Sanki mızraq dayandı sərt dəmirə.
İlk əvvəl endi bir sürəkli sükut:
Ata məhbut, qız da həp məhbut…
Qantemir sonra, uslu, çox qorxaq,
Cansıxan bir sükutə son qoyaraq:
– Durna! Yavrum! Neçin donub qaldın?
Pək üzüldün, neçinsə sustaldın!
Durna durmuş bir incə sərtliklə,
Dinməyir bir sükut içində hələ,
– Nə gözəl bir qiyafət almışsan!
Sən həqiqətdə pək gözəlmişsən!
Ox! Bu paltar, yanılmayırsam əgər…
– Anamındır, əvət, bu əlbəsələr;
Doğrudur, Qantemir, xatırladığın.
– Bu qiyafətlə kaş ki, bilsəydin,
Nə qədər bənzəyirsən öz anana!
– Bir zaman gənc ikən…
Vuruldum ona…
– Abşeron xanlığıyla çarpışdın…
Bir təsadüf ki, sən əsir düşdün.
– Demə, yavrum, yetər keçənlərdən…
– Səni onlar da asmaq istərkən,
Anam ancaq təsadüfən görmüş,
Gecə gəlmiş…
– Əvət, bəlalı bir iş.
– Uyuyurkən yanında bir cəllad,
Səni dustaqdan eyləmiş azad.
Xan qızıykən əsirə bağlanmış.
Səni sevmiş, vəfalısan sanmış.
– Onu mən son məzarədək sevdim.
Onu hətta bu gün də… ah nə edim?
Onu dünyaya bu gün dəyişməzkən…
– Bircə sən, sən onun bərabərisən.
– İzləyirkən sizi qızın atası,
Söylə, batrıldı Abşeron adası…
Qantemir xatirat içində haman
Çeynəyir sanki varlığın qaplan.
– Durna! Yavrum! Burax, danışma daha!
– Üzülürsən, neçinsə, ha-ha-ha!..
Bax, bu süslər, bu gördüyün paltar
Həp onundur, geyinmişəm nə ki, var.
Qucacaqsan bu yadigarı… utan,
Qantemir… iştə həpsi qandır, qan…
– Durna… artıq bu sözlərin yersiz.
Sən unutdunmu? Bağda verdin söz…
Mən də, eşqim də suçluyuq bəlkə,
– Andı qırmaq yaqışmayır türkə,
“Olacaqdır?” – dedim, dedin: “Olacaq!”
Mən bu dəryanı zorla susladaraq;
Vermişəm bu binaya varsa nəyim,
Hökmdarkən önündə indi nəyim?
Məni heç bir səbəb utandıramaz,
Eşqdən aşiqi usandıramaz.
Hər şeyin varsa bir nizamı bu gün,
Eşq üçün yox cahanda bir qanun.
Qoy dağılsın bu varlıq övzüldən,
Qalmasın bir iz ölkədən, eldən!
Qaplasın qoy cahanı bir matəm,
Göz yaşında boğulsun həp aləm!
Qoy cahan dövrü saxlanıb dönsün!
Yanmasın göydə bir ziya, sönsün!
Bitməsin bir göyərti bir yerdə,
Gülməsin bir çiçək çəmənlərdə!
İldırımlar vurub da, od, yansın.
Yerə ensin nə varsa – ulduz, gün!..