18+
реклама
18+
Бургер менюБургер меню

Абдурагим-бек Ахвердов – Hekayələr (страница 8)

18

– Yox, oğul, gücüm çatmaz. On manat, bəlkə… Bəs sən?

– Mən bir belə fikir eləmişəm, qardaşım getsin oxumağa. Mən də burada başlayım dövlətlilərin uşaqlarına dərs verməyə. Qazandığım pulu göndərim qardaşıma. O qurtarıb gələndən sonra da mən gedərəm, o mənə pul göndərər. Bəlkə, mən dərs verməkdən o qədər pul qazandım ki, heç sənin on manatına ehtiyac olmadı.

Bu məsləhəti hamı xoşladı.

Bir gün Mirzə Səfər Rastabazardan ötərkən qulağına səs gəldi:

– Mirzə Səfər, Mirzə Səfər!

Dönüb gördü ki, o səsləyən Həsən ağadır, tacir Hacı Qulunun dükanında oturub, oradan əl edir.

Mirzə, Həsən ağaya tərəf getdi.

– Ağa, nə buyurursan? Hacı Qulu, salaməleyküm!

Həsən ağa dedi:

– Mən səni gözaydınlığı verməyə çağırdım, eşitdim uşaqların məktəbi qurtarıblar, gözün aydın!

– Sağ ol, ağa!

– Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər yanıma, gəlsinlər, bir söhbət edək.

– Nə üçün gəlsinlər, ağa?

– Necə nə üçün? Məktəb qurtarıblar, ağsaqqala gərəkdirmi bir vizit versinlər55. Baxım görüm nəyə ləyaqətləri var, bir əməlli qulluğa qoyum, işləsinlər, sən də bir qədər istirahət elə.

– Ağa, qulluğa qoymaq fikrim yoxdur. İstəyirəm, uşaqlarımı ali təhsil almış görüb gözlərimi yumum.

– A kişi, sən bir kasıb adamsan, ali təhsil görmüş uşaqları sən neyləyirsən? Ali təhsilin ildə min manatdan çox xərci var. Mən oğluma ayda yüz manat göndərirəm, yenə "gördüm" demir. Sənə varlılarla tarazıya girmək nə yaraşar? Yorğanına bax, ayaqlarını uzat!

– Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Onlar ancaq sizin kölgənizdə oxuyub dərsi tamam ediblər. Çox razıyam sizdən. Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq indi də mənim yadımdan çıxmır.

Həsən ağanın rəngi dəyişdi:

– Nə demək istəyirsən, bu eyhamların mənası nədir?

– Bir məna yoxdur, ağa! Ovqatınız təlx olmasın. Ancaq uşaqlarımın gələcəyinin fikrini də mənim özümə vagüzar56 ediniz. Nə vaxtda sizin qapınıza gəlib çörək istəsəm, nökərlərə buyurun məni qovsunlar. Bağışlayın, başağrısı verdim. Xidmətinizdən mürəxxəs olaq. Xudahafiz, Hacı Qulu.

Mirzə Səfər getdi. Həsən ağa Hacı Quluya:

– Görürsən, Hacı, xalq nə payədə57 qudurub?! Hər qor- qoduq özünü adam cərgəsinə qoşur. Buna deyən gərək: "Ay qoturun biri, sən neyləyirsən ali təhsil görmüş oğulu? İki oğlun məktəbi tamam edib, çox gözəl, hərəsini bir işə qoy, səni dolandırsınlar". Camaat gəldikcə qudurur. Verdiyi cavaba bax!

Həsən ağa ovqatı təlx qalxıb getdi evinə.

İki aydan sonra Mirzə Səfərin böyük oğluna tədarük görüb Rusiyaya yola saldılar. Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol və müvəffəqiyyət diləyib bir qızıl saat da peşkəş verdi.

Mirzə Səfərin kiçik oğlu başladı dövlətli balalarına dərs verməyə. Müəllimlikdə böyük qabiliyyət göstərdiyinə işləri günü-gündən tərəqqi etməkdə idi, qardaşına nəinki artığınca pul göndərirdi, hətta aybaay bir qədər də öz gələcəyi üçün kənara qoyurdu.

Bahar fəslinin axırında Mirzə Səfərin oğlu darülfünun tələbəsi formasında evlərinə görüşməyə gəldi.

Bir-iki gündən sonra Həsən ağa Mirzəni bazardan keçən görüb çağırdı:

– Mirzə Səfər, bir buraya zəhmət çək.

Mirzə gələndə onun əlini bərk sıxdı:

– Dünən oğlunu gördüm, maşallah, yaxşı oğlana oxşayır, ona deginən, bir mənim yanıma gəlsin, deginən, əmin xahiş edirdi ki, sabah axşama çaya qonaq gələsən.

