Карл Генрих Маркс – KAPİTAL. Siyasi iqtisadın tənqidi (страница 13)
Əmtəə mübadiləsi öz məhdud məhəlli çərçivəsini dağıtdıqca və buna görə də əmtəə dəyəri yüksəlib ümumiyyətlə insan əməyinin maddiləşməsinə çevrildikcə, pul forması ümumi ekvivalent kimi bir ictimai funksiyanı yerinə yetirmək üçün lap öz təbiəti etibarı ilə xüsusən yararlı olan əmtəələrə, məhz nəcib metallara keçir.
«Qızıl və gümüş öz təbiətinə görə pul deyildir, amma pul öz təbiətinə görə qızıl və gümüşdür»43, – bu fikri, həmin metalların təbii xassələrinin pul funksiyalarına uyğun gəlməsi sübut edir44. Lakin hələlik biz pulun ancaq bir funksiyasını bilirik, bu da əmtəə dəyərinin təzahür forması olmaq, yaxud əmtəə dəyərləri kəmiyyətlərinin öz ictimai ifadəsini tapdığı material olmaqdır. Yalnız elə bir materiya dəyər təzahürünün adekvat forması, yaxud abstrakt əməyin və, deməli, bərabər insan əməyinin maddiləşməsi ola bilər ki, onun bütün nüsxələri eyni keyfiyyətə malik olsun. Digər tərəfdən, dəyər kəmiyyətlərinin fərqi xalis miqdar xarakteri daşıdığına görə, pul əmtəəsi xalis miqdarca fərqlənməyə qabil olmalıdır, yəni elə xassələrə malik olmalıdır ki, onu istənilən qədər xırda hissələrə bölmək və yenidən bu hissələrdən əmələ gətirmək mümkün olsun. Qızıl və gümüş öz təbiətinə görə bu xassələrə malikdir.
Pul əmtəənin istehlak dəyəri ikiləşir. Pul əmtəə bir əmtəə kimi malik olduğu xüsusi istehlak dəyərindən başqa, – məsələn, qızıldan dişə plomb qoymaq üçün istifadə edilir, zinət şeyləri hazırlamaq üçün o, xammal olur və i. a. – öz spesifik ictimai funksiyalarından irəli gələn formal istehlak dəyəri kəsb etmiş olur.
Bütün başqa əmtəələr pulun ancaq xüsusi ekvivalentləri, pul isə bunların ümumi ekvivalenti olduğuna görə, xüsusi əmtəə olan bu əmtəələrin pula münasibəti ümumi bir əmtəəyə olan münasibətdir.
Biz artıq gördük ki, pul forması ancaq bir əmtəəyə bütün qalan əmtəələrin münasibətlərinin həmin əmtəədə nəqş olunmuş inikasıdır. Deməli, pulun əmtəə olması45 faktı ancaq o adama bir kəşf kimi görünə bilər ki, pulun hazır formasını əsas tutub pulu bu hazır şəkildə təhlil etmək istəsin. Mübadilə prosesi pula çevirdiyi əmtəəyə onun dəyərini vermir, onun ancaq spesifik dəyər formasını verir. Bu iki tərifin qarışdırılması ona gətirib çıxarır ki, qızıl və gümüşün dəyərini xəyali hesab etməyə başlayırlar46. Pulu müəyyən funksiyalarında sadəcə pul nişanı ilə əvəz etmək mümkün olduğuna görə, buradan belə başqa bir səhv də doğmuşdur ki, pul ancaq nişandır. Digər tərəfdən, bu yanılmada belə bir cəhətin tutqun şəkildə sezildiyini görmək olar ki, şeylərin pul forması onların özü üçün onlardan kənar bir cəhətdir və bu forma arxasında gizlənən insan münasibətlərinin ancaq təzahür formasıdır. Bu mənada hər bir əmtəə ancaq bir nişan olardı, çünki dəyər olmaq etibarı ilə əmtəə ona sərf olunmuş insan əməyinin ancaq şey qabığıdır47. Lakin müəyyən istehsal üsulu əsasında şeyləri kəsb etdiyi ictimai xassələri və ya bu istehsal üsulu əsasında əməyin ictimai təriflərinin kəsb etdiyi şey formalarını sadəcə nişan adlandırmaqla bunların insan zəkasının ixtiyarı məhsulu adlandırmış olurlar. XVIII əsr maarifçilərinin həvəslə işlətdikləri üsul belə idi, bunu tətbiq etməklə istəyirdilər ki, insan münasibətlərinin daşıdığı və meydana gəlməsini hələ izah edə bilmədikləri müəmmalı formalar üzərindən əsrarəngizlik örtüyünü, heç olmazsa müvəqqəti olaraq götürüb atsınlar.
