Карл Генрих Маркс – KAPİTAL. Siyasi iqtisadın tənqidi (страница 14)
İki müxtəlif əmtəə, məsələn, qızıl və gümüş, eyni zamanda dəyər ölçüsüdürsə, bütün əmtəələrin qiymətləri iki müxtəlif ifadə alır: qızıl qiymətləri və gümüş qiymətləri; qızılla gümüşün dəyərləri arasındakı nisbət sabit qaldıqca, məsələn, 1:15 olduqca, həmin qiymətlər sakitcə bir-biri ilə yola gedir. Lakin dəyərlərin bu nisbətində hər cür dəyişiklik əmtəələrin qızıl qiymətləri ilə gümüş qiymətləri arasındakı mövcud nisbəti pozur və, beləliklə, felən sübut edir ki, dəyər ölçüsünün ikiliyi onun funksiyasına ziddir52
Qiyməti müəyyən edilmiş olan bütün əmtəələr belə bir forma alır:
Dəyər ölçüsü və qiymət miqyası olmaq etibarı ilə pul tamamilə müxtəlif olan iki funksiya daşıyır. Dəyər ölçüsü vəzifəsini pul insan əməyinin ictimai təcəssümü olmaq etibarı ilə daşıyır, qiymət miqyası vəzifəsini isə müəyyən çəkili metal olmaq etibarı ilə daşıyır. Dəyər ölçüsü olmaq etibarı ilə pul son dərəcə müxtəlif əmtəələrin dəyərlərini qiymətlərə, fikrən təsəvvür edilən qızıl miqdarlarına çevirməyə xidmət edir; qiymət miqyası olmaq etibarı ilə pul qızılın bu miqdarlarını ölçür. Dəyər ölçüsü ilə əmtəələr bir dəyər kimi ölçülür; qiymət miqyası isə, əksinə, müəyyən miqdar qızılın dəyərini, onun başqa miqdarlarının çəkisi ilə ölçmək deyil, qızılın müxtəlif miqdarlarını onun müəyyən miqdarı ilə ölçür. Qiymət miqyası üçün qızılın müəyyən çəkisi ölçü vahidi kimi götürülməlidir. Eyni adlı kəmiyyətlərin hər hansı halda müəyyən edilməsində olduğu kimi, burada da ölçülərin nisbətindəki sabitliyin həlledici əhəmiyyəti vardır. Deməli, eyni miqdar qızıl nə qədər dəyişməz halda ölçü vahidi olursa, qiymət miqyası öz funksiyasını bir o qədər yaxşı yerinə yetirir. Qızıl ancaq ona görə dəyər ölçüsü ola bilir ki, o özü əmək məhsuludur və, deməli, potensial dəyişən dəyərdir.
Hər şeydən əvvəl aydındır ki, qızıl dəyərinin dəyişilməsi onun qiymət miqyası olmaq funksiyasına əsla təsir etmir. Qızılın dəyəri hər necə dəyişilsə də, onun müəyyən miqdarlarının dəyərləri öz arasında eyni nisbəti saxlayır. Qızılın dəyəri hətta min dəfə aşağı düşsə də, 12 unsiya qızılın dəyəri yenə əvvəlki kimi bir unsiya qızılın dəyərindən on iki qat artıq olardı, qiymətlər müəyyən olunduqda isə qızılın müxtəlif miqdarlarının ancaq bir-birinə nisbəti nəzərdə tutulur. Digər tərəfdən, qızılın dəyəri düşdükdə və ya qalxdıqda bir unsiya qızılın çəkisi sabit qaldığına görə, unsiya hissələrinin çəkisi də sabit qalır; deməli, qızılın dəyəri hər necə dəyişilsə də, müəyyən qiymət miqyası olmaq etibarı ilə qızıl həmişə eyni xidmətləri göstərir.
Qızılın dəyərinin dəyişilməsi onun dəyər ölçüsü olmaq funksiyasına da mane olmur. Bu dəyişilmə bütün əmtəələrə eyni zamanda təsir edir və buna görə də caeteris [başqa şərtlər eyni olduqda], əmtəələrin dəyərləri əvvəlkinə nisbətən bəzən yüksək, bəzən də aşağı qızıl qiymətlərində ifadə olunsa da, onların qarşılıqlı nisbi dəyərlərini dəyişdirmir.
İstər bir əmtəənin dəyəri hər hansı başqa bir əmtəənin istehlak dəyərində ifadə olunduqda, istərsə əmtəələrə qızılla qiymət qoyulduqda bircə şey fərz olunur ki, həmin vaxtda müəyyən miqdar qızılın istehsalı filan qədər əməyə başa gəlir. Ümumiyyətlə əmtəə qiymətlərinin dəyişilməsinə gəldikdə, buna dəyərin sadə nisbi ifadəsinin yuxarıda şərh edilən qanunları tətbiq edilə bilər.
