18+
реклама
18+
Бургер менюБургер меню

Абдурагим-бек Ахвердов – Hekayələr (страница 9)

18

Şeyx Şəbanın atası başmaqçı idi. Özü də bir neçə müddət atasının dükanında başmaqçılıq edib, axırda peşəsini unudub, bir neçə avara yoldaş tapıb qurşandı cahıllığa. Toylarda hamıdan yaxşı oynayan kim idi? Başmaqçı oğlu Şəban. Qumarbazlar arasında ürəkli aşıq atan kimi idi? Başmaqçı oğlu Şəban. Şəhər cavanları arasında hamıdan igid sayılan kim idi? Başmaqçı oğlu Şəban. Hər il məhərrəm ayında məhəllə dəstəsinin başını kim çəkərdi? Başmaqçı oğlu Şəban. Bağışlayın, mən sizin gözlərinizdə sual nişanəsi görürəm, guya siz sual edirsiniz: aya, bu cavan ki, avara idi, bəs bu, haradan pul qazanırdı ki, toylarda, qumarda, səyahətlərdə xərc edirdi? Mən də sizdən sual edirəm:

– Bəs Xoca Sərkizin ki evi yarıldı, yüz put ipəyi getdi, o ipəyin pulu necə oldu? Hacı Qafarın dükanı yarıldı, on beş min manatlıq malı getdi, o malın pulu kimin cibinə doldu? Baron Arakelin dükanından gedən on min manatlıq cavahirat necə oldu?..

Xülasə, nə ərz edim, mədaxil yolu bir deyil idi, beş deyil idi. Bu evləri, dükanları yaranların hamısının başçısı başmaqçı oğlu Şəban idi. Şeyx Şəban cavanlığında məhəllə oğlanlarının arasında çox gözəl sayılırdı. Özü nağıl edərdi ki, məhərrəm ayında başı açıq dəstə başında durub bazarla gedəndə, "Heydər!" deyib başımı silkələyəndə birçəklərim ki üzümə tökülürdü, cəmi damlardan tamaşa edən arvadların, gəlinlərin, qızların ağılları başlarından çıxardı. Bu əhvalatı ona qonşusu ağıçı Mələk nənə gəlib nağıl edərdi.

Bir gün Şəban evdə əyləşmişdi. Mələk nənə daxil oldu.

– Salaməleyk!

– Əleykəssalam! Mələk nənə, əyləş görək.

Mələk nənə əyilib, əvvəl əllərini yerə dayayıb, sonra “ax, ay vay” edib yanını yerə qoydu. Bir az nəfəsini dərib üzünü Şəbana çevirdi:

– Qadan alım, məni neyləyirdin?

– Dincini al, danışarıq, deyəsən, uzaqdan gəlirsən ki, belə yorulmusan?

– Bəli, qadan alım! Zeynal bəyin evində yasda idim. Evə gələndə nəvəm dedi ki, Şəban əmim səni çağırır. Dincimi almamış buraya gəlmişəm, nə var, xeyir ola?

– Doğrudur, ağıçını şərə çağırarlar, amma mən səni, həqiqət, xeyir işə çağırmışam. Səni bir yerə göndərəcəyəm! Gərək gedib Məşədi Məmmədvəlinin qızını mənə istəyəsən.

– Gedərəm, ayağın altında ölüm, bəlkə, vermədi?

– Ağzı nədir, verməyə? Kimin nə həddi var, mənə qız verməsin? Bilmir ki, bazarın içində atasına od vuraram?

Şəban burada dayanıb bir qədər fikir edib dedi:

– Heç sən qızın atasına söz demə, canı çıxsın. Danışarsan, o da artıq-əskik söylər, mən də, bilirsən ki, dilimin, ağzımın sahibi deyiləm. Axırda görərsən, bir biabırçılıq çıxdı. Sən qızın özü ilə danış. Elə ki razı oldu, gəl mənə xəbər gətir. Daha sənin işin yoxdur… Xərclik də istəyirsənmi?

Mələk nənə bir üçlük alıb cibinə qoyub dedi:

– Qızın nə sözü olacaqdır? Şəhərdə qız yoxdur ki, sənə bənd olmaya. Hələ çox sevinsin ki, sənin kimi oğlan onu istəyir, qızın heç sözü olmaz.

– İndi ki sözü olmaz, iş də düzələr. Sən dayanma, get.

Mələk nənə əvvəl diz üstə çöküb, sonra ayağa dayanıb, əziyyətlə qalxıb yola düşdü.

