Карл Генрих Маркс – KAPİTAL. Siyasi iqtisadın tənqidi (страница 15)
Lakin qiymət forması nəinki dəyər kəmiyyəti ilə qiymət arasında, yəni dəyər kəmiyyəti ilə onun öz pul ifadəsi arasında miqdarca uyğunsuzluq olmasına imkan verir, – həmin formada gizli keyfiyyət ziddiyyəti də ola bilər, bunun da nəticəsində qiymət ümumiyyətlə dəyərin ifadəsi olmaqdan çıxır, hərçənd pul əmtəələrin ancaq dəyər formasıdır. Özlüyündə əmtəə olmayan şeylər, məsələn vicdan, namus və i. a. öz sahibləri üçün satlıq şey ola bilər və beləliklə də, öz qiyməti sayəsində əmtəə forması ala bilər. Deməli, şeyin dəyəri olmadan onun formal surətdə qiyməti ola bilər. Riyaziyyatda müəyyən kəmiyyətlər xəyali olduğu kimi, burada da qiymətin ifadəsi xəyalıdır. Digər tərəfdən, xəyali qiymət formasında, – məsələn, xam halda qalan və insan əməyi maddiləşmədiyinə görə dəyəri olmayan torpağın qiymətində, – gerçək dəyər nisbəti və ya bundan törəyən bir nisbət ola bilər.
Ümumiyyətlə nisbi dəyər forması kimi, qiymət də əmtəənin, məsələn bir ton dəmirin dəyərini elə ifadə edir ki, müəyyən miqdar ekvivalent, məsələn bir unsiya qızıl həmişə dəmirə bilavasitə mübadilə oluna bilər, lakin buradan heç də belə bir əks nəticə çıxmır ki, dəmir də qızıla bilavasitə mübadilə oluna bilər. Deməli, əmtəə felən mübadilə dəyəri kimi meydana çıxmaq üçün öz təbii cismini öz üzərindən atmalı, fikrən təsəvvür olunan qızıldan gerçək qızıla çevrilməlidir, hətta ola bilər ki, onun bu çevrilməsi Hegel «anlayışı» üçün zərurətdən azadlığa keçməyə, yaxud xərçəngin öz qabığını atmasına və ya müqəddəs İyeronimin qədim Adəmi tərk etməsinə59 nisbətən daha «ağır» olsun. Əmtəə öz real surətində, məsələn, dəmir surətində olmaqla bərabər, qiymətdə ideal dəyər surətinə, yaxud fikrən təsəvvür olunan qızıl surətinə malik ola bilər, lakin bu əmtəə eyni zamanda həm gerçək dəmir, həm də gerçək qızıl ola bilməz. Əmtəəyə qiymət vermək üçün, fikrən təsəvvür olunan qızılı ona bərabər tutmaq kifayətdir. Lakin bu əmtəə öz sahibindən ötrü ümumi ekvivalent rolu oynaması üçün gerçək qızılla əvəz olunmalıdır. Məsələn, dəmir sahibi hər hansı qəşəng bir əmtəənin sahibinə rast gəlib ona desə ki, dəmirin qiyməti artıq pul formasıdır, onda müqəddəs Pyotrun qarşısında etiqadın mahiyyətini şərh edən Danteyə onun göylərdə cavab verdiyi kimi, dəmirin sahibinə də belə cavab verərdilər:
Qiymət forması əmtəənin pul müqabilində özgəninkiləşdirilə bildiyini və belə bir özgəninkiləşdirmənin zəruriliyini göstərir. Digər tərəfdən, qızıl ancaq ona görə ideal dəyər ölçüsü funksiyası daşıyır ki, mübadilə prosesində qızıl artıq pul əmtəəsi kimi tədavül edir. Beləliklə, ideal dəyər ölçüsündə cingiltili sikkə gizlənir.
