Abdulla Şaiq – Tıq-tıq xanım (страница 4)
Məktəbə get, dərs oxu.
Al şəfəqli günəş var,
Pəncərədən parıldar.
Qalx ki, hamı oyanmış,
Dünya nura boyanmış.
Səhər ziyandır yuxu,
Məktəbə get, dərs oxu.
MƏKTƏBDƏ
Qonşumuzun oğlu Muradı, ata,
Qoydu keçən gün atası məktəbə.
Sən də gedib çanta, kitab al mənə,
Qoy, atacan, mən də gedim məktəbə.
Dünən gedib məktəbi mən görmüşəm,
Ay, nə qədər yoldaşlarım var, ata!
Bəyənmişəm məktəbi, çox sevmişəm,
Gəl məni də məktəbə qoy, ay ata!
Müəllimə söyləyirdi nələr…
Necə isti, soyuq yerlər var deyir.
Ay ata, dünyada var imiş nələr?
Yağış, duman nədən olur söyləyir.
Şəkil çəkirdilər uşaqlar, ata,
Mən də baxırdım: biri orman çəkir,
Biri çəkir at, biri ovçu, tula,
Biri daxma, biri dəyirman çəkir.
Sonra müəllim hamısın oxutdu,
Pəncərədən gördü, çağırdı məni.
İskamyada, ay atacan, oturtdu,
Dedi: – Atan məktəbə qoysun səni.
PAYIZ
Payız olur, əsir soyuq küləklər,
Solur dağda, çöldə əlvan çiçəklər.
Gecələr uzanır, günlər qısalır,
Göy üzünü qara buludlar alır.
Yağış yağır, duman çökür çöllərə,
İnildəyir çayır, çəmən, dağ, dərə.
Ağaclarda nə meyvə var, nə yarpaq,
Bağ-bağçalar olmuş bütün çıl-çılpaq.
Quşlar uçub dəstə-dəstə gedirlər,
İsti yerə köçüb, qışlaq edirlər.
CÜTÇÜ
Cütçü, əkinçi baba,
Bahar gəlir, qalx daha!
At kürkünü bir yana,
Büzüşmə çox, gəl cana!
Yaşıllanır çöl, çəmən,
Rəhmət yağır göylərdən.
Dayanma, get tarlaya,
Şumla, ək, biç, vur taya!
Cütçü, əkinçi baba,
Bahar gəlir, qalx daha!
UŞAQLAR
Yığışmış idi çocuqlar, edirdilər bayram,
Geyib gözəlcə, al-əlvan bəzənmiş idi tamam.
Deyib-gülüb, danışırlardı şövqlə xürrəm,
Bir-birinə baxırdı fəxriylə hər dəm.
Ayaq yalın, baş açıq, bir yetim möhnət ilə
Durub kənarda, ancaq baxırdı həsrət ilə.
Soluq-soluq o zavallı yetim çəkir idi ah,
Çocuqlar iştə bu məsumu gördülər nagah,
Yanaşdılar, onun əhvalına yanıb hamısı.
Səməd görür ki, yol ilə keçir onun babası,
Qaçıb dedi: – Babacan! Bu yetimə gəl bir bax,
Geyinmişik biz al-əlvan, o binəva çılpaq.
Gedib baba, şu yetimə libas alıb dərhal;
Geyib, zavallı qarışdı çocuqlara xoşhal.