Абдурагим-бек Ахвердов – Hekayələr (страница 7)
Mirzə qələmi əlindən buraxıb kişinin gözlərinin içinə baxdı:
– Doğrudan, Həsən ağanın qohumusan?
– Doğrudan.
– Sən Allah, Həsən ağanın qohumusan?
– Vallah, doğru deyirəm.
– Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?
– Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam.
– Deyinən, sən öl, Həsən ağanın adamıyam.
– Sən öl, Həsən ağanın adamıyam.
– Bəs elə isə gəl min mənim boynuma. Neynəyim, Həsən ağanın qohumusan, gözlə, vaxtında kağızın hazır olar, apararsan.
İş üçün gələn kəndlilərlə Mirzə həmişə şirin dillə zarafat eləyərək söhbət edərdi. Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri idarə bağlandıqdan sonra qalıb təcili məktubları, teleqramları qəbul edərdi.
Bir gün növbə Mirzəyə gəlmişdi. Dəftərxananın səkisi üstündə əyləşib özünü havaya verirdi.
Bir neçə nəfər də kənddən gəlmiş adam küçənin ortasında oturub öz aralarında danışırdı.
Mirzə bunların birisinə əl elədi:
– A kişi, bura gəl, bura gəl.
Kişi durub gəldi.
– Nə buyurursan, Mirzə?
– Bir dil ki qəm düçarı ola, ağlar, ağlamaz?
– Mən nə bilim, ay Mirzə.
– Ənduhi-qüssə52 yarı ola, ağlar, ağlamaz?
– Başına dönüm, ay Mirzə, mənim belə şeylərdən başım çıxmaz. Avam adamam.
– Doğrudur, avamsan, bunlar gözəl sözlərdir, get oğlunu oxut. Belə-belə şeirlərdən ləzzət aparsın.
Bir dəfə nə üstə isə naçalnikin buna qəzəbi tutub dedi:
– Səfər! Papağını götür, buradan get!
Mirzə Səfər qalxıb şax naçalnikin sifətinə baxdı:
– Cənab naçalnik, siz yəqin edin ki, mən buradan gedəsi olduqda papağımı qoyub getməyəcəyəm.
Şeiri oxuyub bir növ rusca tərcümə etdi.
Yoldaşları hamısı bir dillə naçalnikdən xahiş etdilər ki, onun taqsırından keçsin. Mirzə Səfər özü isə bir vəziyyətdə durub, sifətində yalvarmaq nişanəsi olmayaraq baxırdı.
Mirzənin təmiz qulluqçu olmağına qiymət qoyurdular və yoldaşları da onu çox istəyirdilər. Ona görə Mirzəni vəzifəsində saxladılar.
Mirzə Səfərin iki oğlu edadiyyə53 məktəbinin beşinci sinfində oxuyurdu. Mirzənin məişəti ağır olduğundan məktəb nəzdində olan cəmiyyəti-xeyriyyə onun uşaqlarını dərs pulundan azad etmişdi.
Bir gün uşaqlar məktəbdən gəlib Mirzəyə xəbər verdilər ki, daha bu ildən onları məktəb pulundan azad etməyəcəklər, pul verməsələr, hər ikisini məktəbdən xaric edəcəklər.
Sabahı gün Mirzə naçalnikdən izin alıb məktəb müdirinin yanına getdi. Müdir dedi:
– Mən kənardan gəlmiş bir adamam, başım ancaq məktəbin işlərinə məşğuldur. Uşaqların atalarının vəziyyətləri mənə məlum deyil, məlum olsa da, mənim əlimdən bir iş gəlməz, sizin oğlanlarınız hər ikisi yaxşı oxuyur. Onların məktəbdən çıxarılmalarına mən çox əfsus edirəm. Mən sizə məsləhət görürəm, gedib cəmiyyətin sədri Həsən ağa ilə görüşəsiniz. İş onun əlindədir.
Məlum oldu ki, Mirzə Səfərin Həsən ağanın qohumu ilə rəftarı ağanın qulağına çatıb, o da qeyzlənib cəmiyyəti-xeyriyyə iclasında deyibdir ki, Mirzə Səfərin vəziyyəti mənə aydın məlumdur və uşaqlarını öz xərci ilə oxutmağa onda imkan var. İclasdan çıxanda üzvlərdən biri Həsən ağadan xəbər aldı:
– Ağa, Mirzə Səfər yazıq deyilmi, biz hamımız onun vəziyyətinə bələdik, bu zülmü onun haqqında gərək siz etməyəydiniz.
Ağa cavab verdi:
– Məgər siz onun nə qədər azğın olduğunu görmürsünüz?! Nə adama etina edir, nə də salam verir, guya bu adamların hamısı onun nökəridir. Yəqin, yağlıdır ki, belə dolanır. Yağlı olmasa, o da qalan çinovniklər kimi adamın yerini bilər.
Mirzə Səfər məyus evə qayıtdı.
Arvad ərinin halətinin pozğunluğunu xəbər aldıqda Mirzə dedi:
– Nə eləyim, ay arvad, bugün-sabah uşaqları məktəbdən xaric edəcəklər. Ondan sonra mən onların üzlərinə nə gözlə baxacağam? Həsən ağanın evi yıxılsın, mənim evimi o yıxdı.