"Pulun dəyəri sabit qaldıqda, bütün əmtəə qiymətləri ancaq bu şərtlə qalxa bilər ki, əmtəələrin dəyərləri qalxsın; əmtəələrin dəyəri sabit qaldıqda isə bütün əmtəə qiymətləri bu şərtlə qalxa bilər ki, pulun dəyəri düşsün. Həm də əksinə. Pulun dəyəri sabit qaldıqda, bütün əmtəə qiymətləri ancaq bu şərtlə düşə bilər ki, əmtəə dəyərləri düşsün; əmtəə dəyərləri sabit qaldıqda isə bütün əmtəə qiymətləri ancaq bu şərtlə düşə bilər ki, pulun dəyəri qalxsın. Buradan heç də belə bir nəticə çıxmır ki, pulun dəyərinin qalxması həmişə əmtəə qiymətlərinin mütənasib surətdə düşməsinə, pulun dəyərinin düşməsi isə əmtəə qiymətlərinin mütənasib surətdə qalxmasına səbəb olur. Belə bir nəticə ancaq dəyəri sabit qalan əmtəələr barəsində doğrudur. Məsələn, dəyəri pulun dəyəri ilə eyni zamanda və eyni ölçüdə qalxan əmtəələr öz qiymətlərini sabit saxlayır. Əgər bunların dəyəri pulun dəyərindən yavaş və ya sürətlə qalxırsa, onda bunların qiymətlərinin qalxması və ya düşməsi onların dəyərinin dəyişilməsi ilə pulun dəyərinin dəyişilməsi arasındakı fərqlə müəyyən olunur və i. a.
Qiymət formasını nəzərdən keçirməyə qayıdaq.
Çəkisi müəyyən olan metal miqdarlarının pul adları bir sıra müxtəlif səbəblər üzündən öz ilkin çəki adlarından tədricən fərqlənməyə başlayır. Bu səbəblərdən tarixən həlledici səbəblər aşağıdakılar olmuşdur. 1) Nisbətən aşağı inkişaf pillələrində olan xalqlar arasında xarici pulların işlədilməsi. Məsələn, Qədim Romada qızıl və gümüş sikkələr əvvəlcə xarici əmtəə olaraq tədavül etmişdir. Əlbəttə, bu xarici pulların adları yerli çəki vahidlərinin adlarından fərqlidir. 2) Sərvət artdıqca, çox nəcib metal az nəcib metalı dəyər ölçüsü funksiyasından sıxışdırıb aradan çıxarır: gümüş misi, qızıl gümüşü sıxışdırıb aradan çıxarır, hərçənd bu sıra qaydası qızıl və gümüş dövrlərinin şairanə xronologiyasına ziddir, Məsələn, funt sterlinq həqiqətən bir funt gümüşün pul adı olmuşdur. Lakin qızıl gümüşü dəyər ölçüsü vəzifəsindən sıxışdırıb aradan çıxardıqda bu ad, qızılla gümüşün dəyəri arasındakı nisbətdən asılı olaraq bəlkə də 1/15 funt və i. a. miqdar qızıla verilir. Pul adı olan funt ilə müəyyən miqdar qızılın adi çəki adı olan funt indi bir-birindən ayrılmış olur54. 3) Tam bir sıra əsrlər boyu hökmdarlar sikkəni arasıkəsilmədən saxtalaşdırmaqla məşğul olmuşlar, bunun da nəticəsində sikkələrin ilkin çəkisinin həqiqətdə ancaq adı qalmışdır55
Bu tarixi proseslər sayəsində metalın çəki miqdarlarının pul adının öz adi çəki adından ayrılması xalqlar arasında bir adət şəklini alır. Pul miqyası, bir tərəfdən, tamamilə şərti olduğuna görə, digər tərəfdən isə, hamı tərəfindən qəbul edilməli olduğuna görə, ən nəhayət, qanunla tənzim edilir. Nəcib metalın müəyyən çəki miqdarı, məsələn bir unsiya qızıl, rəsmən müəyyən hissələrə bölünür və bunlara rəsmi surətdə müyyən adlar qoyulur, məsələn: funt, taler və i. a. Əslində pul ölçü vahidi olan belə bir hissə özü də yeni hissələrə bölünür və qanun əsasında bunlara öz adları verilir: şillinq, penni və i. a. Hər halda metalın müəyyən çəki miqdarları əvvəlki kimi yenə də metal pulun miqyası olaraq qalır. Ancaq hissələrə bölmək üsulu və bunların adları dəyişilir.
Beləliklə, qiymətlər, yaxud əmtəə dəyərlərinin ideal surətdə çevrildiyi qızıl miqdarları indi pul adlarında, yaxud qızıl miqyasının qanunvericilik yolu ilə qoyulan hesab adlarında ifadə olunur. Bir kvarter buğdanın bir unsiya qızıla bərabər olduğunu demək əvəzinə ingilis deyəcəkdir ki, bir kvarter buğda 3 funt sterlinq 17 şillinq 10 1/2 pensə bərabərdir. Beləliklə, əmtəələr öz pul adları vasitəsi ilə nə dəyərində olduqlarını göstərir və hər hansı bir şeyi dəyər kimi, yəni pul formasında təsbit etmək lazım gəldikdə, pul hər dəfə hesab pulu olur.
