Карл Генрих Маркс – KAPİTAL. Siyasi iqtisadın tənqidi (страница 12)
Əmtəə sahibini öz əmtəəsindən fərqləndirən məhz odur ki, əmtəə üçün hər bir başqa əmtəə cismi ancaq onun öz dəyərinin təzahür formasıdır. Anadangəlmə bərabərləşdirici və həyasız olan əmtəə nəinki öz canını, hətta öz cismini də hər bir başqa əmtəə ilə, hətta simaca Maritornesdən də eybəcər bir əmtəə ilə mübadilə etməyə həmişə hazırdır. Əmtəənin başqa əmtəə cisimlərindəki konkret xassələri qavramaq qabiliyyəti olmamasını əmtəə sahibi öz beş və daha artıq hissi ilə tamamlayır. Onun əmtəəsi onun özü üçün bilavasitə istehlak dəyərinə malik deyildir. Yoxsa o həmin əmtəəni bazara çıxarmazdı. Bu əmtəə başqaları üçün istehlak dəyərinə malikdir. Öz sahibi üçün əmtəənin bütün bilavasitə istehlak dəyəri ancaq ondan ibarətdir ki, bu əmtəə mübadilə dəyəri daşıyıcısıdır və, deməli, mübadilə vasitəsidir40. Buna görə də əmtəə sahibi öz əmtəəsini mübadilə yolu ilə elə başqa əmtəələrə dəyişmək istəyir ki, onların istehlak dəyərinə ehtiyacı olsun. Bütün əmtəələr öz sahibləri üçün istehlak dəyəri deyildir və öz sahibi olmayanlar üçün istehlak dəyəridir. Deməli, bunlar daim əldən-ələ keçməlidir. Lakin əmtəələrin belə əldən-ələ keçməsi bunların mübadiləsidir, mübadilədə isə onların bir-birinə münasibəti dəyərlərin münasibəti kimidir və onlar bir dəyər olaraq reallaşır. Deməli, əmtəələr istehlak dəyəri kimi reallaşmaq imkanı almazdan əvvəl dəyər kimi reallaşmalıdır.
Digər tərəfdən, əmtəələr dəyər kimi reallaşa bilməzdən əvvəl onlar özlərinin istehlak dəyəri olduğunu sübut etməlidir, çünki onlara sərf olunan əmək ancaq başqaları üçün faydalı formada sərf edildikdə nəzərə alınır. Lakin bu əməyin başqaları üçün həqiqətən faydalı olub-olmadığını, bu əməyin verdiyi məhsulun hər hansı bir özgə tələbatını ödəyib-ödəmədiyini ancaq mübadilə sübut edə bilər.
Hər bir əmtəə sahibi öz əmtəəsini ancaq elə əmtəələrə mübadilə etmək istəyir ki, bunların istehlak dəyəri onun tələbatını ödəsin. Bu cəhətdən mübadilə onun üçün xalis fərdi bir prosesdir. Digər tərəfdən, o öz əmtəəsini dəyər kimi reallaşdırmaq, yəni öz əmtəəsini eyni dəyərə malik başqa əmtəə ilə dəyişdirmək istəyir, həm də onun üçün fərqi yoxdur ki, öz əmtəəsi başqa əmtəələrin sahibləri üçün istehlak dəyərinə malikdir, ya yox. Bu cəhətdən mübadilə onun üçün ümumi bir ictimai prosesdir. Lakin eyni bir proses eyni zamanda bütün əmtəə sahibləri üçün yalnız fərdi və yalnız ümumi bir ictimai proses ola bilməz.
Məsələyə bir qədər diqqətlə baxdıqda görərik ki, hər bir əmtəə sahibi üçün hər bir özgə əmtəəsi onun əmtəəsinin xüsusi ekvivalenti rolunu oynayır, buna görə də onun öz əmtəəsi bütün başqa əmtəələrin ümumi ekvivalenti rolunu oynayır. Lakin bu cəhətdən bütün əmtəə sahibləri eyni vəziyyətdə olduqlarından, heç bir əmtəə ümumi ekvivalent deyildir, buna görə əmtəələr bir-biri ilə dəyər kimi eyniləşdiriləcəyi və bir-biri ilə dəyər kəmiyyətləri kimi müqayisə ediləcəyi ümumi nisbi dəyər formasına da malik deyildirlər. Beləliklə, əmtəələr bir-birinin qarşısına ümumiyyətlə əmtəə kimi deyil, ancaq məhsul kimi, yaxud istehlak dəyəri kimi çıxırlar.
Bizim əmtəə sahibləri bu çətin vəziyyətdə Faust kimi düşünürlər: «Əvvəl iş idi». Həm də onlar hələ düşünməyə başlamazdan qabaq iş görürdülər. Əmtəə təbiətinin qanunları əmtəə sahiblərinin təbii instinktində təzahür edir. Onlar öz əmtəələrini bir-birinə dəyər kimi, deməli, əmtəə kimi ancaq o halda bərabərləşdirə bilərlər ki, bunları müəyyən bir başqa əmtəə ilə müqayisə etsinlər, bunları həmin əmtəəyə ümumi ekvivalent kimi qarşı qoysunlar. Bunu əmtəənin təhlili göstərdi. Lakin ancaq ictimai hərəkət müəyyən əmtəəni ümumi ekvivalentə çevirə bilər. Buna görə də bütün başqa əmtəələrin ictimai hərəkəti müəyyən bir əmtəəni ayırır, bütün əmtəələr isə öz dəyərini onda ifadə edir. Bununla da həmin əmtəənin natural forması ictimai cəhətdən tanınan ekvivalent forma olur. Ümumi ekvivalent funksiyası göstərilən ictimai proses sayəsində həmin ayrılmış əmtəənin spesifik ictimai funksiyası olur. Bu əmtəə dönüb pul olur.
