Çırpınır varlığında bir sevda,
Bu gözəllik, bu incəlik, bu gülüş,
Bu xəyali, ilahi bir görünüş
Mən deyil, Tanrıya vurar düzgü.
Bax, özün Durna, bax, aman, güzgü
Yox ki… yar qəlbimi var onda hamı.
Canlı bir Durna, yox ki, tək rəsmi.
Bu gözəllik ki, səndə var, Durna,
Tanrı, sevsəm, yəqin darılmaz ona.
Haqsızam sevməyə gözəlliyi mən?
Kəndisi Məryəmə vuruldu nədən?
Sevdi kəndi yaratdığın kəndi,
Mən sevərsəm, mənə nə der indi?!
İstəyirsə ki, sevməyim səni mən.
Səni böylə gözəl yaratdı nədən?
Qantemir məmləkətdə bir dahi,
Əski qalxan-qılıncın Allahı.
Qantemir qəhrəmanlar öldürmüş,
Diriliklər qılıncı soldurmuş,
Ona tabe alovlu bir ölkə,
İndi durmuş nasıl ki, bir kölgə;
Heç duyulmaz ki, işləyir nəfəsi;
Arabir inləyir qırıntı səsi:
– Durna! Yavrum, darılma, olma məlul.
Sevmə bir başqasın, aman, mənim ol!
Varlığın çeynər odlu bir qayğu,
Ata bəklər maraqla qaytarğu.
İndi sahildə səs-səmir əsla
Eşidilməz, açun yatıb guya,
Tərpənişsiz bütün hava durmuş,
Batqıya doğru bir az yürümüş.
Seçilir göydə güclə ulduzlar,
Uyumuş həp dəminki gənc qızlar
Dinməz öz boynunu əyib güllər,
Sanki bir şey maraqla pək dinlər.
Bu sükutu yarar fəqət arabir
İlbiz oymaqları yaşıl təpələr;
Öndə parlaq sularda incə, xəfif
Bir şırıltıyla oynaşan ləpələr.
Baxıyor Durna, sanki bir heykəl,
Çeynəyir varlığın dəmir bir əl.
Baxıyor kainata hiddətlə,
Qocanı, həm kəmali-diqqətlə
Süzüyor, kəndi bilmədən səbəbin;
Yenə dalğın, haman yenə dalğın…
Qantemir indi canlı bir heycan,
İldırım, od, alovlu bir vulkan.
İnləyir tapdağında guya yer,
Parlayır gözlərində şimşəklər.
Bu gözəllik sinirlərin yaxıyor;
Sanki ac qurd şikar üçün baxıyor.
Baxıyor Durnanın bu heyətinə,
Mütərəddid gözəl qiyafətinə,
Söyləyir: – Durna! Nazlı yavrum, bax,
Məni məhv etmə, bu sükuta burax!
Mən həyatımda dürlü gün gördüm,
Əymədim baş açunda bir nəfərə,
Bir nəfər yox, bütün bəni-bəşərə.
Oda girdim, ölümlə çarpışdım.
İçmədim su, həmişə qan içdim
Məni gördükdə handa bir əsgər,
Qəhrəmanlar, igid-igid ərlər
Titrəyirlərdi sanki bir yarpaq,
Oynaşım qan, dəmir, çəlik, mızraq!..
İxtiyarəm deyib də, aldanma.