Baharın axır ayının gözəl gecələrinin biri idi. Şərqdən əsən nəsim güllərin, çiçəklərin və ağacların yarpaqlarının arasında aşiq və məşuqlar ürəklərini cuşa gətirən bir məqamət bərpa etmiş idi. Göyün ulduzları da guya bir-biri ilə məhəbbətdən dəm vururdular. Bədirlənmiş ay bunların arasında ahəstə-ahəstə məbhut63 gəzib dünyaya tamaşa edirdi. Bülbüllər yanıqlı nəğmələr ilə ürək dərdlərini güllərə söyləyirdilər. Şəhər yatmışdı. Tək bir şəhər pasibanlığı64 edən xoruzlar bir-birlərinə oyaq olduqlarını xəbər verirdilər.

Bu gecə iki nəfərin yuxusu gəlmirdi. Bunların biri başmaqçı Məşədi Məmmədvəlinin cavan qızı Gülsüm idi. O birisinin də kim olduğunu mən deməsəm də, qarelər65 anlarlar. Gündüzdən Şəban ona xəbər göndərmişdi ki, gecə hazır olsun ki, gəlib onu aparacağam. Ona görə Gülsümün rəxtxabına guya od dolmuşdu. İlan vurmuştək qıvrılır-açılırdı və vəd olunmuş fitə müntəzir idi.

Qarelər soruşarlar ki, axı Gülsümü Şəban harada görmüşdü ki, ona belə təəşşüq66 etmişdi?

Yuxarıda söhbət olundu ki, Şəbanın atası başmaqçı idi. Gülsümün atası ilə şərik olduğundan oğlu Şəban uşaqlıqda tez-tez Məşədi Məmmədvəlinin evinə gedərdi. Gülsüm də uşaq olmağına binaən67 qaçmazdı. Məşədi Məmmədvəli həmişə Şəbana deyərdi:

– Yaxşı başmaqçı ol, mən də qızımı sənə verim!

Şəban qızarıb, başını aşağı dikib bir söz deməzdi. Uşaqlıqdan bir məhəbbət toxumu bunların qəlbinə düşüb, gəldikcə kök atıb göyərməkdə idi. Gülsüm on yaşına çatandan sonra atası ona Şəban ilə görüşməyi qadağan etdi. O gündən Şəban onu görmürdü, amma bir an – gecə, gündüz yadından çıxarda bilmirdi. Gülsümün atasının onu Şəbana vermək fikri var idi, amma o gündən ki Şəban başmaqçılığı unudub oğurluğa, qumara və sair bəd əməllərə qurşandı, Məşədi Məmmədvəli fikrini dəyişib deyirdi: "Qızımı parça-parça edib itlərə ataram, amma Şəbana vermərəm".

Gülsümə atasının bu qərarı belə təsir etmişdi ki, yazıq qız gündən-günə mum kimi əriməkdə idi. Məşədi Məmmədvəli də qızının naxoşluğunu səhl68 bilib ona əlindən gələn müalicəni edirdi. Şəban ağıçı Mələk nənəni Gülsümün yanına göndərəndən qabaq özünə söz vermişdi ki, əgər Gülsüm bunun evində arvad olsa, o da bəd əməldən əl çəkib ticarətə yapışacaq.

Gecə yarıdan addamışdı. Vəd olunmuş fit səsi Gülsümün qulağına gəldi. Gülsüm cəld başını yastıqdan qalxızıb durdu ayağa. Bir atası yatan tərəfə qulaq verdi, ondan gəldi anasına qulaq verdi, gördü hər ikisi dərin yuxuya qərqdir. Gülsüm anasının üstündən ahəstə yorğanı qalxızıb onun sinəsindən öpdü. Gülsümün gözlərindən iki qətrə yaş anasının sinəsinə düşdüsə də, oyanmadı. Yenə anasının üstünü örtüb çarşabını götürdü (libasını axşamdan soyunmamışdı). Qapıya tərəf getdi. Qapını ahəstə açıb çıxdı həyətə və sinəsini sərin hava ilə doldurub boşaltdı. Dörd ətrafına göz gəzdirib əvvəl bir ayrıldığı evlərinə baxdı. Sonra gözlərini həyətə döndərib öz əli ilə əkib-becərdiyi qızılgüllərə qəlbən vida etdi. Şükufələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən: "Get, Allah səni xoşbəxt eləsin!" – deyirdilər. Gülsüm darvazanı açıb, darvazanın dalında durmuş Şəbanla qucaqlaşıb, uzun öpüşdən sonra aşiq və məşuq əl-ələ verib yola düşdülər.

