Джафар Джаббарлы – Mən bir susmaz duyğuyam ki… (страница 7)
Guşimə “Sonya”nın sədası gəlir.
Millətin “aktyor” dəhanindən,
Şairindən, filan-filanindən
Guşimə “Sonya”nın sədası gəlir.
QİYAMƏTMİ QOPAR
Xalq oyandı, biz hələ yatsaq, qiyamətmi qopar?
Kef edib, meymun-zad oynatsaq, qiyamətmi qopar?
Pul bizim, bulvarda qız, yollar açıqdır getməyə;
Dağ duman, əlvan tuman, höcətmi var fikr etməyə?
Maryanı xoşhal edib zövqü səfaya yetməyə,
Fatmanı evlərdə ağlatsaq, qiyamətmi qopar?
Beşcə gün dünyada kefdən başqa bir şey qanmarıq,
Yüz min il çalsa qəzetçi zurnasın, aldanmarıq,
Pul qurtarsa, oğurluq vardır, məəttəl qalmarıq,
Evdə boşqab, nimçəni satsaq, qiyamətmi qopar?
Əcnəbi getdi qabaq, ay qəzetçi, mənlik nə var?
Qoy gedir, bir daş dalınca, bizlərə vardır nə ar?
Fikr edib kəşti2 çıxardar, pul verib olluq suvar,
Pul verib başların aldatsaq, qiyamətmi qopar?
Harda biz aciz müsəlman görsək, ani bizlərik.
Qız nədir, arvad nədir, hər kəs danışsa, dizlərik;
Kani-hümmət, kani-qeyrət, kani-şəfqət bizlərik,
Arı namussuzluğa qatsaq, qiyamətmi qopar?
Leyk min alim əgər mənbərdə olsa bərqərar,
Söyləsən: cəhd eyləyin, əldən gedir namus, ar.
Əkşi, axmaqsan, nəsən? Biz Maryadan olluq kənar?
Qeyrəti, namusu lap atsaq qiyamətmi qopar?
Kim Tükəzbanla otursa, evdə bir gün görməyir,
İşvə bilməz, qəmzə bilməz, eyşü işrət bilməyir.
Maryanın nazilə gülmür, həm bizi güldürməyir,
Biz də kamə, ay Baba, çatsaq, qiyamətmi qopar?
BİLMƏSƏYDİ
Dövran edərdi dövrün, rəftar bilməsəydi,
Gündə günah edərdim, qəhhar bilməsəydi.
Hər nə desəydi Zina, mən səbr edib dözərdim,
Dünya adamlarından lap ülfəti üzərdim,
Zinanı sinəm üstə, vallah, qoyub gəzərdim,
Amma məni o zalım mındar bilməsəydi.
Hər nə desə, onunçün dərhal mən alardım,
Versə riza, yanında məskən salıb qalardım;
Lap küçədə gəzəndə qol boynuna salardım,
Lakin məni bu məxluq dindar bilməsəydi.
Pul qurtarınca dərhal mən oğurluq edərdim,
Gündə adam soyardım, xalqın ətin didərdim.
Çox işlərin dalınca mən xəlvəti gedərdim,
Amma Babada ”Şəbrəng Əyyar”3 bilməsəydi.
Dini-zadı atardım, tək zinanı tutardım,
Ondan ötrü həyatı, namusu da atardım,
Vallah ki, pul qurtarsa, lap börkümü satardım,
Amma məni xəlayiq biar bilməsəydi.
Bilməm nə var bu xalqa daim edir məzəmmət,
İllah ki, bu qəzetçi bilmir həyavü hörmət,
Lap cini aldadardım, düşsə əlimə xəlvət.
Təzəpirin yanında cindar bilməsəydi.
Daim oruc yeyərdim bir gizli restoranda,
Xalqa tutun deyərdim, vardır oruc Quranda.
Lakin oruc yamandır, derdim urus soranda,
“Babi-Əmirdə” Əyyar – qəddar bilməsəydi.
Mümkün deyildir hərgiz bu arzular, ey dil,
Varkən Baba, bu işlər müşküldü, xeyli müşkül
Xalqı soyub, puliylə Həccə gedirdim hər il,
Əhli-behişt olardım, gər nar bilməsəydi.
BÖHTAN YAZILIBDIR
Bu söz, a Baba, bizlərə çoxdan yazılıbdır,
Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.