onun üzü güldü. Qız gözdən itməzdən əvvəl dönüb barının üstündən Toma bir çiçək atdı.

O, çiçəyə tərəf qaçıb, onu yerdən götürdü. Sonra özünü xəlvətə verdi ki, çiçəyi gödəkcəsinin altında gizlətsin.

– Axşam yeməyi zamanı Sidi daşqalaq etdiyinə görə Tom möhkəmcə danlandı. Bir azdan Polli xala mətbəxə getdi. Sid qənddanı götürüb öz qabağına qoymaq istədi. Amma əlində saxlaya bilmədi, qəndqabı yerə düşüb çilikləndi. Tom bərk sevindi. Qərara gəldi ki, özü bu haqda xalasına bir söz deməsin. Polli xala qənddanı kimin sındırdığını soruşanda məsələni açıb desin. Xalanın öz “sevimlisini” necə kötəkləyəcəyinə tamaşa eləməyin ayrı ləzzəti var idi! Amma Polli xala qayıdıb çiliklənmiş qəndqabını görəndə Tomun peysərinə bir şapalaq ilişdirdi. İkincini də vurmaq istəyəndə Tom qaraqışqırıq qopartdı:

– Dayanın, əlinizi saxlayın, axı məni niyə döyürsünüz? Qabı mən sındırmamışam ki! Sid sındırıb!

Polli xala bu gözlənilməz sözdən donub qaldı. Tom gözləyirdi ki, xalası indicə peşman olacaq, onun halına acıyacaq. Amma xala özünü ələ alıb dedi:

– Hə… Ancaq mən güman eləyirəm ki, sən bu şapalağı nahaq yerə almadın!

Sonra vicdanı ona əzab verdi, istədi uşağın könlünü alsın. Amma eləmədi, axı bu, tərbiyə qayda-qanununa zidd idi.

Tom mısmırığını sallayıb bir küncdə oturdu. O bilirdi ki, Polli xala hərəkətinə görə peşman olub. Bu hisdən Tom həzz alırdı. Amma özünü elə göstərirdi ki, guya heç bir şey hiss etmir. O, təsəvvürünə gətirdi ki, ölüm yatağındadır, Polli xala isə ondan bağışlanmasını xahiş eləyir. Amma Tom onu bağışlamayacaq. Üzünü divara tərəf çevirib öləcək, bircə kəlmə də söz deməyəcək. Onda, görəsən, Polli xalanın halı necə olacaq?

Tom bütün bu xəyallardan o qədər mütəəssir olmuşdu ki, göz yaşları içərisində boğulurdu. O, öz kədərindən böyük həzz alırdı. Hətta xalası qızı Merinin evə qayıtması da onu sevindirmədi. Tom yerindən qalxıb otaqdan çıxdı.

O, çay qırağına gəldi. Bayaqkı gözəl qızı xatırladı. Fikirləşdi ki, qız bütün bunlardan xəbər tutsaydı, görəsən, onun halına acıyardımı?

Axşam Tom Gözəl Qızın yaşadığı evə sarı gəldi. Evdən səs-səmir gəlmirdi. O, çiçəyi sinəsinə sıxıb pəncərənin altında yerə uzandı. Xəyal onu çox uzağa aparmışdı. Birdən pəncərə açıldı. Xidmətçi qadın Tomun üstünə şırıltı ilə bir vedrə su əndərdi.

Bizim qəhrəman az qaldı boğula, o, fınxıra-fınxıra tez yerindən sıçradı. Bir daş havada vıyıldadı. Şüşə çilik-çilik oldu. Balaca, toranlıqda güclə seçilən bir fiqur sıçrayıb barıdan aşdı və bir göz qırpımında yox oldu.