Mirzə təəccüblə ağanın üzünə baxdı:

– Bilirsiniz, ağa, mənim oğlum bu saat məndən ağıllıdır. Mən ona heç bir məsləhət görə bilmərəm, öz təklifini özü yaxşı bilir.

– Sən ona deginən, oğlun Yevropa adətlərinə, yəqin, bələddir, özü bilir ki, ağsaqqallara vizit vermək lazımdır.

– Baş üstə, deyərəm. Xudahafiz.

Həsən ağa dübarə Mirzəyə əl verdi.

Mirzə Səfər ölüm bəstərində58 idi. Böyük oğlu təbib bir yanında əyləşib tez-tez atasının sinəsinə yaş məhrəba salırdı, lazım olduqca atasına dərman içirdirdi. Kiçik oğlu mühəndis böyük qardaşının əmrlərinə itaət edirdi: əczaxanaya getmək, həkim yanına yüyürmək, kətan islatmaq və sairə. Usta Zeynal da bir tərəfdə məyus əyləşib dostunun üzünə baxırdı.

Mirzə gözlərini açdı.

– Balalarım, yavuğa gəlin, əlinizi mənə verin.

Oğlanlarının əllərini aldı əllərinə:

– Balalarım, dünyada mən çox ömür etmişəm. Sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm. Cəmi ömrümü işimdə təmiz olmuşam. Bir adama təməllüq, yaltaqlıq eləməmişəm, sizə mənim vəsiyyətim: ac qalsanız da, Həsən ağa kimi adamlara gedib yalvarmayın. Onuntək adamlardan uzaq qaçın. Siz təmiz, namuslu dolanırsınızsa, həmişə müvəffəqiyyət sizi tapar. Mən gedirəm. İkinci sizə vəsiyyətim: bu usta Zeynalı həmişə ata gözündə görərsiniz. Mən dünyada ancaq onda etibar gördüm.

Mirzə Səfər bu sözləri deyib həmişəlik gözlərini yumdu.

Mirzənin ölməyinin xəbəri şəhərə yayıldı. Oğlanlarının xatirəsi üçün tamam şəhərin tüccarı59, əyanı onun dəfnində iştirak edirdilər. Hətta Həsən ağa da təşrif gətirmişdi.

Mirzənin dəfnindən sonra neçə gün xalq oğlanlarının yanına sər-səlamətliyə gəlib-getdilər. Bu gəlib-getməklik rəsmiyyət idi. Ancaq bir nəfəri Mirzənin vəfatı yandırırdı. O adam usta Zeynal idi.

ŞEYX ŞƏBAN

– Şeyx Şəbanı siz tanıyırsınızmı?

– Xeyr!

– Heyif, sədd heyif. Mən haman o Şeyx Şəbanı deyirəm ki, yolun qırağındakı məhəllə məscidinin qabağında əyləşib pinəçilİk edirdi. Yağış yağanda sel gətirən köhnə başmaqları, çustları, çəkmələri, çarıqları yığıb, qəlibə vurub, yamayıb ucuz qiymətlə – cütünü bir abbasıdan, altı şahıdan satardı. Fəqir-füqəranın ayaqqabıları hamısı ancaq Şeyx Şəban əməli olardı.

Deyəsən, yavaş-yavaş yadınıza düşür? Bir toy, bir ehsan Şeyx Şəbansız keçməzdi. Meyit qabağında Şeyx Şəban: "La hövlə və la qüvvətə", – deyəndə səsi şəhərin o biri qapısında eşidilirdi. Hər sabah tezdən durub, enib, sübh namazını məsciddə qılıb, sonra çıxıb, öz yerində əyləşib peşəsinə məşğul olardı. Günorta və axşam azanını da verməyi özünə fərz hesab edərdi. Güman etməyin ki, Şeyx Şəban azan verməyinə muzd alırdı. Xeyr, əstəğfürullah! Azan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi.

Şeyx Şəban gödəkboylu, uzunsaqqallı bir kişi idi. Baharda, yayda abaya60 bürünərdi və qış fəslində çiyninə bir Xorasan kürkü salardı. Bir nəfər deyə bilməzdi ki, mən Şeyx Şəbanın saqqalının dibini zərrəcə ağarmış görmüşəm. Heç Şeyx Şəban elə adam deyildi. Otuz il bir abada gəzməyi, qırx il bir kürkə bürünməyi qəbul edərdi, amma saqqalına rəng və hənadan korluq verməzdi.

