Görərək, çevrilir gülər bir qız.
Birləşib pək uzaq dənizlərlə,
Baxıyor sahilə gülümsəyərək,
Eşqə vurğun kədərli gözlərlə
Sanki öz saçlarilə fəxr edərək.
İştə son zirvəsində göylərdə
Duruyor, pək uzaq bəşərlər ona;
Duruyor sanki bir sular pərisi,
Duruyor bir vüqar ilə Durna.
Baxıyor sanki bir mələk göydən,
Bir mələk görkəmində gerçəkdən.
Saçları arxaya səpinmiş açıq,
Baxıyor sanki fikri pək dağınıq.
Baxıyor, san, gözəllərin şahı,
Baxıyor, san, gözəllik Allahı.
Baxıyor sanki göydə bir ulduz,
Baxıyor bir xəyali dilbər qız…
Tac taxınmış çiçəkdən, otlardan,
Sanki doğmuş bu, ağ buludlardan.
Onu guya ki, bəsləmiş göylər,
Bir çiçəkdir, toxunsalar, tökülər.
Onu guya ki, şeirdən hörmüş
Bir çəmənzar içində bülbüllər.
Onu guya ki, nəğmədən toxumuş
Nazlı bir qız, ziyalı bir dilbər.
Onu guya ki, süsləmiş, bəzəmiş
Göylərin incə mənəviyyatı.
Onu guya ki, sevgidən yaradıb
İlk baharın gülümsəyən səhəri.
Onu guya ki, bilmədən doğurub
Gülüşündən görünməyən Tanrı.
Yox, burax, tanrı-manrı bilməm mən
O, qadındır, gözəldir hər şeydən.
Sadə bir qız, sevimli bir dilbər;
Ona tapqın dəniz, hava, quru, yer.
Nədir əyləndirən həyatı, pəki?
Bir gözəllik deyilsə bilməm ki,
Həp yarınçın sürüklənirkən sən,
Umduğun şey nədir yarınlardan!
Gələcəkçin nədir bu qayğı, bu hal?
Həp gözəllik deyilmi bir ideal?
İştə hər kəscə etiraf edilir
Ki, qadın canlı bir gözəllikdir.
Həp təbiət edir pərəstiş ona,
Hamısından gözəl, fəqət, Durna.
Həp çiçəklər onun gülüşləridir,
Həp çəmənlər onunla süslənilir,
Boş fəzalarda seyr edib uçuşan
Bu mələklər xəyalı, kölgəsidir.
Qəlblər, ruhlar, könüllər həp,
Eşqə təslim olan bir ölkəsidir.
Şairin, şeirin həp ilahəsi o,
Şeirlər, nəğmələr onundur hamı.
Hər kəsin şərt-ilahi tapmasıdır.
Əsl Allah bu, o biri yapmasıdır.
Üzüyor Qantemir düşündüyü bu,
İnləyir sərt küləklərindən su.
Bir qayıqla yaxınlaşıb yapıya,
Bir buruq ip ilişdirib qapıya,
Dırmanıb Qantemir, girir içəri.
Dinmədən bircə-bircə pillələri
Çıxıyor çox çapıq nəfəs çəkərək,
Hər gördükdə bir azca əylənərək.
Bir baxış… sanki seyr edir suları,
Yenə qalxır çapıq-çapıq yuxarı.