– Qəm eləmə, kişi, sən ki özün şkola görməyibsən, yenə bir parça çörəyin var. Uşaqlar ki az-çox oxuyublar, çörəksiz qalmazlar.
– Mən yediyim məgər çörəkdir? Zəhrimar o çörəkdən yaxşıdır. Sabah qulluqdan çıxarsalar, acından ölməyə məcbur olacağam. Həsən ağa kimi zalımın biri getdi, naçalnikdən xahiş elədi, bir də görəcəksən, papağımı qoltuğuma verib saldılar eşiyə. Oğlanlarımı mən avara görsəm, yəqin, özümü öldürərəm.
Mirzə iştahsız nahar yeyib yatmaq istədi, hərçi çalışdı, yuxusu gəlmədi. Durub, libasını geyinib getdi usta Zeynalın dükanına.
Həmişə sifətindən şad, dili şeirli daxil olan Mirzə Səfər bu dəfə məyus girib, salam verib əyləşdi. Usta Zeynal xəbər aldı:
– A Mirzə, gözümə bikef dəyirsən, nə olub, xeyir ola?
– Xeyir olmamış nə var. Elə bir qədər bu gün ovqatım təlx olub.
– Söylə görək.
– Nə söyləyim? Həsən ağanın evi başına uçsun, gedib məktəbdə deyib ki, filankəsin pulu aşıb-daşır, uşaqlarını öz xərci ilə oxuda bilər. İndi uşaqları göndəriblər üstümə və xəbər veriblər ki, ayın on beşinədək qırx manat verməsəm, ikisini də məktəbdən xaric edəcəklər. Mənim mədaxilimi bilirsən. Çox çətinliklə onların kitablarını, libaslarını düzəldirəm. Hər yarım ildə qırx manat, ildə həştad manat eləyir. Mən bunu haradan düzəldim? Uşaqlar məktəbdən çıxarılsalar, mən vərəmləyib öləcəyəm.
Usta Zeynal Mirzə Səfərə Həsən ağanın yanına getməyi məsləhət gördü.
Mirzə Səfər neçə dəqiqə usta Zeynalın üzünə baxıb, birdən ayağa qalxıb dedi:
– Usta Zeynal, bu nə təklifdir mənə edirsən? Mən Mirzə Səfər gedim Həsən ağanın ayağına yıxılım? Mən acından ölməyə razı olaram, oğlanlarımın ikisinin də başını kəsərəm, amma gedib Həsən ağa kimi adama yalvarmaram. Qoy uşaqları qovsunlar.
Usta Zeynal bunu eşitdikdə dəzgahın dalından qalxıb, gəlib, Mirzənin boynunu qucaqlayıb üzündən öpdü:
– Mirzə, mən səni sınayırdım. İndi səndə olan istiqaməti-məcazi aydın görürəm. İndi görürəm ki, sən ağır günündə də gedib heç kəsin ayağına yıxılmazsan. Afərin sənə, Mirzə Səfər! Bu gündən sonra mən malımı, canımı sənin kimi dostun yolunda qoyaram. İndi gəl biz bir iş görək. Sənin məişətin ağır keçir, indi bir az da ağırlaşacaq. Mən də ki saatsazlığımla səndən çox qazanmıram. Gəl sənin uşaqlarının oxumasına şərik olaq. Oğlunun birinin xərcini sən çək, o birisininkini də mən çəkim. İldə həştad manat sənin üçün ağır yükdür. Amma qırx manat döy-sındır düzəldərsən. Mənim də gücüm çatar.
Mirzə Səfər usta Zeynalın boynunu qucaqlayıb başladı üzündən öpməyə. Bir də usta Zeynal baxıb gördü ki, Mirzə Səfərin gözlərindən yaş axır.
– Ağlamaq lazım deyil, Mirzə, sən indiyədək heç kəsdən minnət götürməyibsən. Amma mən səninlə iyirmi ildən artıqdır ki, dostam, bu mənim qardaşlıq töhfəmdir. Əmi qardaşı oğluna töhfə verəndə nə olar?
Usta Zeynal qarşısındakı çayçını səslədi. Çayçı iki stəkan çay gətirib, qoyub getdi.
– Mirzə, çay iç, ürəyin toxtasın. Dünyadır, belə də getməz.
Mirzə çay içib, bir qədər də usta Zeynalla söhbət edib gəldi evə. Ayın on beşində Mirzənin oğlanları qırx manat aparıb məktəb haqqı verdilər.
Mirzə Səfərin oğlanları ikisi də bir ildə məktəbi tamam etdi. Bu münasibətlə Mirzə bir plov verdi. Məlum ki, qonaqlarının əzizi usta Zeynal idi.
Uşaqlar bir neçə gün dincəldikdən sonra bir axşam Mirzə usta Zeynalı şama dəvət etdi. Çörək yedikdən sonra Mirzə üzünü usta Zeynala tutdu:
– Usta Zeynal, bu uşaqlar qurtarıblar, bunları belə qoymaq olmaz, yarımçılıqdan fayda olmaz. Mənim bunları ali məktəbdə oxutmağa qüvvəm çatmaz. Sən də indiyədək mənə beqədri-məqdur54 kömək edibsən. İndi bir tədbir lazımdır.
Usta Zeynal fikrə getdi. Bu halda Mirzənin kiçik oğlu atasına üzünü tutub dedi:
– Ata, ayda on beş manat qardaşıma göndərə bilərsən?