реклама
Бургер менюБургер меню

Джафар Джаббарлы – Mən bir susmaz duyğuyam ki… (страница 23)

18
Çal bığlar, çəkincə iç titrər, Enli alnından axmada tərlər. Qarışıq çöhrədə sevinc parlar; Parlayan gözlərində eşq oynar. Əmrinə Durnanın boyun əyərək, Qantemir büsbütün əməl etmiş. İkiillik əzabdan sonra Su içində bu dik bina bitmiş; Toplamış ölkəsində hər nə ki var Bacarıqlı, dəyərli sənətkar. Hamısından da çox çalışmış özü, Eşqə təslim üçün coşan dənizi. Can çürütmüş, əzaba qatlanmış, Hər daşın göy yaşıyla islatmış. İki il cansıxan uzun gecələr… Bir cəhənnəm otaq, yataq, hər yer. İki il ayrılıqda çırpınaraq, Bəkləmişdir bu son günü naçar. İştə son gün ki, bu bina bitmiş, Yenə axşam mayis… sevimli bahar. Əyərək Durna həp qəzayə boyun, Gecələr, uyğusuz, gündüz tutqun, Gözü ağlar nasıl ki, yazda bulud, Bağçalar həp gözündə bir tabut; Bir məzarlıq gözündə aləmlər, Yaşamış adətən cəhənnəmlər. İkiillik əzabdan sonra Əmrinin bitdiyin demişlər ona. Büsbütün əski xatiratə uyuq. Bu binaya bu gün çıxıb Durna, Baxıyor bir maraq ilə göydən, Baxıyor kainata yüksəkdən. Görüyor bir yığın ufaq komalar, Bəşərin ilk məzarı həp bunlar. Zəmilər, bağçalar ki, böylə geniş, Bir məzarlıq deyilsə, ya nə imiş? Həp bu insan nədir, tifil hərbi? Gəzişir bir yığın qarışqa kibi! Bunun ondan nə fərqi var, tək bir, İki, ya dörd ayaqlığındamıdır? Eşqlər, duyğular, düşüncə, bu qəm… Nədir, Allah, bu çarpaşıq aləm? Öylə açmış təsəvvüratı qanad, Oynayır sanki bir yüyənsiz at. Başqalaşmış gözündə həp dünya; Son dönüşdür bu, seyr edir guya. Görür insanların keçinməsini, Günəşin son şüası sönməsini. Hərəkətlər də sustlaşır artıq, Bir sükutə batıb gedir aralıq, İndi dammış sükunət hər yerdə, Eniyor kainata bir pərdə. Bir qaranlıq, ürək sıxan qaralıq, Daldı həp birdən uyquya varlıq. Yandı göylərdə göylərin çırağı, İndi ay doğdu, sanki qan çanağı. Durna artıq baxınmayır, dalmış. Bəkləməkdən vücudu sustalmış. Gözləyir göydə öz ərin – atasın, Ruhu dalğın, vücudu həp dalğın. Qapını Qantemir açıb girdi, Durna diksindi, sıçrayıb durdu. İki ildir görüşməmişlərdi, Hər baxış, san, bir incə xəncərdi… Qara gözlər dikildi Qantemirə,