Abdulla Şaiq – Tıq-tıq xanım (страница 3)
Səfalanıb dərə, bayır.
İnəklərim, ot otlayın,
Sabaha süd hazırlayın!
Sizi gözətləyir Fatı,
Əlində badya, həm çatı”.
PAYIZ GECƏSİ
Günəş saraldı, söndü,
Yavaş-yavaş büründü
Dumanlara çayırlar,
Dərə, dağlar, bayırlar.
Çökdü dərin qaranlıq,
Qaraldı həm ortalıq.
Qurd-quş daha əkildi,
Yuvasına çəkildi.
Yox səs-səmir bir yerdə,
Ancaq ki dərələrdə
Sular şırhaşır çağlar,
Səs verər qaya, dağlar.
PAYIZIN SON AYI
A bağça, barlı bağım,
Ay üzümlü çardağım!
Nə oldu, tez soldunuz,
Belə çılpaq oldunuz?
Qəmgin-qəmgin baxırsız,
Gizlin pıçıldaşırsız.
Halınız olmuş yaman,
Qırıb dağıdır xəzan.
Qış, deyəsən, yavuqdur,
Ah, üşüdük, soyuqdur.
Gedib geyim kürkümü,
İsti dəri börkümü,
Qalın hələ səlamət,
Bahara qalsın söhbət.
QUZU
Bir obada körpə quzu,
Mələr, mələr, qaçar düzü,
Anasın axtarar gözü.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.
Gün əyildi, çökdü duman,
Sürü qayıtdı otlaqdan;
Səs-küy ilə doldu hər yan.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.
Qoyunları çoban yığar,
Fatı xala gəlib sağar;
Quzum mələr, durub baxar.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.
Anasını quzum görər,
Ayaqların yerə dirər,
Məməsini tapıb əmər.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.
Quzum çıxdı göy otlağa,
Yanaşdı bir boz oğlağa,
Çıxdı onunla oynağa.
Dedim: – Qaçma, gözəl quzum,
Səni mən bəslərəm özüm.
OYAN, OĞLUM!
Ağıllı oğlum, oyan!
Qiymətlidir hər zaman.
Tez ol, dur, get məktəbə,
Sarıl elmə, ədəbə.
Səhər ziyandır yuxu,