«Onların fikri birdir və öz qüvvət və hakimiyyətini yırtıcıya verəcəklər». «Bu nişana, yaxud vəhşi heyvan adına, ya da onun adının sayına malik olan şəxsdən başqa heç kəs nə ala biləcək, nə də sata biləcəkdir» (Apokalipsis).
Pul kristalı mübadilə prosesinin zəruri məhsuludur, burada müxtəlif əmək məhsulları felən bir-birinə bərabər tutulur və bununla da felən əmtəəyə çevrilir. Mübadilənin genişlənib dərinləşdiyi tarixi proses əmtəənin təbiətində istehlak dəyəri ilə dəyər arasında qalıb mürgüləyən əksliyi inkişaf etdirir. Dövriyyə üçün bu əksliyin xarici ifadəsini vermək tələbatı əmtəə dəyərinin müstəqil formasının meydana çıxmasına doğru aparır və bu tələbat o vaxta qədər davam edir ki, əmtəənin iki yerə bölünüb əmtəə və pul əmələ gətirməsi yolu ilə məsələ tamamilə həll edilmiş olsun. Deməli, əmək məhsulları əmtəəyə çevrildikcə, əmtəə də pula çevrilir41.
Bilavasitə məhsul mübadiləsi, bir tərəfdən, sadə dəyər ifadəsi formasına malikdir, digər tərəfdən isə hələ buna malik deyildir. Gördüyümüz kimi, bu forma belədir:
Bilavasitə məhsul mübadiləsində hər bir əmtəə öz sahibi üçün bilavasitə mübadilə vasitəsidir və onun sahibi olmayan üçün ekvivalentdir, – lakin ancaq o zaman ekvivalentdir ki, bu əmtəə onun sahibi olmayan üçün istehlak dəyəri olsun. Deməli, mübadilə edilən şey hələ öz istehlak dəyərindən, yaxud mübadilə edən şəxslərin fərdi tələbatından asılı olmayan heç bir dəyər forması almır. Lakin mübadilə prosesinə daxil olan əmtəələrin sayı və müxtəlifliyi artdıqca, belə bir formanın da zəruriliyi getdikcə daha çox inkişaf edir. Məsələ onu həll etmək vasitələri ilə bir zamanda meydana çıxır. Əmtəə sahiblərinin öz məmulatını müxtəlif başqa məmulata mübadilə etdikləri və bunları bir-birinə bərabərləşdirdikləri əmtəələr dövriyyəsi heç vaxt elə baş verə bilməz ki, bu zaman müxtəlif əmtəə sahiblərinin müxtəlif əmtəələri öz dövriyyələri çərçivəsində eyni bir üçüncü əmtəəyə mübadilə olunmasın və bir dəyər kimi ona bərabər tutulmasın. Belə bir üçüncü əmtəə müxtəlif başqa əmtəələr üçün ekvivalent olub, məhdud çərçivədə olsa da, bilavasitə ümumi və ya ictimai ekvivalent forması kəsb edir. Bu ümumi ekvivalent forması onu doğuran ani ictimai təmasla birlikdə meydana gəlir və yox olur. Bu forma növbə ilə və ani surətdə gah bir əmtəənin, gah da başqa əmtəənin nəsibi olur. Lakin əmtəə mübadiləsi inkişaf etdikcə, bu forma ancaq müəyyən əmtəə növləri ilə möhkəm birləşib qalır, yaxud kristallaşıb pul forması alır. Ümumi ekvivalent formasının məhz hansı əmtəə növü ilə birləşməsi əvvəllər təsadüfi olur. Lakin burada ümumiyyətlə və bütünlükdə iki cəhət həlledici rol oynayır. Pul forması ya mübadilə yolu ilə kənardan alınan və həqiqətən yerli məhsulların mübadilə dəyərinin təbii surətdə meydana gəlmiş təzahür formasını təmsil edən ən mühüm şeylərlə, ya da özgəninkiləşdirilən yerli əmlakın başlıca ünsürü olan bir istehlak şeyi ilə, məsələn, mal-qara ilə birləşib qalır. Pul forması birinci olaraq köçəri xalqlar içərisində inkişaf edir, çünki onların bütün əmlakı mütəhərrik formadadır, deməli, bilavasitə özgəninkiləşdirilən formadadır və onların həyat tərzi daim onları başqa icmalarla təmasa gətirir və bununla da məhsul mübadiləsinə sövq edir. İnsanlar çox zaman qulun şəxsində adamın özünü ilkin pul materialına çevirmişlər, amma torpağı heç zaman bu materiala çevirməmişlər. Belə bir ideya ancaq artıq inkişaf etmiş burjua cəmiyyətində meydana gələ bilərdi. Bu ideya ancaq XVII əsrin son qərinəsində meydana gəlmiş, bunu milli miqyasda həyata keçirməyə isə ilk dəfə yüz il sonra, Fransa burjua inqilabı zamanı təşəbbüs edilmişdir.