Hər hansı bir şeyin adı onun təbiəti ilə əsla əlaqədar deyildir. Əgər mən bir adamın ancaq adının Yakov olduğunu bilirəmsə, onun haqqında heç bir şey bilmirəm. Eynilə də funt, taler, frank, dukat və i. a. pul adlarında da dəyərlər nisbətinin hər bir izi silinib gedir. Bu ecazkar nişanların gizli mənası barəsində dolaşıqlıq xüsusən ona görə böyük olur ki, pul adları eyni zamanda həm əmtəələrin dəyərini, həm də müəyyən çəkidə olan metalın, pul miqyasının müəyyən hissəsini ifadə edir56, digər tərəfdən, lazımdır ki, əmtəə aləminin öz rəngarəng və ala-bəzək cisimlərindən fərqli olaraq dəyər inkişaf edib bu irrasional şey forması və eyni zamanda xalis ictimai forma alsın57.
Qiymət əmtəədə maddiləşmiş əməyin pul adıdır. Deməli, əmtəə ilə adı əmtəə üçün qiymət olan pul miqdarı arasındakı ekvivalentlik sadəcə tavtologiyadır, həm də ümumiyyətlə əmtəə dəyərinin nisbi ifadəsi eyni zamanda iki əmtəənin ekvivalentliyi ifadəsidir58. Lakin əmtəə dəyəri kəmiyyətinin göstəricisi olmaq etibarı ilə qiymət eyni zamanda əmtəənin pula olan mübadilə nisbətinin göstəricisidirsə, buradan heç də belə bir əks nəticə çıxmır ki, əmtəənin pula mübadilə nisbətinin göstəricisi olan qiymət hökmən dəyər kəmiyyətinin göstəricisi olmalıdır. Tutaq ki, bərabər kəmiyyətli ictimai zəruri əmək 1 kvarter buğdada və 2 funt sterlinqdə (1/2 unsiyaya qədər qızılda) ifadə olunur. 2 funt sterlinq bir kvarter buğdanın dəyər kəmiyyətinin pul ifadəsidir, yaxud onun qiymətidir. Lakin şərait bu bir kvarter buğdanın qiymətini 3 funt sterlinq təyin etməyə imkan verirsə və ya onu 1 funt sterlinqə endirməyə məcbur edirsə, onda aydındır ki, 1 funt sterlinq buğdanın dəyər kəmiyyətinin çox kiçik, 3 funt sterlinq isə çox böyük ifadəsidir, – bununla belə, istər 1 funt sterlinq, istərsə 3 funt sterlinq buğdanın qiymətləridir, ona görə ki, əvvələn, bunlar onun dəyər formasıdır, puldur, ikincisi isə, buğdanın pula olan mübadilə nisbətinin göstəricisidir. İstehsal şəraiti dəyişilmədikdə və ya əməyin məhsuldar qüvvəsi dəyişilmədikdə, bir kvarter buğdanın təkrar istehsalına bütün hallarda eyni miqdar ictimai iş vaxtı sərf olunmalıdır. Bu vəziyyət nə buğda istehsalçılarının, nə də başqa əmtəə sahiblərinin iradəsindən asılı deyildir. Beləliklə, əmtəənin dəyər kəmiyyəti ictimai iş vaxtına əmtəənin zəruri münasibətini, əmtəənin yaradılması prosesinin özünə immanent olan bir münasibəti ifadə edir. Dəyər kəmiyyəti qiymətə çevrildikdə, bu zəruri münasibət məlum əmtəənin ondan kənarda olan pul əmtəəsinə mübadilə nisbəti kimi təzahür edir. Lakin bu mübadilə nisbətində həm əmtəənin dəyər kəmiyyəti, həm də mövcud şəraitdə əmtəə özgəninkiləşdirilərkən bu dəyər kəmiyyətinə nisbətən meydana çıxan plyus və ya minus ifadə oluna bilər. Deməli, qiymətlə dəyər kəmiyyətinin bir-birinə miqdarca uyğun olmaması imkanı, yaxud qiymətin dəyər kəmiyyətinə uyğun gəlməməsi imkanı artıq qiymət formasının özündə vardır. Bu da həmin formanın nöqsanı deyildir, – əksinə, məhz bu fərqləndirici əlamət sayəsində həmin forma elə bir istehsal üsulunun adekvat forması olur ki, bu istehsal üsulu şəraitində qayda nizamsız hərc-mərclik içərisindən özünə ancaq kor-koranə fəaliyyət göstərən orta rəqəmlər qanunu kimi yol aça bilir.