Джафар Джаббарлы – Mən bir susmaz duyğuyam ki… (страница 6)
Sənsiz güllər açılmasın, axar çaylar dayansın,
Oxu, bülbül, bəlkə yarım oyansın!..
Mən bir sönməz ulduzam ki, daim işıq saçarım,
Mən bir oynaq bülbüləm ki, güldən-gülə uçarım,
Mən bir saqlı aləməm ki, sevgilərdir açarım.
Sənsiz günəş görünməsin, qaralara boyansın,
Oxu, bülbül, bəlkə yarım oyansın!..
Mən səninçin şəfəqlərdən süslü bir tac yaparım,
Yol ver mənə, gül dərmişəm, sevdiyimçin aparım!
Arar, arar, arar, arar, axır səni taparım;
Sənsiz solsun göy yarpaqlar, axar sular bulansın,
Oxu, bülbül, bəlkə yarım oyansın!..
DÜŞKÜN DÜNYA!
Tarixlərdə öksüz kimi göründük.
İllər boyu qaralara büründük,
Yetər artıq ayaqlarda süründük,
Qalx, qalx, qalx düşkün dünya!
Tarix cəllad qan içməkdən yorulmaz,
Tərpənişsiz qara zəncir qırılmaz,
Yazıq, artıq bu dərdlərə durulmaz,
Qalx, qalx, qalx, düşkün dünya!
Qoy qırılsın artıq cəllad bıçağı,
Qoy uçulsun ölüm və qan ocağı,
Dünya olsun azad ana qucağı,
Qalx, qalx, qalx, düşkün dünya!
Hər bir qanun azadlığa bir yağı,
İnsan oğlu olmuş insan tapdağı,
Silkin, uçsun köləliyin torpağı,
Qalx, qalx, qalx, düşkün dünya!
YADA DÜŞDÜ
Gördüm üzünü, bağçada laləm yada düşdü;
Əmdim dodağın bal kimi, ağzım dada düşdü.
Bir lalə yetişmişdi bu viranə çəməndə,
Bad əsdi, xəzan vurdu da, laləm bada düşdü.
Bir qönçə yetirdim, bəzədim, nazını çəkdim;
Aldı fələk əldən onu, yarım yada düşdü.
Bağlandı könül bir gülə, səs tutdu mahalı;
Guya ki, bu dünyada qan oldu, qada düşdü.
Söz verdi, sözün tutmadı, and içdi, unutdu;
Bəlkə, deyirəm, yar usanıb innada düşdü?
Bəxt onda ki, paylandı, biri çatmadı payə,
Dünyada o bədbəxt də bizim bərbada düşdü.
Bir ovçu kimi göldə gözəl bir sona vurdum,
Çaldı qanadın göydə, gedib dəryada düşdü.
Satirik şeirləri
GƏLİR
Zurnaçı toyda zurnasın çalsa,
Orda bir az da vodka da olsa,
Guşimə “Sonya”nın sədası gəlir.
Millətim xar olub əzildikcə,
Ac yetimlər nəvası gəldikcə,
Guşimə “Sonya”nın sədası gəlir.
Millətə qəm olursa rahnümun,
Hamısın birdən etsələr mədfun,
Guşimə “Sonya”nın sədası gəlir.
Asimanda “Çapellin” uçduqca,
Xalq qırğın salıb vuruşduqca,
Guşimə “Sonya”nın sədası gəlir.
Millətin başına kül olduqca,
Hamı qəri-məzarə dolduqca,
Guşimə “Sonya”nın sədası gəlir.
Bulvarı seyr edən adamlardan,
Ruhə ləzzət verən madamlardan
Guşimə “Sonya”nın sədası gəlir.
Zurnanın xunksar havasından,
Bakıda milyoner balasından