Yuxarıda qeyd edildiyi kimi, əmtəənin ekvivalent formasında onun dəyər kəmiyyəti miqdarca müəyyən deyildir. Əgər biz biliriksə ki, qızıl puldur, yəni bütün başqa əmtəələrə bilavasitə mübadilə edilə bilər, onda biz hələ heç də bilmirik ki, məsələn, 10 funt qızıl neçəyədir. Hər bir başqa əmtəə kimi, qızıl da öz dəyərinin kəmiyyətini ancaq nisbi surətdə, ancaq başqa əmtəələrdə ifadə edə bilər. Qızılın öz dəyəri onun istehsalı üçün tələb edilən iş vaxtı ilə müəyyən olunur və eyni qədər iş vaxtı hər hansı başqa əmtəənin nə qədərində kristallaşmışsa, həmin əmtəənin bu miqdarında ifadə olunur48; Qızıl dəyərinin bu nisbi kəmiyyəti qızılın istehsal edildiyi yerdə, bilavasitə mübadilə ticarətində belə müəyyən olunur. Qızıl tədavülə pul kimi girdikdə, onun dəyəri artıq məlumdur. Əgər XVII əsrin artıq axırıncı on illərində pulun təhlili pulun əmtəə olduğunu müəyyən etmiş olsa da, bu hər halda təhlilin ancaq başlanğıcı idi. Çətinlik pulun əmtəə olduğunu başa düşməkdə deyil, əmtəənin necə və nə səbəbə pul olduğunu aşkara çıxarmaqdadır49.
Biz gördük ki, sadə dəyər ifadəsinin özündə, yəni
ÜÇÜNCÜ FƏSİL
PUL, YAXUD ƏMTƏƏ TƏDAVÜLÜ
1. DƏYƏRLƏRİN ÖLÇÜSÜ
Mən bu əsərin hər yerində, sadəlik xatirinə, fərz edirəm ki, pul əmtəə ancaq qızıldır.
Qızılın birinci funksiyası ondan ibarətdir ki, əmtəə aləminə onun dəyərini ifadə etmək üçün, yəni əmtəələrin dəyərlərini keyfiyyətcə eyni olan və miqdarca müqayisə edilə bilən eyni adlı kəmiyyətlər kimi ifadə etmək üçün material versin. Beləliklə, qızıl dəyərlərin ümumi ölçüsü funksiyasını daşıyır və spesifik ekvivalent əmtəə olan qızıl əvvəlcə məhz bu funksiyasına görə pul olur.
Əmtəələrin ortaq ölçülü olmasına səbəb pul deyildir. Əksinə. dəyər olmaq etibarı ilə bütün əmtəələr məhz maddiləşmiş insan əməyi olduqlarına görə və, deməli, özlüyündə ortaq ölçülü olduqlarına görə, – məhz buna görə bütün əmtəələr öz dəyərlərini eyni bir spesifik əmtəə ilə ölçə bilir, beləliklə də bu əmtəəni özləri üçün ümumi olan dəyərlər ölçüsünə, yəni pula çevirir. Dəyər ölçüsü olmaq etibarı ilə pul, əmtəələrə daxilən xas olan dəyər ölçüsünün, yəni iş vaxtının zəruri təzahür formasıdır50
Əmtəə dəyərinin qızılda ifadəsi:
Əmtəələrin ümumiyyətlə dəyər forması kimi, onların qiyməti də, yaxud pul forması da onların hisslərlə qavranılan real cismani formasından fərqli bir şeydir, deməli, ancaq təsəvvürdə mövcud olan yalnız ideal formadır. Dəmir, kətan, buğda və sairənin dəyəri, gözlə görünməsə də, şeylərin özündə mövcuddur; dəyər bunların qızıla bərabərliyində, qızıla nisbətində, onların, necə deyərlər, ancaq beynindəki nisbətdə ifadə olunur. Buna görə də əmtəələri saxlayan şəxs əmtəələrin qiymətini xarici aləmə bildirmək üçün öz dilini onların ixtiyarına verməli və ya onların üstünə kağız yarlıqlar yapışdırmalı olur51. Əmtəə dəyərlərinin qızılda ifadəsi ideal xarakter daşıdığına görə, bu əməliyyat üçün də ancaq fikrən təsəvvür edilən qızıl, yaxud ideal qızıl tətbiq oluna bilər. Hər bir əmtəə sahibi bilir ki, öz əmtəələrinin dəyərini qiymət formasına, yaxud fikrən təsəvvür olunan qızıl formasına salmışsa, hələ heç də öz əmtəələrini əsil qızıla çevirməmişdir və milyonlarla hesablanan əmtəə dəyərlərini qızılda ifadə etmək üçün ona zərrə qədər də real qızıl lazım deyildir. Deməli, dəyər ölçüsü rolunu pul ancaq fikrən təsəvvür olunan pul, yaxud ideal pul kimi oynayır. Bu vəziyyət pul haqqında ən mənasız nəzəriyyələr doğurmuşdur. Dəyər ölçüsü funksiyasını ancaq fikrən təsəvvür olunan pul yerinə yetirirsə də qiymət tamamilə real pul materialından asılıdır. Dəyər, yəni, məsələn, bir ton dəmirdəki qədər insan əməyi fikrən təsəvvür edilən və eyni qədər əməyi ehtiva edən miqdarda pul əmtəədə ifadə olunur. Deməli, qızılın, gümüşün və ya misinmi dəyər ölçüsü olmasından asılı olaraq bir ton dəmirin dəyəri tamamilə müxtəlif qiymətlərdə, yaxud tamamilə müxtəlif miqdar qızıl, gümüş və ya misdə ifadə olur.