Джафар Джаббарлы – Mən bir susmaz duyğuyam ki… (страница 4)
Həsrət ürəyimiz yanar dağ oldu.
Dillərimiz Turan deyə yoruldu
Turan ellərinə salam söyləyin.
Yıldızlı bir göy tac üstə ay parə,
Bir al yaylıq verim yetirin yarə,
Durnalar, durnalar, bizdən dübarə
Turan ellərinə salam söyləyin.
DÜN O GÖZLƏRDƏ
Dün o gözlərdə inliyən sevgi,
O baxışlarda titrəyən xülya,
Gülüşündən uçan səmimiyyət
Varlığından gülümsəyən sevda
Ruhi sar-sar əsirin eylərdi.
Utanıb dün çiçək kibi qızaran,
Şu yanaqlar bəharə bənzərdi.
Gül dodaqlar əsər, susar, utanar,
Gözlərin bildirirdi hər dərdi.
Həm də pək şairanə söylərdi
Tellərindən öpüncə aydınlıq.
Ləblərindən gülümsüyürdü həyat
O zaman bən sənin əsirin idim,
Çünki məsum idin, fəqət heyhat!
Şimdi hər şey havaya savruldu,
Böyüdün, bir qədər də oldun şən.
Dillə “sevdim” diyorsan imdi, fəqət,
Dinməmiş gözlərindən anladığım…
Eşq yox, zövq yox, yetər! Get, Get!..
Nerdədir gördüyüm səmimiyyət,
Niyə yavrum riyayə çevrildi?!
ÖLKƏM
Şiş ucları buludlarla döyüşən
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən
Tarlaları, düzləri var ölkəmin.
Verimli torpağı, geniş çölləri,
Çalışqan ərləri, igid elləri,
Böyük gəmiləri, dəmir yolları,
Keçidləri, rizləri var ölkəmin.
Göllərində ördəkləri üzərlər,
Göllərində maralları gəzərlər,
Güllərindən gəlinlər tac bəzərlər,
Ceyran gözlü qızları var ölkəmin.
Quzğun dəniz oynar ayaqlarında,
İşıq saçar nefti torpaqlarında.
Tarixlərin altun yarpaqlarında
Dadlı-dadlı sözləri var ölkəmin.
Yanar dağlarında yalov coşarmış,
Ona tapınmaya ellər qoşarmış,
Bir çağ varmış, ölkəm azad yaşarmış,
Bu yollarda izləri var ölkəmin.
İpəgindən qızlar çadra geyərlər,
Ölkələrin azad görmək dilərlər,
Bu yerləri bütün ellər sevərlər,
Yalnız bizdə gözləri var ölkəmin.
GÖZLƏRİ
Ala gözlü ceyranları andırıyor düzləri,
Toplamışdır gözəlliyi ən sevimli qızları –
Görkəmilə andırıyor düşündüyü sözləri
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.
Sərt baxırkən ən alovlu duyğuları dondurur,
Donuqluğu donub qalan ürəkləri yandırır.
Gah bir toytək oynaq olur, gah bir matəm andırır
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.
Bir baxışla azdırıyor, bir baxışla bildirir,
Bir baxışla ağladıyor, bir baxışla güldürür;