Sabahdan Mehdi bəyin evində böyük izdiham var idi. Çünki Şəban Gülsümü onun evinə gətirmişdi. Qonşulardan neçə adam bir yanda əyləşmişdi. Məşədi Məmmədvəli əlində bir yekə ağac qapıda durub deyirdi: "Gərək bu saat məni binamus edən qızı parçalayam". İki nəfər şəxs onu güclə saxlayırdı. Gülsüm bir küncdə üzüörtülü, başında çarşab əyləşmişdi. Onunla üz-üzə qazı və polis naziri əyləşib sual verirdilər. Qazı deyirdi:

– Qızım, sən heç kəsdən ehtiyat etmə. Heç kəsin cürəti yoxdur sənə bir çırtma vursun. Əgər Şəban səni güclə gətirib, deginən, ta ona divan lazımınca tənbeh eləsin və səni də bu saat verək, atan aparsın evinə!

Polis naziri həmçinin qazının sözünü təsdiq edib deyirdi:

– Həqiqət belədir. Zorla qız aparmağın, zakona görə, böyük cəzası var.

Gülsümü nə qədər danışdırmaq istəyirdilərsə də, cavab verməyə həya edib dinmirdi. Axırda polis naziri dedi:

– Görünür, bu qız atası ilə getmək istəyir və güclə gətirilməyini iqrar etməyə qorxur.

Gülsüm bu sözü eşidəntək səsini çıxardıb dedi:

– Heç kəs məni güclə gətirməyib. Mən özüm öz xahişimlə gəlmişəm.

Bu sözü üç dəfə Gülsüm təkrar edəndən sonra qazının və polis nazirinin çıxıb getməkdən savayı bir çarələri qalmadı. Məşədi Məmmədvəlini də güclə öz evinə apardılar. Haman gün kəbin kəsib Gülsümü aparıb Şəbanın evində qoydular. Şəban necə ki özünə söz vermişdi, Gülsüm onun evinə gələndən sonra hər bir bəd əməldən əl çəkib, bir dükan açıb başmaq dərisi alış-verişinə başladı və bir-iki aydan sonra qayınatası ilə barışmaq fikrinə düşdü. Çünki Gülsümün də könlü anasını çox istəyirdi. Amma görüşmək mümkün olmurdu. Şəban gedib qazıdan təvəqqe etdi ki, onu bir növ Məşədi Məmmədvəli ilə barışdırsın. Qazı isə cümə axşamına söz verdi. Çaharşənbə günü qazı qəsdən Məşədi Məmmədvəlinin dükanına gedib qabaqca özü üçün bir cüt başmaq tapşırdı və əsnayi-söhbətdə dedi:

– Sabah axşam azanına iki saat qalmış gələcəyəm. Amma özümlə də bir neçə qonaq gətirəcəyəm.

– Cəmi şəhəri gətirsən, cənab qazı, gözüm üstə yer elərəm.

Söz yox ki, Məşədi Məmmədvəli qazının xahişini anladı və artıq da fəxr etdi ki, qazıtək vücud Şəbanı onun ayağına gətirəcək. Öz ürəyində deyirdi: “Əlbəttə, beş gün tez, beş gün gec, iş olacaq idi. Bir qız bir oğlana qismətdir. Nə düşübdür, qazıtək şəxsi özümdən rəncidəxatir edim?”

Qazı məşədi ilə xudahafiz edib dedi:

– Məşədi, lumu, mürəbbə, əlbəttə, yadından çıxmasın. Gərək sabah çay hər barədə şirin olsun.

– Gözüm üstə, canım üstündə, istəyirsən, xanəndə də gətirim.

Qazı bu sözə gülüb dedi:

– Bəd olmaz! Xanəndə məhz qazılar üçün yaranıb. Xülasə, sabah axşam sənə qonağıq, xudahafiz!

– Müşərrəf, göz üstə gəldin.

Cümə axşamı müəyyən vaxtda Məşədi Məmmədvəli samovarı ağacın altında dəmləyib, göy ot üstündə sərilmiş süfrədə mürəbbə və doğranmış lumu hazır edib, özü də samovarın yanında dizi üstündə əyləşib stəkanları təmizləməyə məşğul idi.

Bu əsnada qazı, iki nəfər molla və neçə nəfər ağsaqqal təşrif gətirdilər. Gələn qonaqların arasında Şəban da görünürdü. Qonaqlar bir-bir salam verib əyləşdilər. Amma Şəban hamıdan dalda başını aşağı salmış dayandı. Qazı üzünü Məşədi Məmmədvəliyə tutub bir növ nitq söylədi: