Keçirir bir rəsm kimi gözdən.
Yeri gəldikcə inləyir, saralır,
Bəllidir, həpsi, həpsi də üzdən;
Qızarır həp, yenə dönüb ağarır,
Hər nəfəs başqa bir qiyafət alır.
Göylərin boşluğunda ay qoşuyor,
Ağ buludlarla sanki oynaşıyor.
Ta uzaqlarda parlayan suları
Ufacıq bir qayıq yarıb üzüyor;
Qızcığaz həp əvvəlki tək dalğın,
Onu, guya, düşünmədən süzüyor.
Bax, çatıldı yenə hilal qaşlar,
Qəti bir halda gəldi, doğruldu,
Sanki bulmuş kimi o, istədiyin,
Sərt, çevik tərpənişlə döndü dedi:
– Ata, artıq mənim deyilsən atam,
Mən sənə, anladınmı, indi yadam.
Mən Xəzər sahilində bir durna,
Sən də bir ovçu kimi vuruldun ona.
Yetər artıq, üzülmə, ağlama, gül!
Al, sənin indi sevdiyin bir gül,
Çeynə, did, parçala, gəmir, məhv et!
Nə bilirsən də et, muradına yet!
Qoy eşitsin bütün cahan, bilsin!
Həpsi dildən-dilə deyib gülsün
Ki, rəzil bir ata, rəzil bir qız
Yaşayıb öldülər də ismətsiz.
– Durna! Yavrum, bu halətin dəhşət,
Haqsızam mən, fəqət düşün, əfv et!
– Keçmiş artıq, nə olsa, qoy olsun,
Sənə həp son məzarım eşq olsun!
Qoy desinlər, yalandır, aldanmam,
Dinlə, zövcüm, mənim dünənki atam!
Qoy desinlər: o bir rəzil qocadır;
Məncə eşqin sənin fəqət ucadır.
Sən özün heç, sözün də biməna,
Eşqin ancaq böyük, vuruldum ona…
Söyləyir Durna bilmədən özünü,
Söyləyir kəlmə-kəlmə hər sözünü…
İşlədikcə çapıq-çapıq nəfəsi,
Eşidildikcə incə, dadlı səsi,
Zənn edirsən ki, incə bir dilbər
Sararaq bir kəmanı əllərini,
Başdakı sevginin xəyalilə
İnlədir aşiqanə tellərini.
Söyləyir Durna – Qantemir, dinlə!
Yaşamaq istəyirmisən mənlə!
Seviyorsun yəqin ki, var xəbərim,
Verərəm söz ki, mən də həp sevərəm.
Sənin olsun ki, varlığım, ürəyim,
Var fəqət səndən incə bir diləyim:
Doğrudan sən məni sevirsənsə,
Yapacaqsan nə sevdiyin diləsə.
Görüyorsunuzmu, bax, bu ağ dənizi,
Şüşə tək parlayır nasıl da üzü,
Mənə təkdir bu göy sularda bir ev,
Qaldır əvvəl bu yüksəyə, sonra sev.
İstəyirsənmi boynunu qucayım,
Mənə imkan ver, ilk əvvəl uçayım,
Uçayım pək uzaq bu yerlərdən,
Uçayım pək uzaq bəşərlərdən…
Burda qalsam, mənim üzüm gülməz.
Məni bir kimsə anlamaz, bilməz;
Gələr hər kəs dilində yəzdani,
Anlamaz kimsə zövqi-ruhani.