2. TƏDAVÜL VASİTƏSİ
Biz gördük ki, əmtəə mübadiləsi prosesində bir-birinə zidd olan və bir-birini rədd edənin münasibətlər vardır. Əmtəənin inkişafı bu ziddiyyətləri aradan qaldırmaq deyil, bunların hərəkəti üçün forma yaradır. Gerçək ziddiyyətlərin həllinə kömək edən metod da ümumiyyətlə bundan ibarətdir. Məsələn, bir cismin daim başqa bir cisim üzərinə düşməsində və daim ondan uzaqlaşmasında ziddiyyət vardır. Ellipsis bu ziddiyyətin eyni zamanda həm əmələ gəldiyi, həm də həll olunduğu hərəkət formalarından biridir. Mübadilə prosesi əmtəələri bunların istehlak dəyəri olmadıqları əllərdən istehlak dəyəri olduqları əllərə keçirdiyinə görə, bu proses maddələrin ictimai mübadiləsidir. Bir faydalı əmək növünün məhsulu başqa faydalı əmək növü məhsulunun yerini tutur. Əmtəə istehlak dəyəri olduğu nöqtəyə çatdıqda, əmtəə mübadiləsi dairəsindən çıxıb istehlak dairəsinə keçir. Burada bizi ancaq birinci dairə maraqlandırır. Buna görə də biz bütün prosesi ancaq forma cəhətdən nəzərdən keçirəcəyik, deməli əmtəələrin ancaq formalarının dəyişilməsini, yaxud əmtəələrin metamorfozunu nəzərdən keçirəcəyik ki, bu da maddələrin ictimai mübadiləsində vasitə olur.
Hətta dəyərin anlaşılmasının özündə aydınlıq olmadığı nəzərə alınsa, formaların belə dəyişilməsinin tamamilə qeyri-qənaətbəxş anlaşılmasına səbəb budur ki, əmtəənin formasındakı hər bir dəyişiklik iki əmtəənin: adi əmtəə ilə pul əmtəənin mübadiləsi yolu ilə əmələ gəlir. Təkcə bu maddi cəhətə, əmtəənin qızıla mübadiləsinə diqqət verdikdə, məhz hər şeydən əvvəl nəzərə alınması lazım gələn cəhəti, yəni əmtəə formasının özündə baş verən halı nəzərdən qaçırırlar. Nəzərdən qaçırırlar ki, yalnız bir əmtəə kimi götürülən qızıl hələ pul deyildir və başqa əmtəələr öz qiymətləri vasitəsilə özləri qızılı özlərinə pul surəti götürüb ona belə bir surət münasibətində olurlar.
Əmtəələr mübadilə prosesinə qızıl suyuna basılmış, şəkər qatılmış şəkildə deyil, anadangəlmə halda daxil olurlar. Mübadilə prosesi əmtəənin ikiləşib əmtəə ilə pula bölünməsini, elə bir xarici əkslilik doğurur ki, bu əkslikdə əmtəələr özlərinə daxilən xas olan bir əksliyi-istehlak dəyəri ilə dəyər arasındakı əksliyi ifadə edir. Bu əkslikdə istehlak dəyəri olan əmtəələr mübadilə dəyəri olan pula qarşı durur. Bununla bərabər, həmin əksliyin hər iki tərəfi əmtəədir, yəni istehlak dəyəri ilə dəyərin vəhdətidir. Lakin bu fərqlərin vəhdəti iki qütbün hər birində bir-birinə əks halda təmsil olunmuşdur, buna görə də eyni zamanda onların qarşılıqlı münasibətini ifadə edir. Əmtəə real olaraq istehlak dəyəridir; əmtəənin dəyər varlığı qiymətdə ancaq ideal olaraq təzahür edir, qiymət də əmtəənin qarşısına onun dəyərinin real surəti kimi çıxan qızıla əmtəənin nisbətini ifadə edir. Qızılın maddəsi isə, əksinə, ancaq dəyərin maddiləşməsi qolu, yəni pul rolu oynayır. Buna görə də qızıl real olaraq mübadilə dəyəridir. Qızılın istehlak dəyəri nisbi dəyər ifadələri sırasında hələlik ancaq ideal olaraq meydana çıxır, bu nisbi dəyər ifadələri vasitəsilə qızıl özünə qarşı duran əmtəələrə öz real istehlak formalarının məcmusu münasibətində olur. Əmtəələrin bir-birinə əks olan bu formaları mübadilə prosesində əmtəələrin hərəkətinin gerçək formalarıdır.
