Джафар Джаббарлы – Mən bir susmaz duyğuyam ki… (страница 10)
Ta hər işin o şəxsin məxluqa bildirirsən.
Bir biclik etməyir xalq icad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Dəllək dükanın etdi bir kəs qumar yuvası;
Yaxşı mədaxil aldı, yüksəldi iştəhası;
Yazdın onu qəzetdə, dağıldı hər əsası,
Çox keçmədi ki, oldu bərbad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Biçarə Vamiq oldu avara öz elindən,
Məcnunu sən ayırdın Leyli kimi gülündən,
Hətta bu cür deyirlər, bir ravinin dilindən:
Başın daşa çalıbdır Fərhad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Hərgah sən olmasaydın hər kəs işin bilərdi;
Birsi adam soyardı, birsi cibə girərdi;
Firon hələ min il də Allahlıq eyləyərdi.
Gizləndi qəbr evində Şəddad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Qorxudan indi xalqın gizlənmək oldu şuğlu;
Ölsən, kəsər xəlayiq qurban beş-altı toğlu
Yıxdın evin bu xalqın, adə, a zalım oğlu!
Vallah, camaat olmur dilşad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Təngə gəlib xəlayiq, fəryad sənin əlindən!..
DEMƏDİM
İşimiz boş danışıq, həmdü sənadır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Millət əfradı unutdu hamı həsbü nəsəbi;
Elm təhsilinə sərf eylədi həm ruzu şəbi;
Mən bilən ki, ona lənət oxuyur cəddü əbi,
Baxmadı hərçi deyib dad elədi Molla Cəbi.
Rükni-dinin biri də rəngi-hənadır, demədim?
Ay, Baba, işlərimiz xeyli fənadır, demədim?
Ortaya saldı özündən hərə bir tazə dəbi,
Nə bilim qız oxusun, bəlkə də olsun ədəbi.
A kişi, arvad hara, bayram hara, kimdir səbəbi?
Bir yerə cəmləşib saxlaya mövludi-nəbi?
Oxumaq milləti-islama bəladır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Qız hara, məktəb hara, dərsü qələmdan hara?
Elm hara? Bilgi hara? Fatma, Tükəzban hara?
Ay canım, arvad hara? Zümreyi-insan hara?
Qız ki, şeytan kimidir, biz hara, şeytan hara?
Evimiz bir heçin üstündə binadır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Baxın indi oxumuş qızlara tüğyan eləyir;
Biri cəmiyyət açır, pul yığır, ehsan eləyir;
A kişi, arvad da özün bir yekə insan eləyir.
Tuf belə adətə olsun ki, müsəlman eləyir.
Arvada layiq olan cövrü cəfadır, demədim?
Ay, Baba, işlərimiz xeyli fənadır, demədim?
NOVBAHAR
Şad ol, könül ki, fəsl yenə novbahardır;
Hər yerdə bəzmi-eyşü tərəb aşkardır.
Bulvarda Annalar eyləyirlər səyahəti;
Yox naz-qəmzənin, bu sən öl, heç nəhayəti;
Var doğrudan da bulvara çıxmaq ləyaqəti;
Ey dil, bu bəzmə getməyinin var səfahəti.
Bulvar demə, behişt kimi laləzardır;
Şad ol könül ki, fəsl yenə novbahardır.
Bax, diqqət eylə lizaların xəttü xalına;
Ağlın gedər baxan kimi rüxsari-alına;
Bihuş olunca, diqqət elə gül camalına;
Baxma bu qəztə-məztəçinin qiylü qalına;
Vallah, o da Marusyalara cannisardır;