реклама
Бургер менюБургер меню

Abdulla Şaiq – Tıq-tıq xanım (страница 5)

18

ASLAN, QURD VƏ TÜLKÜ

Bir zaman tülkü, qurd, həm aslan – Hər üçü bağladı belə peyman: Ki bu gündən ələ nə düşsə şikar, Üç yerə qismət eyləsin onlar. Hamı “əhsən” dedi bu dadlı sözə, Ov üçün çıxdılar bir otlu düzə. Dərə ağzında tapdı üç ortaq: Bir qoyun, bir keçi, quzu, oğlaq. Dedi aslan: – Gəlin ovu bölüşək, Bu qoyun ki mənə çatar, bişək. Quzu olsun gərək mənim payım, Çünki sizlərdə yox mənim tayım, Bu keçi də gərək mənə yetişə, Olmasın bir kəsin sözü bu işə. Oğlağa kim uzatsa əl, bunu bil, Eylərəm mən onun əlini şil.

TÜLKÜ VƏ ASLAN

Bir tülkü görməmişdi Ömründə hərgiz aslan. Bir gün görəndə şiri Qorxub çəkildi yan-yan. Bir həftə keçdi, tülkü Aslanı bir də gördü, Xof etməyib, uzaqdan Baxdı, dayandı, durdu. Üçüncü dəfə görcək Getdi ona yanaşdı, Şir ilə tutdu ülfət, Güldü, dedi, danışdı.

TÜLKÜ VƏ QURD

Oldu bir yolda tülkü qurda düçar, – Hara, – sordu, – gedirsən, ey sərdar? Dedi qurd: – Ey iki gözüm, ciyərim, Gedirəm hər yerə düşə güzərim. Zülmdən qurtarıb olam rahət, Yaxdı, yandırdı canımı zillət. Hər zaman ki məni görür insan, Öldürür, rəhm etməyir bir an. Dedi tülkü: – De bir mənə işini, Aparırsanmı o tamah dişini? – Harda olsam, gərək olur bu dişim. Söylə, dişsiz mənim aşarmı işim? Dedi tülkü: – Əbəsdir bu söhbət, Ey gözüm, çəkmə boş yerə zəhmət. Nə qədər ki səninlədir bu dişin, Keçəcək hər məkanda böylə işin.

BAHAR

Bağçalarda açır gül, Fərəhlənir hər könül. Uçur duman, qəm, kədər, Şən-şən ötür hər bülbül. Yaşıllanır dağ, yamac, Bəzək vurur hər ağac. Dərə, təpə, çöl, çəmən Çiçəklərdən qoyur tac. Bahar eylədikcə naz Elin kefi olur saz. Əkir, biçir həvəslə, Deyir: – Var ol, gözəl yaz!

YETİM

Soyuq gecə, səs edirdi boran çox hiddət ilə, Bayırda bir uşaq ağlardı dərd, möhnət ilə. Əli, üzü bozarıb, səslənir o dərdli yetim: – Soyuqdan öldüm, aman, dondu, ah, bütün bədənim.