Джафар Джаббарлы – Mən bir susmaz duyğuyam ki… (страница 9)
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
Leyk yazdıqların əsla eləməz xalqa əsər,
Söyləyirsən, çığırırsan, bağırırsan da hədər,
Yenə millət, babası getdiyi yol ilə gedir.
Boyasan rəng ilə daşı yenə daşdır, nə ki zər.
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
Yazdığın daşları hərçənd kəbab etmədədir,
Köhnələr indi də bicliklə savad etmədədir,
Hamısı çəngü tərəb şürbə şitab etmədədir,
Qış gəlir, kürsü qurulmuş, hamı xab etmədədir.
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
O ki, bir çoxları dövlətlilərinin zadəsidir,
Hamısı ləhvü ləəb, bicliyin amadəsidir,
Atası – lal, babası – əldə olan badəsidir.
O qoduqlar hamısı qızların iftadəsidir.
Onların dərdinə bir Anna dəvadır bilirəm,
Millətə hər nə yazırsansa, rəvadır bilirəm.
Hər nə yazsan yeri var, yazma itilget sözünü,
İş məqamında görərsən hamı örtər gözünü.
Səkkiz il baş darayar, ya da ki, çırpar tozunu,
Boş yerə çırmalanıb, ortaya tullar özünü.
Sənəti büxlü həsəd, kibrü riyadır, bilirəm,
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
ARZU
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Məktəb deyəndə lərzə tutur cismi-zarımı,
Bulvar yanında eyləyir əskik güzarımı,
Hər gün bu məktəb artıq edir intizarımı.
Bundansa… kaş atam qazıyaydı məzarımı.
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Gündə gəlib müəllim edir vəzi-moizə,
Tülkü, inək, qoyun, keçir axırda ilbizə.
Yerdən qurtardı, qoyma ki, dırmaşdı ulduza.
Vallah, çərən-pərən, nəyə lazım bular bizə?
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Məktəb binasını yekə bulvar tikəydilər,
Bir dəstə modalı mənə paltar tikəydilər,
Bu qırmızı xəritəni şalvar tikəydilər.
Qızlar geyəydi leyk bir az, dar tikəydilər.
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Bulvarda vardır işvə ilə nazı qızların,
Məktəbdə tappa-tuppu gəlir kürsü, mizlərin,
Dəftər-kitaba bax, çıxa tainki gözlərin,
Cismin zəif olur, kəsilir tabı dizlərin.
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Əzbərləyir kitabı, buraxmaz birin dala,
Guya ki, oxşadır bizi zənbilli hambala,
Bir az dilin çaşarsa, yazar “iki” jurnala,
Şeytan deyir, bu uçteli dur yaxşı tapdala!
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
DƏNG OLDUQ
Bəsdir, Baba, danışdın, fəryad sənin əlindən!
Bir gün olurmu millət azad sənin əlindən?
Hər yerdə bir iş olsa, ordan xəbər bilirsən;
Bir pis iş etsə bir kəs, pıqqıldayıb gülürsən.