Rəng və hənanı da həmişə əttar Kərbəlayı Məqsuddan alardı. Hər adamın satdığı hənanı bəyənməzdi. Düşəndə də deyirdi ki, Kərbəlayı Məqsudun hənası cəmi İranda tapılmaz! Gör nədir ki, qazı ağa özü də onun hənasını işlədir və dəlilinin də ki müqabilində heç bir irad ola bilməz. Yemək tərəfindən həmçinin Şeyx Şəban özünə korluq verməzdi. İlin çox hissəsini toylarda, ehsanlarda plov yeyərdi. Fəqət plov olmayan günü də hökmən gərək bir abbasılıq ət alıb göndərəydi evə, ta arvad axşam abgüşt bişirsin. Əti də Şeyx Şəban qəssabdan almazdı. Qəssabbaşı İmaməli ilə müştəri idi. Nisyə ət alıb əlinə pul keçdikcə hesablaşardı. Ondan əlavə, düşəndə axşamlar yemişdən, üzümdən, qarpızdan alıb özü abanın altında evə gətirərdi.

Şeyx Şəban belə Şeyx Şəban idi.

Şeyx Şəbanın arvadı Gülsüm xala da məhəllədə məşhur idi, çünki yaxşı ruf tutardı, çöp ötürərdi, noxud falı açardı və həcəmət61 qoyardı, boğaz basardı. Nəinki şəhərdən, hətta ətraf kəndlərdən də boğazlarında çöp qalan uşaqları birbaş Gülsüm xalanın yanına gətirərdilər. Gülsüm xala uşağın ağzını əli ilə örtüb üzündən üflərdi, sonra barmağını uşağın ağzına salıb əzgil çəyirdəyindən, gavalı çəyirdəyindən, kömür qırığından çıxarardı.

Bir dəfə Şeyx Şəbanın çəpərinin yanından ötürdüm, gördüm həyətdə bir nəfər kişini uzadıb yerə, boğazına bir ip bağlayıb, ipin bir ucunu da ağaca bağlayıbdır. Uzananın yanında neçə nəfər şəxs və Gülsüm xala da, üzü örtülü, durubdur. Bir də gördüm kişilərdən ikisi uzananın ayaqlarından yapışıb gücləri gəldikcə dartırlar. Bunun boynu belə şaqqıldadı, guya bir böyük ağac şaxı sındı. O saat ipi boğazından açdılar. Durdu ayağa, əlini cibinə salıb, sonra cibindən çıxardıb Gülsüm xalaya tərəf uzatdı. Bildim ki, pul verdi. Kişilər həyətdən çıxanda birinə yaxınlaşıb dedim:

– Bu nə keyfiyyətdir?

Dedi:

– Bu şəxsin boynuna qıyıq girmişdi. Allah imanını kamil eləsin, Gülsüm xala sağaltdı.

Gülsüm xala da belə Gülsüm xala idi.

Şeyx Şəbanın yaşı altmışdan addamışdı. Gülsüm xalanın sinni əlli beşinə yaxınlaşırdı. Bu iki ər-arvadın bir-birinə olan məhəbbəti dillərdə deyilirdi. Hər sübh Gülsüm xala Şeyx Şəbandan tez oyanıb, yerindən qalxıb samovar hazır edərdi. Samovar qaynayantək otağın ortasına çəhrayı rəng, hər iki tərəfinə "məclis arast62" yazılı çitdən bir süfrə salıb, pendirdən, çörəkdən süfrəyə düzüb ərini oyadardı.

– A kişi, daha durginən, azanın vaxtı keçir.

– Bu saat durram, çay hazırdırmı?

– Əlbəttə hazırdır. Məgər özün bilmirsən ki, mən çay dəmləməmiş səni oyatmaram?

Şeyx Şəban arvadının adətini bilə-bilə yenə hər sübh ona bu sualı verərdi. Çünki arvadının cavabı ona ləzzət verirdi və ürəyində də fəxr edirdi ki, onun belə qeydinə qalan arvadı var. Şeyx Şəban cəld durub, dəstəmaz alıb, iki stəkan çay içib qalxırdı ayağa. Arvadı isə tez durub ərinin başmaqlarını cütləyib abasını, ya kürkünü çiyninə salıb, darvazayadək ötürüb qayıdardı otağa. Hər cümə axşamı şeyxin saqqalına həna qoyub, qoz yarpağı yapışdırıb və atası evindən gətirdiyi cehiz hənabəndi ilə bağlardı və gecəyarısı onu hamama göndərərdi. O idi ki, Şeyx Şəbanın saqqalı həmişə şəvətək olardı. Özü də cavan oğlana bənzərdi.