Abdulla Şaiq – Tıq-tıq xanım (страница 14)
TONQAL
Bir qırmızı güldür tonqal,
Bir dəstə sünbüldür tonqal.
Bağdan dərilmiş lalədir,
İçilməz al piyalədir.
Bir xonçadır al günəşdən,
Həyat gəlir bu atəşdən.
Nə gözəldir şən nəğməsi,
Ruha nəşə verir səsi.
ÖVLAD QAYĞISI
Uşaq idim, yadımdadır, yaz idi.
Şıltaqlığım cahana sığmaz idi.
Mənə hər şey verirdi nəşə, sevinc,
Quşlar etdikcə hər səhər vic-vic
Körpə köksümdə qəlbim oynardı;
Çünki coşqun məhəbbətim vardı.
Mənə quşlardı yazda əyləncə;
Bir divarda iki anaş sərçə
Yuva tikmiş, yorulmadan şən-şən
Çalışır; mən də qoymuram gözdən…
Quşlar artıq murada çatmış idi,
Bir kiçik ailə yaratmış idi.
Hər biri odlu şimşəyə dönərək,
Daşıyırlardı: tut, çəyirtkə, böcək.
Cik-cik etdikcə o şirin balalar
Verilirdi mənə bu dünyalar.
Qəlbimi ovlamışdı cik-ciklər,
Ürəyimdən keçirdi, ah, nələr!
Məni məşğul edən bu quşlardı,
Səsi gəldikdə qəlbim oynardı.
Ürəyimdə oyandı bir şölə,
İstədim onları keçirmək ələ.
Divara nərdivan uzatdım mən,
Quşları tez götürmək istərkən
Üzümə dəydi bir alovlu qanad,
Ata cik-cik edir, ana fəryad.
Həm də dimdikləyib vururdu məni,
Qoruyurdu balasını, Vətəni.
Heyrət etdim quşun cəsarətinə,
Həm bala, həm Vətən məhəbbətinə.
Alnımı basdı atəşin bir tər,
Ürəyimdən keçirdi, ah, nələr!
Döyünürdü o saf, kiçik ürəyim,
Qurumuşdu ağac kimi biləyim.
Bala eşqiylə çırpınan o ürək
Məni titrədirdi incə yarpaqtək.
Nərdivandan həmən yerə endim,
Öz işimdən özüm də iyrəndim.
VƏTƏN
Sən ey gözəl Vətənim,
Yurdum, yuvamsan mənim.
Səndə xoş ömür sürür
Sevilənim, sevənim.
Sənsən yanan çırağım,
Yurdum, yuvam, ocağım,
Havam, suyum, torpağım,
Bağım, tarlam, çəmənim.
Səni duymaz hər yetən,
Eşqin çıxmaz könüldən.
Böyük anam sənsən, sən!
Varlığımsan sən mənim.
Sənindir çarpan ürək,
Səndən doğar hər dilək,
Nə gözəlsən, nə göyçək,
Sən ey ana Vətənim!