реклама
Бургер менюБургер меню

Джафар Джаббарлы – Mən bir susmaz duyğuyam ki… (страница 26)

18
Yapının son kənarına çıxdı, Bir də həsrətlə aləmə baxdı. Gördü əvvəl bulunduğu bağca, Yenə bir can sevən işıqlı gecə. Baxıyor Durna göy geyimli düzə, Baxıyor ta uzaq-uzaq dənizə; Düşüyor könlünə keçən işlər, Ax, sevimli, səfalı keçmişlər… Gecə, göy bağçalar, yaşıl bağlar, Sevdiyin bəkləyib duran çağlar, Xatırından keçir çocuqluğu həp, Anası, keçmiş evləri, məktəb. Gəliyor fikrinə haman o gecə, Həp nasıl da dayandığı ağaca. Atası, ah, haman gecə atası, Yada düşdükcə çırpınır nəfəsi. İki il sonra sürdüyü dəmlər, Qayğılar, duyğular, ağır qəmlər Qarşısından birər keçir bunlar, Gözü yox, ruhu büsbütün ağlar. Düşünüb inadı həp bir sözlə, Büsbütün məhv edib ata diləyin. Xatırat, ox… Aman, aman, dəhşət! Xatırat, ox… yaxıb tökür ürəyin. Yenə ay göydə durmada sabit… Yenə əvvəlki tək dəniz sakit. Yenə də bir ufaq qayıq üzüyor, Baxıyor, sanki son dönüş süzüyor, Büsbütün, büsbütün unutmuş özün, Baxıyor kainata pək dalğın. Duraraq parlaq ayla üzbəüzə, Baxıyor parlayan açıq dənizə. Uyuyor, qarşısında bir uçurum, Ah, bu parlaq suda nə dadlı ölüm!… O zamandan ki, sevdiyin qovmuş, O da kəndin bu Kaspidə boğmuş. Neçin, Allah, neçin? Səbəb o… əvət! Ah… nasıl qıydı da ona, dedi: “get!” Neçin əhd etdi, bəs neçin qırdı, Sevdiyin başqasıyçın öldürdü? O, həyatın bir eşq üçün verdi; O, igid, həm vəfalı bir ərdi. Ondan ayrı dayanmayıb getdi; Getdi, həp kainatı tərk etdi. Qantemir atmaq istəyirdi qədəm, Durna: – Ah, qorxma, sevdiyim, gəlirəm, Eşq üçün ayrılıq, ölüm bir gün, Məncə, ən dadlı bir xəyali düyün. Bizə bir gün düyün yapar sonda Ana Quzğun səfalı qoynunda. Ah, uçun! Ah, əzablar yuvası… Ah, bağışla, sevimli Qız qalası! – Deyərək, saçla örtüyor üzünü, Parlayan Kaspiyə atır özünü… Geyimin oxşadıqca yel guya, Axıyor göydə canlı bir xülya. Uçuyor həp, nasıl da söyləməli, Sanki bir şairin uçan əməli. Axıyor sanki pənbə bir röya Bir mələk, ya ki, canlı bir sevda Axıyor sanki bir axan ulduz. Bu uçan Durnadır, əvət, yalnız. Sanki göydən yerə xəyal uçuyor, Onu Quzğun dayanmadan qucuyor. Yenə ay öz işıqların səpələr,