Bəsdir daha tənqid elədin xas ilə ami,
Çox yazma, danışma daha, tul etmə kəlamı,
Təngə gəlib istər axundu, istər əvamı,
Çün hər birinə bir yekə dastan yazılıbdır,
Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
Bu barədə bədnam elədin molla Babanı,
Zalım kişi, təngə gətiribsən bu cahanı,
And içmiş əlindən dəxi bu xalq nəhanı.
Dur qaç, a Baba, qətlinə fərman yazılıbdır,
Qatilliyə bir sahibi-iman yazılıbdır.
Əkşi, nə işin molla olub maili-ehsan,
Hər gün sənə nə, dolma yeyir, yağlı fisincan.
Sən də, hünərin varsa, buyur ye, a gic insan!
Molla belədir, alnına ehsan yazılıbdır,
Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
Qəyyum deyilsən ki, bizimçin çalışırsan,
Biz bir pis iş etdikdə nöyüt tək alışırsan.
Əkşi, sənə nə, sən niyə boş-boş danışırsan?!
Zalım, deyəsən, bizlərə sultan yazılıbdır,
Konsul yazılıb, bəy yazılıb, xan yazılıbdır.
Dərya ola çernil, yazasan min dənə peyman,
Ölsən də ki, molla yeyəcək hər gecə ehsan.
Əkşi, sənə nə? Molla yazıq ölsün acından?
Kim baxmaz ona vasili-niran yazılıbdır,
Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
BULVAR HARA, MƏKTƏB HARA?
Getmərəm mən məktəbə, məktəbdə namım çıxsa da;
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Rədd olub getmişdi məktəb başımızdan birtəhər,
Seyr edib bulvarda qızlardan olurduq bəhrəvər,
Sentyabr gəldi, dur qaç məktəbə hər gün səhər,
O deyir, bu söyləyir, insan olub lap dəngəsər.
Getmərəm mən məktəbə, namım, nişanım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Hər nə var, bulvarda var, məktəb, deyin, aya, nədir?
Hər nə var, qızlarda var, sənət bizə biganədir.
Boşla dərsi, məktəbi, ondan gözəl meyxanədir;
Hər kəs elmə meyl etsə, doğrusu divanədir.
Getmərəm mən məktəbə, məktəbdə namım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Bulvarı qoy, dur yüyür hər gün bu viran məktəbə…
Bir baxın, bu sözlərin heç dəxli vardır mətləbə?
Bilmirəm hansı… bu məktəbi saldı dəbə?
İndi var on beş yaşım, qoy məktəbə getsin bəbə!
Getmərəm mən məktəbə, məktəbdə namım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Pul babamdan, şükr ola, qalmış mənimçin bir qədər;
Onları xərc eylərəm, lap azı on beş il gedər.
Vallah, bir Janka mənimçin əlli min dərsə dəyər;
Şoğərib məktəb edir insanın ömrün lap hədər.
Getmərəm mən məktəbə, məktəbdə namım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Məktəbə qoy getsin axmaqlar, bizə lazım deyil;
Bizlərə həm elmdir Janka, ədəbdir, həm də gül;
Söhbəti şirin, özü şirin, danış, hər dəm də gül;
Jankaya bir kəs sataşsa, ya döy onu, ya döyül.
Getmərəm mən məktəbə, məktəbdə namım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Dilbərim, fəxrim, sürurim, ixtiyarım Jankadır.
Məktəbim, dərsim, ülumim, gülzarım Jankadır.
Çernilim, ruçkam, yazım, hər dürlü karım Jankadır.
Müxtəsər, dinim, həyatım, iftixarım Jankadır.
Getmərəm mən məktəbə, məktəbdə namım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
BİLİRƏM