Hələ pək güclüyəm, inan, Durna!
Mənə odlar, sular, biyabanlar,
Vəhşilər, arslanlar, insanlar –
Həpsi bir heç! Önümdə bir kölgə…
Bax özün, iştə odlu bir ölkə,
Bir böyük kütlənin həyatı bütün
Bir oyuncaq kimi əlimdə zəbun
İstəsəm, həpsini əzib, didərəm,
Tapdaram həp həyatı məhv edərəm.
Tikərəm bir hasar bu ləşlərdən,
Yaparam bir minarə başlardan.
Orda bir şən çiçəkli bağ salaram.
Həp bu qanlarla torpağın sularam.
Mənə dünyada qarşı qüvvət yox,
İstəyim verməyən şəriət yox.
“İstəyin yapma!” söyləyən bir din
Mənə lazım deyil də, məhv olsun…
Ulu tanrım, bu süngü, bu qalxan
Türk üçün həp budur böyük yaradan.
Çünki varkən əlimdə bu mizraq,
Nə dilərsəm, o mütləqa olacaq!
Nə ararsam əlimdədir, taparam,
Hökmranam, nə istəsəm yaparam!
Bircə sən… ox, zavallı yavrum, sən,
Sən böyüksən və güclüsən məndən!
Eşqi yıxmaq ki, qeyri-mümkündür,
O ki, hər hökmdarə üstündür.
Hər kim olsan da tapdaram, ayamam,
Bircə ancaq bu eşqi zorlayamam,
Çünki sənsən mənim də bir əməlim,
Dön, gözəl yavru, tanrım ol da mənim!
Diləyin varsa, söylə, rədd etməm,
Sənə qarşı, satqın, güc işlətməm
Al, ölümlər saçan bu mızraqlar,
Bu geniş anlı-şanlı torpaqlar,
Qüvvətim, dövlətim, yerim, yurdum,
Təxtü tacım, mənliyim, bu qəddim,
Sərt, bükülməz qolum önündə bükük;
Bax, bu mızraq, bu mən götür əz, tök!
Qüvvətim, varlığım, dəmirli əlim.
İştə bir eşq ilahəsinə təslim.
Sən bu gün hökmdarsan, mən qul,
Durna… yavrum! Fəqət… aman… mənim ol!
Qantemir, Qantemir igid bir ər,
O ki, yıxmış böyük vilayətlər;
O ki, mehrabə, çox baş əyməzdi,
Pürvüqar alnı möhrə dəyməzdi;
Onu qorxutmayırdı atəşgah,
Onu tapdarmayırdı bir Allah;
O, əvət o, bax, iştə diz çökmüş,
Tanrı bulmuş da, həp boyun əymiş.
Əlli ildir bükülməyən dizlər
Bükülüb indi yaş çubuqlar tək.
Ağlamaq bilməyən bu sərt gözlər
Ağlayır, ağlayır çocuqlar tək!
Yenə ruhunda bir təkəbbür var,
Onda guya dəniz, sular, dağlar
Söyləyir: – Qantemir, utan, doğrul,
Sən ki, ərdin, tapınma, qalx da, ər ol!
Bu qədər yalvarış nədir bu qıza…
Baxıyor Durna bu kədərli üzə,
Çeynəyir ruhun odlu bir dəhşət,
Gülüyor heyətində bir əzəmət;
İnliyor gözlərində yorğunluq,
Qaplamış kainatı susqunluq.