Gülümsərkən can veriyor, süzülərkən öldürür
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.
İtirdiyin unutdurur, gördüyündən küsdürür,
Ən sarsılmaz ürəkləri yarpaq kimi əsdirir,
Tutqun gecə, aydın günmü, görən necə kəsdirir
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.
Mən istərdim şairləri, şeir ilahi qucurkən,
İki gözə səcdə edib oynaq dillər açırkən,
Görəydilər incə, xəfif təbəssümlər saçırkən,
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.
MƏNİM TANRIM
Mən bir zaman öz-özümdən uzaxdım,
Dün bir işıq buldum, ruhuma taxdım.
Bütün əski tanrıları buraxdım,
İndi artıq bir tanrım var – gözəllik!
Bütün əski tanrılara darıldım,
Həp məcazı sevgilərdən yoruldum.
Bir həqiqət buldum, ona vuruldum,
Dünyada bir şüarım var – gözəllik!
Oxşa məni, yeni tanrım, sevindir!
Artıq fikrim, ruhum, duyğum sənindir!
Çıx könlümdən, əski dünya, sonundur,
Çünki yeni bir yarım var – gözəllik!
MƏHKUM ŞƏRQƏ
Ey Şərq, sənin üstündə cahan çarpışıyorkən,
Aləm səni bölməklə səadət bölüşüyorkən,
Övladın əsarətdə, yazıq, can çəkişiyorkən,
Hala da sükut etmədəsən, ey evi bərbad!
Kimdən, əcəba, ummadasan dərdinə imdad?
Rahib kimi qovğayi-həyata həvəsin yox;
Tərpənmədəsən kölgə tək, amma nəfəsin yox;
Məhbəsdəsən, ancaq ki, dəmirdən qəfəsin yox;
Zəncirini qırmaz nə tərəhhüm, nə də fəryad;
Əsr indi dəmir dövrü, barıt dövrüdür, heyhat!
Dünyanı əsir eylər ikən bir ovuc altun;
Hər millət öz azadəliyin qurşuna mədyun1
Əsrin sözü top, haqq sözü top, tanrısı qurşun;
Acizliyə qalsan, edən olmaz səni azad,
Hər gün sənə sahib olacaq bir yeni cəllad.
Döndər günəşin atəşə, saç Qərbə, Şimalə!
Topla nə gücün varsa, giriş qəti cidalə!
Ya haqqını al, ya əbədi öl, laməhalə
Qoy gülləri ya qan sulasın, yaxud ədalət,
Qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət!
EY DAN ULDUZU
Qaranlıq gecədə səni gözləyib,
Durmaqdan yoruldum, ey dan ulduzu!
Uzaq üfüqlərə göz gəzdirməkdən
Az qala kor oldum, ey dan ulduzu!
Öksüz taleyimtək gecikdin nədən?
Karvanqıran doğdu, görünmədin sən,
Oxşatdım, yanıldım, könül verdim mən
Bilmədən vuruldum, ey dan ulduzu!
Arxasınca qoşdum sonsuz bir yola,
Hər addımda tuş gəlincə bir kola,
Qaranlıqda çox baxındım sağ-sola,
Hər yana buruldum, ey dan ulduzu!
Büsbütün yorulub gücdən düşərkən,
Bir ulduz parladı uzaq üfüqdən.
Bu görünən səndin, artıq gəldin sən,
Axır səni buldum, ey dan ulduzu!
MƏN BİR SUSMAZ DUYĞUYAM Kİ…
Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim,
Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərim.
Mən səninçin ömrüm boyu cəfalara dözərim,