İndi hər hansı bir müəyyən əmtəə sahibinin, məsələn köhnə tanışımız kətan toxuyanın ardınca mübadilə prosesi meydanına, əmtəə bazarına gedək. Onun əmtəəsi olan 20 arşın kətanın müəyyən qiyməti vardır. Bu qiymət 2 funt sterlinqə bərabərdir. O, kətanı 2 funt sterlinqə mübadilə edir və dünya görmüş bir adam olduğuna görə, təzədən bu 2 funt sterlinqi eyni qiymətdə bir ailə bibliyasına mübadilə edir. Onun üçün ancaq bir əmtəə, ancaq bir dəyər daşıyıcısı olan kətan öz dəyərinin forması olan qızıla mübadilə edilib özgəninkiləşdirilir və bu formadan yenə də başqa bir əmtəəyə, bibliyaya çevrilir, bu da toxucunun evinə artıq bir istehlak şeyi kimi gedib orada ruhun xilası üçün qiraətə tələbatını ödəyəcəkdir. Beləliklə, əmtəə mübadiləsi prosesi bir-birinə əks olan və bir-birini tamamlayan iki metamorfoz şəklində – əmtəənin pula çevrilməsi və onun puldan yenə əmtəəyə çevrilməsi şəklində baş verir60. Əmtəə metamorfozu momentləri eyni zamanda əmtəə sahibinin sövdələrindən – satqıdan, əmtəənin pula mübadiləsindən; alqıdan, pulun əmtəəyə mübadiləsindən və sonra da bu iki sövdənin vəhdətindən: alqı üçün satqıdan ibarətdir.
Toxucu ticarət sövdəsinin ancaq son nəticəsinə fikir versə, məlum olar ki, onun əlində kətan əvəzində bibliya, öz əvvəlki əmtəəsi əvəzində, eyni dəyəri olub başqa cəhətdən faydalı olan ayrı bir əmtəə vardır. Toxucu özünə lazım olan bütün başqa yaşayış vasitələrini və istehsal vasitələrini də belə bir yolla mənimsəyir. Onun nöqteyi-nəzərincə, bütün bu proses ancaq onun öz əməyinin məhsulunu özgə əməyinin məhsuluna mübadilə etməkdə vasitəçi olur, məhsullar mübadiləsində vasitəçi olur.
Beləliklə, əmtəə mübadiləsi prosesi belə bir forma dəyişilməsi şəklində baş verir:
Bu hərəkət öz maddi məzmunu cəhətdən Ə–Ə deməkdir, əmtəənin əmtəəyə mübadiləsi, ictimai əmək maddələri mübadiləsi deməkdir, elə bir maddələr mübadiləsi deməkdir ki, bunun son nəticəsində prosesin özü də sönüb gedir.
Ə–P. Əmtəənin birinci metamorfozu, yaxud satqı. Əmtəə dəyərinin əmtəə cismindən pul cisminə keçməsi, başqa bir yerdə dediyim kimi, əmtəənin salto-mortalesidir. Bu baş tutmadıqda, əmtəə özü olmasa da, sahibinin ümidi boşa çıxmış olacaqdır. Əmtəə sahibinin tələbatı nə qədər çoxcəhətlidirsə, ictimai əmək bölgüsü onun əməyini bir o qədər bircəhətli edir. Məhz buna görə də onun məhsulu onun üçün ancaq mübadilə dəyəri olur. Bu məhsul ümumi ekvivalent formanı, ictimai əhəmiyyətə malik ekvivalent formanı ancaq pulda alır, pul isə özgənin cibindədir. Pulu oradan çıxarmaq üçün əmtəə hər şeydən əvvəl pul sahibindən ötrü istehlak dəyəri olmalıdır, yəni bu əmtəəyə sərf olunan əmək ictimai faydalı formada sərf edilmiş olmalıdır, yaxud ictimai əmək bölgüsündə həqiqi bir halqa olmalıdır. Lakin əmək bölgüsü təbii surətdə meydana gəlmiş bir istehsal orqanizmidir və bunun telləri əmtəə istehsalçılarından bixəbər toxunmuş və toxunmaqdadır. Əmtəə yeni doğmuş tələbatı ödəmək iddiasına düşən və ya riskə gedib hər hansı bir tələbatı hələ yenicə doğurmaq istəyən yeni bir əmək