Öylə olsun evim uca və böyük,
Övzülün Kaspi öpsün, üstün göy.
Bu bina sevgililərlə qoy dolsun,
Dörd yanım, həp mühitim eşq olsun;
Mənzilim olsun eşqlər yuvası,
Adı olsun sevimli Qız qalası.
Durma, get, haydı, çırpınır ürəyim;
Get, fəqət bulmalı yerin diləyim.
Ondan əvvəl mənə görünmə, saqın.
Qantemir açmadan dilin, dodağın.
Sanki gənc çağların bu gün yaşıyor,
Sərt addımlarla həp uzaqlaşıyor,
Yenə dik gözlərində bir şiddət,
Yenə fikrində bir yığın dəhşət.
Yel bir az da sərinləşib əsiyor,
Baxışı sərt işıqla Ay kəsiyor,
Mey vurunca xəfif-xəfif yellər,
Qız daha müztərib durur, inlər.
Sahilə bir ufaq qayıq yanaşır,
Süslü bir gənc onun içindən aşır.
Durnaya doğru durmadan qoşaraq,
Ona doğru haman yaxınlaşaraq,
Söyləyir: – Pək gecikmişəm, Durna!
Ağlayırsan, aman, darıldın ona!
Bilmədim, sevdiyim, bağışla məni…
Durnanın titrəyib bütün bədəni,
Baxıyor pək sürəkli, pək sakit:
– Son, bütün son, səfalı günlərə son!
Son, bütün keçmişə, keçənlərə son!
Məni bundan sonra düşünmə…
– Aman!
– Bilirəm pək bəlalıdır hicran,
Duyğusuz, uyğusuz yetim gecələr,
Süslü dünya cəhənnəm olsa əgər,
Yenə qarşımda başqa yox tədbir,
İki yol var, fəqət, nəhayət bil,
Həp ölümdür, ölüm, ölümdür, ölüm!
İştə, yavrum, bu son səfalı yolum…
Məni səndən ayırdı bir tufan,
Çarə yox, böylə istəmiş yaradan…
Durna bir gül ki, açmadan soldu;
O səninçin həmişəlik öldü.
Eşq üçün ayrılıq gözəl bir yol,
Get, gülüm, get, fəqət üzülmə, ər ol!
Baxaraq bir də son nəfəsdə ona,
Evə doğru uzaqlaşır Durna.
Yenə ağlar gözündə bir sevda,
Yenə dalğın üzündə bir xülya.
Ay dolanmış da, həftələr ötmüş,
Suda pək süslü bir bina bitmiş.
Qucuyor övzülün dəniz, quru yer,
Öpüyor yüksək alnını göylər.
Üstü görsənməyir dumanlarda,
Sanki itmişdir asimanlarda;
İlk gülən, son ölən şüası bütün
Həp onundur doğan, batan günəşin.
O gözəldir, o bir gəlin kimi şən,
Baxıyor bir vüqar ilə gendən.
Qarşıda daxmalar hörümlü, açıq,
Komalar həp qırıq, tökük, dağınıq;
Çevrəsində nə varsa, həp əski,
Bir rəqib axtarır da, bulmaz ki.
Suda öz kölgəsin görüncə gülər,
Öz şubay görkəmilə fəxr eylər.
Sanki bir güzgüdə boyun dümdüz