Абдурагим-бек Ахвердов – Hekayələr (страница 10)
– Məşədi, müsəlman taifəsinin gözəl bir adəti var. Bir şəxs, görürsən, gedib bir ayrı şəxsi öldürür. Sonra haman qatil gəlib məqtulun69 evinə girəndə onun təqsirindən keçirlər. Sən belə güman et ki, bu oğlan sənə çox əziz olan bir vücudun qatilidir. İndi biz onu sənin qulluğuna gətirmişik. Gərək bizim xatirimizi mülahizə edib bunun təqsirindən keçəsən. Doğrudur, bu, çox qəbih70 əməl tutub. Sənin namına toxunub, amma sən özün də cavan olubsan və yaxşı bilirsən ki, cavan naqisül-əql olar. Bundan əlavə, gərək bunun cavanlığını mülahizə edib təqsirindən keçəsən. Ta bu, bu gündən sənə oğul olsun. Sənin qızın da bunun evindədir. Sənin və anasının həmişə korluğunu çəkir. Gərək ona da rəhm eləyəsən. Məsəldir: "İnsan, övladının ətini yesə də, sümüklərini çölə atmaz".
Qalan qonaqlar da həmçinin Məşədi Məmmədvəlini səsə, küyə basıb Şəbanı çəkdilər ortaya. Şəban isə irəli gəlib qayınatasının əlindən öpdü, qonaqlar da Məşədi Məmmədvəlini Şəbanın üzündən öpməyə vadar etdilər.
Barışdırmaq rəsmini tamam edəndən sonra qonaqlar şüru etdilər71 çay içməyə. Çay üstündə qazı həmçinin vəz edib böyüyün kiçiyə məhəbbəti, kiçiyin böyüyə itaəti barəsində uzun bir söhbət elədi. Azan deyiləndə qonaqlar qalxıb, bir-bir Məşədi Məmmədvəliyə əl verib: “Allah sizin qohumluğunuzu başadək eləsin”, – deyib getdilər.
O biri cümə axşamı Məşədi Məmmədvəlinin evində böyük ziyafət idi. Məşədi öz qızını və kürəkənini bir cəmi-kəsir ilə axşam çörəyinə ayaq açmağa çağırmışdı. Şəban kişilər məclisinə daxil olub, salam verib qapı ağzında əyləşdi. Gülsüm arvadlar otağına keçib qapıda anası ilə uzun öpüşdü. Həm ana, həm bala şadlıqlarından ağladılar. Cavan qızlar Gülsümün ətrafını alıb hər biri bir növ suallar verirdilər. Binəva bilmirdi hansının sualına cavab versin. Axşamdan neçə saat keçincə bir podnosda bir dənə qızıl saat gətirib Şəbanın qabağına qoydular. Qonaqlar durub dağıldılar. Neçə gündən sonra rəsmə görə bir qonaqlıq da Şəban edib, qayınatasını və qayınanasını qonaq çağırıb əlli manatadək xərc etdi.
Bu gündən qohumlar bilaməmaniət72 bir-birinin evinə gedib-gəlməyə başladılar. Şəbanın alış-verişi yaxşı getməkdə idi. Onun keçmişdə igid sayılmağına görə başmaqçılar hamısı gönü ondan alırdılar. Bu səbəbdən də sair gön satanların bazarı kasad düşmüşdü. Şəbanın ticarətinin tərəqqisi hamıdan artıq gön satan Səlmana təsir edirdi. Gecə-gündüz Səlmanın fikri Şəbanı yıxmaq idi. Amma qorxudan bir iş görə bilmirdi. Axır davam edə bilməyib, camaat bazardan evinə çəkiləndən sonra dükanı bağlayıb birbaş polis nazirinin evinə getdi. Polis naziri bir neçə qonağı ilə əyləşib qumara məşğul idi. Nökər daxil olub xəbər verdi ki, bir nəfər qapıda durub deyir: “Gərək bu saat naziri görüm, vacib ərzim var”. Elə bil nazirin başından bir qab qaynar su tökdülər.
– Məgər bu nainsaflar bir dəqiqə adama rahatlıq verməzlər? Məgər polis qulluqçusu da insantək dincələ bilməz? Hər kimdir, çağır, gəlsin içəri!
Nökər çıxdı, bir dəqiqədən sonra qapı açılıb uzunboylu, qarasaqqal, başının ortası qırxılmış bir adam qapıda peyda oldu. Nazir yerindən durmayıb üzünü Səlmana tutub hirslə soruşdu:
– Nə var, nə istəyirsən?
– Ağa, ərzim tək sizə məxsusdur. Təvəqqe edirəm ki, məni xəlvət danışdırasınız.
Nazir bir ayrı otağa keçib Səlmanı da oraya çağırdı:
– De görüm, nə var?
– İstəyirsinizmi, ağa, baron Arakelin dükanından gedən malı bu gecə tutasınız?
– Bu nə sözdür? Məgər Arakelin dükanını yaran sənə məlumdur?
– Bəli, məlumdur, təvəqqe edirəm ki, bu gecə gedib başmaqçı oğlu Şəbanın evini axtarasınız. Əgər Arakelin şeylərindən onun evində tapılmasa, cavabdehində mənəm. İstəyirsiniz, siz qayıdınca mən buradan getməyim. Əgər ərzim yalan çıxsa, mənim özümü dustaqxanaya göndərə bilərsiniz.
Şəban yatmışdı. Gecənin yarısı darvazanın döyülmək səsi onu oyatdı. Durub, çiyninə bir yapıncı salıb qapıya çıxdı.
– Darvaza döyən, kimsən?
– Pristavdır, gəl, aç qapını!
Şəban qapını açdı. Neçə nəfər polis əmələsi və qazaqlar daxil oldular. Qazaqlar Şəbanı əhatə etdilər. Pristav məlum etdi ki, gərək onun evi axtarıla. Gülsüm qorxusundan nanə yarpağıtək əsirdi. Bir növ özünə cürət verdi. Gedib pristavın ətəyindən yapışdı, istədi ondan ərinin buraxılmasını təvəqqe etsin. Şəban onun üstünə qışqırdı:
– Get, yerində otur! Sənin işin yoxdur, qoy nə bilirlər, eləsinlər!
Şəbanın evini alt-üst etdilər. Həqiqət, Arakelin dükanından getmiş şeylərdən iki dəst gümüş çəngəl-bıçaq, neçə gümüş qəndqabı və sair şeylər tapıldı.
Pristav Şəbana məlum etdi ki, gərək onunla getsin polis idarəsinə. Şəban itaət edib, paltarını geyib pristav ilə bir yerdə getdi. Gülsüm ərə gedəndən bəri, əvvəlinci dəfə idi ki, tək qaldı. Bu təklik ona əl verib o qədər ağladı ki, axırda bihal olub ürəyi getdi, yıxıldı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.