Abdulla Şaiq – Tıq-tıq xanım (страница 13)
Arş irəli, durma saqın,
Var günəşə doğru axın.
Zülmət sönür, mənzil yaxın;
Biz sabahın rəhbəriyik.
Yürü, şərəf, şan ordusu,
Əmək və ürfan ordusu!
Sevimlidir şən yurdumuz,
Müzəffərdir gənc ordumuz,
Düşməndən yoxdur qorxumuz,
Qızıl əsrin ülkəriyik.
Yürü, şərəf, şan ordusu,
Əmək və ürfan ordusu!
Məktəbimiz ürfan bağı,
Əmək yurdu, nur ocağı,
Bilik, səadət qaynağı;
Biz inqilab ərləriyik.
Yürü, şərəf, şan ordusu,
Əmək və ürfan ordusu!
ANA YURDUM
Çöllərindir şən,
Hər yerin gülşən.
Sən nə gözəlsən,
Ey ana Vətən!
Bağdır, əkindir
Hər bir bucağın.
Qızıl təkindir
Sarı torpağın.
Böyütdün bizi,
Verdin qol-qanad.
Yoxdur qəm izi,
Şəndir bu həyat.
Qəlbim, canımsan,
Ey ana yurdum!
İsti qoynunda
Şən yuva qurdum.
Çöllərindir şən.
Hər yerin gülşən.
Sən nə gözəlsən,
Ey ana Vətən!
VƏTƏN NƏĞMƏSİ
Çağırır Vətən,
İstəyir kömək.
Onu düşməndən
Qorumaq gərək.
Kinlə kim ayaq
Bassa ölkəmə,
Bu şanlı torpaq
Batırar qəmə.
Bizim ölkənin
Şanlı əsgəri,
Dağlardan mətin
Polad səfləri.
Çağırır Vətən,
İstəyir kömək.
Onu düşməndən
Qorumaq gərək!
BAHAR
Sevin ey çöl, ey orman,
Artıq dəyişdi zaman;
Yox oldu qış, boran, qar,
Qonaq gəldi şən bahar.
Açdı yaşıl bir süfrə,
Şənlik çökdü çöllərə.
Göyərmiş göy səməni,
Səsi basmış ölkəni.