növünün məhsulu ola bilər. Hələ dünən eyni əmtəə istehsalçısının bir çox funksiyalarından biri olan məlum bir əmək əməliyyatı bu gün, ola bilər, bu əlaqəni kəssin və ayrılıb müstəqil bir şey olsun və məhz buna görə də öz qismi məhsulunu müstəqil bir əmtəə olaraq bazara göndərsin. İctimai şərait bu ayrıcalaşma prosesi üçün kifayət qədər yetişmiş və ya kifayət qədər yetişməmiş ola bilər. Bu gün məlum bir məhsul müəyyən ictimai tələbatı ödəyir. Ola bilsin ki, sabah ona bənzər başqa bir məhsul onu öz yerindən tamamilə və ya qismən sıxışdırıb çıxarsın. Həm də müəyyən bir əmtəə istehsalçısının, məsələn bizim toxucunun əməyi hətta ictimai əmək bölgüsündə möhkəm yer tutan bir halqa olsa da, bu hələ heç də məhz onun 20 arşın kətanının istehlak dəyəri olacağını təmin etmir. Əgər bu toxucunun rəqibləri kətana olan ictimai tələbatı artıq ödəmişlərsə, – bütün başqa şeylər kimi, bu tələbatın da öz həddi vardır – onda dostumuzun məhsuluna daha lüzum olmayacaq, dostumuzun məhsulu artıq, ziyadə və, deməli, faydasız olacaqdır. Doğrudur, bağışlanan atın dişinə baxmazlar, ancaq bizim toxucu bazara heç də bəxşiş etməyə gəlməmişdir. Lakin fərz edək ki, onun məhsulunun felən istehlak dəyəri vardır və, deməli, bu əmtəə pulu cəzb edir. Sual olunur: məhz nə qədər pul cəzb edir? Doğrudur, bu sualın cavabı qabaqcadan əmtəənin qiymətində, onun dəyər kəmiyyətinin göstəricisində verilmişdir. Biz burada əmtəə sahibinin öz hesablamalarındakı xalis subyektiv səhvləri bir kənara qoyuruq, çünki bazar bu səhvləri obyektiv surətdə dərhal düzəldir. Tutaq ki, istehsalçı öz məhsuluna ancaq orta ictimai zəruri iş vaxtı sərf etmişdir. Deməli, əmtəənin qiyməti həmin əmtəədə maddiləşmiş miqdarda ictimai əməyin ancaq pul adıdır. Lakin kətan toxumaq üçün olan ənənəvi istehsal şəraiti bizim toxucudan icazəsiz və ondan xəbərsiz dəyişilməyə başlamışdır. Dünən bir arşın kətan istehsalı üçün şübhəsiz ictimai zəruri iş vaxtı olan şey bu gün daha ictimai zəruri iş vaxtı deyildir və pul sahibi bu cəhəti dostumuza səylə nümayiş etdirib müxtəlif rəqiblərinin qoyduğu qiymətləri ona göstərir. Onun bədbəxtliyindən, dünyada toxucu çoxdur. Nəhayət, fərz edək ki, bazarda olan hər bir kətan parçası ancaq ictimai zəruri iş vaxtını ehtiva edir. Bununla belə, həmin kətan parçalarının ümumi məcmusunda artıq sərf edilmiş iş vaxtı ola bilər. Bazarın mədəsi arşını 2 şillinq hesabı ilə normal qiymətlə bütün kətanı həzm edə bilmirsə, bu sübut edir ki, cəmiyyətin bütün iş vaxtının həddindən çox böyük bir hissəsi kətan toxumaq formasında sərf olunmuşdur. Bunun nəticəsi isə ona bənzər ki, hər bir ayrıca toxucu öz fərdi məhsuluna ictimai zəruri iş vaxtından artıq vaxt sərf etmiş olsun. Burada bir məsəl yerinə düşər: «Birlikdə tutulanlar, birlikdə də asılar». Bütün kətan bazarda bütöv bir əmtəə, onun hər bir parçası isə bu bütöv əmtəənin ancaq müvafiq hissəsi vəzifəsini daşıyır. Doğrudan da, hər bir fərdi arşının dəyəri ancaq, ictimai cəhətcə müəyyən olan eyni miqdar yekcins insan əməyinin maddiləşməsidir.